Dövlət İdarəçilik Akademiyası Beynəlxalq İdarəetmə İnstitutuna üzv qəbul edilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Beynəlxalq İdarəetmə İnstitutuna üzv qəbul edilmişdir.

Dövlət İdarəçilik Akademiyasından AzərTAc-a bildirmişlər ki, bu barədə qərar 2013-cü ilin martında qurumun Brüsseldə yerləşən baş qərargahında qəbul edilmişbaş direktor Rolet Loretanın imzası ilə DİA-ya rəsmi məktub göndərilmişdir.

Dünyanın bir çox nüfuzlu dövlət idarəetmə akademiya və institutlarını birləşdirən qurum idarəçilik sahəsində çevik mexanizmin yaranması, idarəetmədə innovativ metodların işlənməsi, demokratik dəyərlər, sivil-hüquqi dövlət quruculuğu, qloballaşma dövründə inteqrasiya prosesinin inkişafında elm və təhsil müəssisələrinin rolunun daha da gücləndirilməsi və digər mühüm missiyanı əhatə edir. Azərbaycandan bu beynəlxalq quruma ilk olaraq Dövlət İdarəçilik Akademiyası üzv qəbul edilmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sürətli inkişafın baş verdiyi hazırkı vaxtda cəmiyyətin sosial-iqtisadi tərəqqisində, davamlı inkişafa zəmin yaradan biliyin formalaşmasında elmin, təhsilin müstəsna roluna göstərilən diqqət Azərbaycanın müasir dünyaya inteqrasiya prosesinin tərkib hissəsidir.

Bu prioritetləri nəzərə alaraq DİA-nın tərəfdaşlıq əlaqələrinin genişləndirilməsindəki məqsədi elmə söykənən, bilik iqtisadiyyatının idarə edilməsi istiqamətində təcrübə tərəfdaşlıqlarını genişləndirmək, innovasiyaları təbliğ etmək, yeni nəsil tərəfdaşlıq modelini hazırlamaq məqsədi daşıyır.

DİA Beynəlxalq İdarəetmə İnstitutunun üzvü kimi bundan sonrakı fəaliyyətində də əsas diqqəti elm, təhsil, eləcə də bilik və bacarıqların təkmilləşdirilməsi, onların qarşılıqlı faydalı mübadiləsinə töhfə verməyə yönəldəcəkdir.

 

 

Azərbaycan.-2013.- 29 mart.- S.4.