Ermənistan xaos dövrünü yaşayır
Parlament binasında baş
vermiş yanğın hakimiyyətəqarşı
mübarizənin daha da kəskinləşməsinə
işarədir
Ermənistanda cari ilin fevral ayında
keçirilən prezident seçkilərindən sonra
müşahidə olunan ən böyük problemlərdən biri
də bu ölkədə parçalanma prosesinin sürətlənməsidir.
Siyasi ekspertlər KİV-lərə
verdikləri açıqlamalarda bildirirlər ki, bu prosesin
xüsusilə son aylarda daha da dərinləşməsində
əsas səbəb Ermənistanın vahid milli
maraqlarının olmaması, ölkənin taleyinə təsir
edən məsələlərə müxtəlif
yanaşmaların mövcudluğudur. Bu, istər ölkə
daxilində, istərsə də xaricdə, o cümlədən
Avropa Şurasında Ermənistana qarşı
formalaşmış münasibətlərə baxışda
özünü əyani şəkildə büruzə verir.
Ermənistanda
seçkilərdən sonrakı siyasi gərginlik hadisələrin
daha da dərinləşməsinə gətirib
çıxarıb. İrs partiyasının rəhbəri
Raffi Ovannisyan başda olmaqla, müxalif qüvvələr məqsədlərinə
çatana, yəni Serj Sarkisyanı hakimiyyətdən kənarlaşdırana
qədər mübarizə aparmaq niyyətindədirlər.
Raffi
Ovannisyanın Yerevan Opera Teatrının
qarşısındakı meydanda prezident seçkilərinin nəticələrinin
saxtalaşdırılmasına etiraz əlaməti olaraq
aclıq aksiyasını davam etdirdiyi bir vaxtda ona qarşı
sui-qəsd olunduğu bildirilir. Prezidentliyə sabiq namizədin
seçki qərargahı Ovannisyanın həyatına sui-qəsd
cəhdi ilə bağlı bəyanat yayıb. Bəyanatda
bildirilir ki, aclıq aksiyasının keçirildiyi meydanda bir
nəfər naməlum şəxs qışqıraraq
Ovannisyanın çadırına yaxınlaşmağa
çalışıb, lakin sabiq namizədin tərəfdarları
buna imkan verməyiblər. Bəyanatda deyilir ki, biz polisdən potensial qatilin şəxsiyyətini
müəyyənləşdirməyi və ona qarşı
qaldırılacaq cinayət işi ilə bağlı ictimaiyyəti
məlumatlandırmağı tələb edirik.
Raffi
Ovannisyan isə bu hadisə ilə bağlı verdiyi
açıqlamada qeyd edib ki, aksiyanı Serj Sarkisyanın
andiçmə mərasiminə - aprelin 9-dək davam etdirəcək:
"Məni bu yoldan heç bir qüvvə döndərə
bilməz. Hətta ölümlə
belə hədələyərək
məni bu yoldan çəkindirə bilməyəcəklər.
Serj Sarkisyan dəfələrlə müraciət edərək
məni aclıq aksiyasını dayandırmağa
çağırıb. Lakin mən ölkənin
azadlığı uğrunda canımı belə verməyə
hazıram".
Prosesin
bu səpkidə cərəyan etdiyi bir vaxtda Yerevanda daha bir
maraqlı hadisə qeydə alınıb. Yerli mətbuatın
verdiyi xəbərə görə, parlament binasında
yanğın baş verib. Rəsmi açıqlamada,
yanğının binanın hansısa mərtəbəsində
yığılmış kağız parçalarının
alışması nəticəsində qeydə
alındığı bildirilir. Hadisə nəticəsində
xəsarət alan olmayıb.
Qeyd
edək ki, bu, son bir neçə gündə parlament
binasında qeydə alınan ikinci hadisədir. Xatırladaq
ki, bir neçə gün öncə 25 yaşında Vrej
Qalistiyan adlı bir gənc soyuq silahla (bıçaq) parlament
binasına girməyi bacarmış, lakin təhlükəsizlik
xidmətinin əməkdaşları həmin gənci
ayağına atəş açmaqla dayandıra bilmişlər. Bütün bu hadisələr isə
onu deməyə əsas verir ki, artıq ölkədəki
insanların iqtidarın
yürütdüyü siyasətə inamı və
dözümü qalmayıb. Parlament binasında baş
vermiş bu hadisələr
hakimiyyətə qarşı mübarizənin daha da kəskinləşməsinə
işarədir.
Ümumiyyətlə,
bu gün Ermənistanda
müxalif qüvvələrin və Serj Sarkisyan
iqtidarının həyata keçirdiyi siyasətdən
narazılıq ifadə edənlərin etirazları
ümumilikdə ölkə daxilində cərəyan edən
hadisələrə təsirsiz ötüşmür və cəmiyyətlə
hakimiyyət arasında yaranmış uçurumu daha da dərinləşdirir.
Hətta ekspertlər bildirirlər ki, iqtidarla opponentləri, eləcə
də xalq arasında münasibətlər və hadisələrin
inkişafına baxış antaqonist xarakter alıb. Elə bu
məqam da Ermənistan cəmiyyətində
parçalanmanın əsasının qoyulmasında əsas
rol oynayır. Belə vəziyyətdə isə Ermənistan
politoloqları ölkənin müstəqilliyinin də təhlükə
altına düşməsi barədə həyəcan təbili
çalırlar.
Ermənistanda
yaşanan bu problemlə yanaşı, digər diqqətçəkən
məqamlar da var. Onsuz da öz iqtisadi tempinə görə
keçmiş postsovet ölkələrindən geridə qalan
işğalçı ölkədə məhdud sayda fəaliyyət
göstərən istehsal müəssisələri həm
qlobal iqtisadi böhran, həm də daxildə baş verən
siyasi qarşıdurma nəticəsində daha sürətlə
sıradan çıxmağa başlayıb. İndi belə
müəssisələrin böyük əksəriyyəti ya
fəaliyyətini dayandırır, ya da özlərinin
müflis olduğunu elan etməyə hazırlaşır.
Bütün bunlar isə öz növbəsində Ermənistanın
dövlət olaraq mövcudluğunu davam etdirəcəyinin
inandırıcı görünmədiyini söyləməyə
əsas verir.
Elçin CƏFƏROV
Azərbaycan.-2013.- 29 mart.- S.4.