«Azərbaycan»ın
çıxışını icra
hakimiyyəti dəstəklədi
Qəzetimizin 19 dekabr 2012-ci tarixli nömrəsində dərc edilmiş "Oxucu təklifini dəstəkləyirik" sərlövhəli yazıya Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev münasibət bildirmişdir. Aldığımız məktubu mətbuatla yerli hakimiyyət orqanlarının əməkdaşlığının müsbət nümunəsi kimi oxucularımıza təqdim edirik.
"Oxucu təklifini dəstəkləyirik" başlıqlı yazı çox mühüm, aktual, xalqımızın qan yaddaşı üçün dəyərli bir mövzuya həsr edilmiş, həyəcan təbili kimi səslənmişdir. 100 ildən çoxdur ki, qonşu sanıb güzəştlərə getdiyimiz erməni millətçiləri mərhəmətimizdən sui-istifadə edərək, bədnam cəllad qiyafəsində azərbaycanlılara qarşı saysız-hesabsız soyqırımı aktları törətmiş, kəndləri, şəhərləri yerlə-yeksan edərək, insanları, xüsusilə də qoca, qadın və uşaqlara rəhm etmədən diri-diri yandırmış, ağlasığmaz fiziki işgəncələrə məruz qoymuş, tarixdə misli görünməyən vəhşiliklər törətmişlər.
1988-1994-cü illərdə erməni faşistlərinin törətdikləri cinayətlərin sırasında Xocalı soyqırımı bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biridir.
Artıq proqressiv dünya ictimaiyyəti yaxşı bilir ki, tarixən heç zaman öz torpaqları, əraziləri olmayan ermənilər İrəvan xanlığına, Dağlıq Qarabağa və digər Azərbaycan torpaqlarına köçürülərək bu yerlərdə məskunlaşdıqdan sonra onları duz-çörəklə qarşılayan xalqımıza xəyanət etmiş, erməni dövləti yaratmaq iddiası ilə əsrlər boyu azərbaycanlıları ata-baba yurdlarından didərgin salmış, etnik təmizləmələr aparmışlar.
1918-ci ilin mart ayında Qubada törədilmiş erməni vəhşilikləri sovet dövründə ört - basdır edilsə də, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalqımız bu qaranlıq səhifələrin arxasında gizlədilən faciələrdən danışa bildi. Həmin hadisələr zamanı Bakıda, Şamaxıda, Lənkəranda və digər bölgələrimizdə Stepan Şaumyanın rəhbərliyi altında kütləvi qırğınlar və talanlar törədilmişdi. Yalnız Quba qəzasında 16 mindən yuxarı dinc və günahsız əhali ağlasığmaz işgəncələrlə qətlə yetirilmiş, 122 kənd talan edilib yandırılaraq külə döndərilmişdi. Bu barədə arxiv sənədlərində təkzibolunmaz faktlar mövcuddur.
Erməni cəlladlarının Qubada törətdikləri vəhşiliklər faşizmin bəşəriyyət üçün nə dərəcədə təhlükəli olduğunu bariz şəkildə sübut edir. Bir neçə il öncə Quba şəhəri ərazisində aşkar edilmiş kütləvi məzarlıq erməni vandallarının qəddarlığını isbat edən danılmaz tarixi faktdır.
Unutqanlıq tariximizə zərbədir. Bu baxımdan qəzetinizdə dərc olunan məqalədə olduqca mühüm məsələlərə toxunulduğunu xüsusi qeyd etmək yerinə düşərdi. Quba rayonu ərazisində yandırılan, qarət olunan kəndlərin sayı çox olsa da, təəssüf ki, onların adları nəinki rayonumuza gələn turistlərə, hətta yerli sakinlərin də əksəriyyətinə məlum deyil.
Biz erməni cəlladlarının cinayətlərini əks etdirən "31 mart - Azərbaycanlıların soyqırımı abidə-kompleksi" və "Şəhidlər xiyabanı"nda anım mərasimləri keçirir, rayonumuzda seminarlar, mühazirə saatları, veteranlarla görüşlər təşkil edir, gəncləri ordu sıralarına məhz kütləvi məzarlığı, soyqırımı abidə-kompleksini və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra yola salırıq.
Rayon icra hakimiyyəti Qubanın girəcəyində tağ kompleksində ümumu lövhədə erməni faşistlərinin divan tutduğu 122 kəndin siyahısını, hər kəndin girəcəyində isə burada 1918-ci ildə törədilən ağır cinayətlər barədə qısa məlumatları əks etdirməyi nəzərdə tutmuşdur. Bu lövhə və stendlərin üzərində "Sayıq olun, bu vəhşiliklər davam edə bilər!" şüarı da yazılacaqdır.
Belə
düşünürük ki, erməni faşizminin mahiyyətini
və məkrli niyyətlərini elektron mediada, digər
kütləvi informasiya vasitələrində, rayon, ölkə
və beynəlxalq miqyaslı tədbirlərdə ifşa etməyə yönələn
təbliğatın ana xəttini Azərbaycan gəncliyinin
yaddaşında və dünyanın mütərəqqi
qüvvələrinin şüurunda insanlığa
qarşı törədilən cinayətlərin, genosid
aktlarının unudulmaması və cinayətkarların
yüz ildən, min ildən sonra belə cəzasız
qalmaması ideyası təşkil
etməlidir. Kimsə erməni faşistlərinin törətdikləri
cinayətlərin cəzasız qalacağına şübhə
etməməlidir. Erməni təbliğat
maşını artıq dünya miqyasında iflasa
uğramaqdadır. Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin və ölkənin birinci xanımı
Mehriban Əliyevanın beynəlxalq aləmdə bu istiqamətdə
gördüyü böyük işlər müsbət nəticələr
verir, erməni təbliğat maşını
ömrünü başa vurmuş köhnə mexanizm kimi məhv
olmaqda, çürüməkdədir. Haqqın, ədalətin
və dünyəvi sülhün bərqərar olması
üçün erməni faşist ideologiyası məğlub
edilənədək, işğal olunan torpaqlar qaytarılanadək
bütün istiqamətlərdə mübarizəmizi sonadək
davam etdirməliyik. Bizim dövlətimiz bayrağını
qaldırdığı gündən sülhə, əmin-amanlığa,
dövlətlərin konstruktiv və dinc əməkdaşlığına
üstünlük verib. Ölkəmiz müharibə şəraitində
olmasına baxmayaraq, bölgədə liderə
çevrilmiş, Qafqazda sülhün qarantı kimi
çıxış edən güclü dövlətdir. Azərbaycanın
hərbi qüdrəti istənilən müstəvidə
faşist ideologiyası ilə öz xalqını zəhərləyən
erməni millətçilərini və onları uçuruma
sürükləyən hərbi caniləri ordusu ilə birlikdə
cəzalandırıb məğlub etməyə
hazırdır ".
Azərbaycan.-2013.- 29 mart.- S.4.