Bayram günlərində «Şahdağ» Qış-Yay Turizm Kompleksində 10 mindən çox turist dincəlmişdir

 

Bayram günlərində Qusar rayonunda yerləşən "Şahdağ" Qış-Yay Turizm Kompleksinə gələnlərin sayı artmışdır. APA-nın yaydığı məlumata görə, bayram günlərində kompleksdə 10000-dən çox yerli və xarici turist olmuşdur.

Məlumatda bildirilir ki, hazırda kompleksin 10 faizində işlər yekunlaşıb. Mərkəzdə 80 nəfərlik hotel, restoran, bar və idman zalları da fəaliyyət göstərir. Bundan başqa, müxtəlif xizəksürmə vasitələrinin və geyimlərinin satıldığı mağaza da turistlərin ixtiyarındandır. İstirahət mərkəzində turistlərə xizək sürmək üçün təlimat verən 14 müəllim var. Mərkəzdə 24 saat tibb məntəqəsi fəaliyyət göstərir. "Şahdağ" Qış-Yay Turizm Kompleksi yay fəslində də turistləri qəbul edəcək. Belə ki, yayda mərkəzdə atçılıq və dağ velosiped idman növünün, eləcə də motosiklet yarışlarının təşkili nəzərdə tutulub. Həmçinin iyunda kompleksə daxil olan 364 nəfərlik 4 ulduzlu "Şahdağ Resort SPA" hotelinin açılışı gözlənilir.

Xatırladaq ki, "Şahdağ" Qış-Yay Turizm Kompleksinin inşasına bir neçə il əvvəl başlanılıb. Kompleksin tikintisinə nəzarəti həyata keçirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin tərkibində müvafiq müdiriyyət yaradılıb. İnşaat işlərində dünyanın aparıcı şirkətləri iştirak edib. Kompleks rayon mərkəzindən 32 km məsafədə yerləşir. Ümumi ərazisi 2058 hektardır və ekoloji sistemi, təmiz flora və faunası ilə məşhur olan Şahdağ Milli Parkının ərazisində yerləşir. Kompleks dəniz səviyyəsindən 1300-2351 metr hündürlükdədir. Əsas hissəsi dəniz səviyyəsindən 1640 metr hündürlükdəki təbii yaylaqda yerləşən turizm kompleksini xarici kommunikasiya ilə təmin etmək üçün bir sıra obyektlərin inşası nəzərdə tutulub. Bura 35 kilometrlik kanalizasiya sistemi, təmizləyici qurğusu olan içməli su kəməri, 29 kilometrlik fiber-lifli rabitə xətti, 31 km uzunluğunda 110 kV-luq elektrik xətti, 35,7 kilometrlik orta təzyiqli qaz kəməri daxildir. İkinci mərhələdə isə 10-14 nömrəli kanat yollarının, qolf meydançası və restoranı olan klubun, 4 ulduzlu mehmanxananın, heyət üçün binanın, xırda mehmanxanaların, pansionat və idman qurğularının daxil olduğu "Şahdağ" Gənclər Mərkəzinin, 900 nömrəlik "Relaks" mehmanxana şəbəkəsinin, at fermasının, 200 nəfərlik diskoteka binasının tikintisi nəzərdə tutulur. Üçüncü və dördüncü mərhələdə yol, istirahət və əyləncə yerləri şəbəkələrinin genişləndirilməsi planlaşdırılır.

 

 

Azərbaycan.-2013.- 29 mart.- S.5.