Qanad çalan mahnılar

 

Ətrafa yayılan xoş musiqi sədaları sanki Vətən küləklərinə bənzəyirdi. Saçları oxşayan meh kimi bu məlahətli melodiyalar könlümüzü sığallayırdı. "Azərbaycan bayrağı" adlanan mahnıdan ruhumuza bir qürur, əzəmət hissləri süzülürdü: "Türklüyün yenilməz dəyanətisən, zirvələr fəth edən gözəl bayrağım". Gözlərimiz önündə Vətənimizin hər yerində dalğalanan üçrəngli bayrağımızın iftixar doğuran məqamları canlanırdı. Bayraq meydanı, dünyanın ən hündür bayrağı məhz Bakıda ucalıb. Bu fərəhli duyğuların içində bir nisgil də dilə gəlir. Gün o gün olsun ki, müstəqilliyimizin və dövlətimizin rəmzi olan üçrəngli bayrağımız işğaldan azad ediləcək torpaqlarımızda dalğalansın. O gün Şuşada, bütün Qarabağda üçrəngli bayrağın sancılacağı yerə biz pir, ocaq, ziyarətgah deyəcəyik. Elə bu duyğularla çırpındığımız bir vaxtda diktor yenə də elan etdi: "Mübariz". Musiqisi Novruz Aslanındır. Oxuyur Nisə Qasımova". Sanki bir döyüş səhnəsinin şahidi olduq. Xalqımızın igid oğlu Mübariz İbrahimovun torpaq uğrunda, Vətən naminə quldur erməniləri necə məhv etdiyinin, onların vəhşiliyinə qarşı necə qəhrəmanlıq göstərdiyinin ürəyimizdə yaratdığı qürurun ifadəsi çox çətindir.

Müasir mahnı janrının inkişafında öz dəst-xətti və xidməti olan Novruz Aslanın bəstələri illərdir ki, konsert salonlarında, ekran və efirdə səslənməkdədir. 50-dən artıq mahnının müəllifi olan bəstəkar müxtəlif şairlərin yaradıcılığına müraciət edərək, sözün əsl mənasında, gözəl, əbədiyaşar, dinləyiciyə xoş təsir bağışlayan, yaddaqalan, mənalı və məzmunlu sözlərə musiqi həyatı verib. Vətən, təbiət, ana, məhəbbət, uşaq və s. mövzularda bəstələnən mahnıların ahəngindəki ifadəlilik, coşqu diqqət çəkir.

Atası Davud Aslan ixtisasca müəllim idi. O, ömrü boyu məktəbdə çalışsa da, bədii yaradıcılıqla da müntəzəm məşğul olub. Davud Aslan neçə-neçə kitabın müəllifi, dramaturq kimi tanınıb sevilmişdi. Onun Azərbaycan ədəbiyyatına bəxş etdiyi əsərlər hər zaman qiymətli və aktualdır. Uzun müddət "Kirpi" jurnalı ilə etdiyi əməkdaşlıq onu satirik bir şair kimi oxuculara tanıtdı. Hətta Mirzə Ələkbər Sabir haqqında ilk dram əsəri yazan da məhz Davud Aslan olub. Rejissor Mərahim Fərzəlibəyovun quruluşunda səhnə həyatı almış "Dindirir əsr bizi..." pyesi (1995) həm tamaşaçılar, həm də mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdi. 1963-cü ilin martında məhz belə bir mühitdə - yaradıcı ziyalı ailəsində doğulan Novruz Aslan əslində tamam başqa bir sahədə çalışsa da, amma yaradıcılığa, ədəbiyyata, poeziyaya, musiqiyə məhəbbətinin, bağlılığının olması təbiidir.

Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti olan Novruz Aslan 2005-ci ildən Milli Məclisin deputatıdır. Çalışdığı sahə ilə əlaqədar elmi, kütləvi kitabların müəllifidir. Respublikanın siyasi, ictimai həyatındakı xidmətlərinə görə bir sıra mükafatlara layiq görülüb. Bioqrafiyasındakı təltiflərin hamısı ona əzizdir. Amma onun üçün 2005-ci ilin fevralında Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən aldığı "Tərəqqi" medalı və 2010-cu ildə layiq görüldüyü "Vətənə xidmətə görə" ordeni daha böyük önəm daşıyır.

Bu yazımızda Novruz Aslanın nə Milli Məclisdəki, nə də Qızıl Ayparadakı fəaliyyətindən, ölkənin ictimai-siyasi həyatındakı rolundan, insanlara göstərdiyi diqqətli münasibətdən söz açırıq. Diqqətimizdəki başqa məziyyətidir. Novruz Aslan həm də bəstəkarlıq fəaliyyəti ilə məşğul olan çox məhsuldar, yaradıcı bir insandır. İllərdir ki, onun musiqi libası geydirdiyi sözlər oynaqlığı, qəlbəyatımlığı və ifadəliliyi ilə könüllərə yol tapıb. Ruhundan, duyğularından notlaşan musiqiləri bəyənilməkdə və sevilməkdədir. Azərbaycanın tanınmış müğənniləri böyük məmnunluqla, məharətlə, həvəslə bu bəstəkarın mahnılarını ifa edirlər. Bu, faktdır ki, müəllifin mahnı janrının xiti olan bəstələri dillər əzbərinə çevrilib. Təkcə elə onların adlarını çəkmək yetər ki, o məşhur musiqilərin təsiredici, düşündürücü ahəngi bizi öz cazibəsinə salmasın. Məsələn, "Ay Qaragilə", "Sarı gəlin", "Payıza qoşulub gedəcəyəm", "Gözlər", "Neyləyim" və s.

 

Bu şəhər özgədir, qərib gəlmişik,

Dolanbac yollarda itib gəlmişik,

Bizə qismət qəhət, heç bilməmişik,

Sonda duyan oldu, ay Qaragilə.

 

 Musiqisi Novruz Aslana, sözləri Sona Vəliyevaya məxsus olan bu mahnının bütün bəndləri adamın iliyinə işləyir. Bu bir məhəbbət mahnısı kimi yazılsa da, əslində müğənninin avazında, musiqinin ahəngində, sözlərin nisgilində Vətən həsrəti duyulur. İnsan üz tutduğu şəhərə qərib gəlirsə, demək, onun qəlbində bir yurd intizarı var, doğulduğu ocağın həsrəti közərir. Buna görə də "Ay Qaragilə" mahnısı kəsb etdiyi mənasına görə məhəbbət şərqiliyindən çıxaraq bir Vətən nəğməsinə çevrilib. Bu mahnının sonunda sanki dinləyici müğənniyə qoşulub "Vətən, hey" harayı çəkmək istəyir. Mahnının da təsiri, gücü ondadır ki, onu dinləyən ovqatına görə yozum apara bilir.

Müğənni Təranə Vəlizadə Novruz Aslanın "Sarı gəlin" adlı bir mahnısını çox məlahətlə, eyni zamanda qəribə harayla - bəlkə də daha çox etirazla, etirafla dilə gətirir:

 

"Qarabağın maralı"na bacısan,

Şuşa dağlarının şən "Turacı"san.

Millətimin ürəyisən, canısan,

Sən axı bizimsən, ay "Sarı gəlin".

 

Bəllidir ki, torpağımıza göz dikmiş ermənilər milli sərvətimizi talamaqdan, oğurlamaqdan doymaq bilmirlər. Xislətlərinə xas olaraq təkcə maddi sərvətlərimizi deyil, musiqimizi, mətbəximizi qamarlamaqda bu gün də davam edirlər. Qədim xalq mahnısı olan "Sarı gəlin"i də öz adlarına çıxarmaq cəhdindən hələ də əl çəkmirlər. Bu mənada bəstəkarın "Sarı gəlin" adlanan mahnısında bir etiraz səsi ucalır, yalanı doğru ilə kəsmək istəyi var. Xüsusilə də müğənni xanım onu elə ürəkdən və təsirli oxuyur ki, adamın içi odlanır. Bəli, sən həqiqətən də bizimsən, "Sarı gəlin". Yağıların sahib durmaq istədikləri sərvətlər haqqında hər bir yaradıcı insan öz münasibətini bildirməlidir. Tarixi faktlara və məntiqə söykənərək sübut etməlidirlər ki, qonşuların oğurlamaq istədiyi bu incilərin əsl sahibi kimdir?! "Sarı gəlin"də bir dənə də olsun erməni ifadəsi, sözü yoxdur, amma utanıb-qızarmadan "Sarı gəlin" nəqəratını durmadan təkrarlayan erməni "axçik"i və yaxud da "dığa"sından soruşmaq gərəkdir ki, yaxşı, mahnı sənindir, bəs niyə bizim dildə oxuyursan? Bu sözün cavabını əslində böyük rus şairi A.S.Puşkinin ermənilərə ünvanladığı məşhur ifadədə tapmaq olur. Bizdən asılı olan isə odur ki, üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirək.

Radio və televiziya dalğalarında bəstəkarın tez-tez səslənən və sevilən mahnılarından biri də "Narın yağış" adlanır. Əsl ovqat mahnısıdır. Qəribədir ki, bu mahnını dinləyən onu öz yaşına uyğun şəkildə qəbul edir. Sevənlər üçün bir görüş mahnısıdır. Ömrün qürub çağını yaşayanlar isə sanki onun musiqisinin ahəngində, sözlərinin təsirində ötənlərə boylanır, öz-özünə bir hesabat verir. Sanki bu yağışın seli-suyu ötən günləri geri qaytaracaq:

 

Bulud buluda sevgili,

Şimşəyin odu sönübdü.

O qızın gözü göy üzü,

Narın yağışa dönübdü.

 

Müğənni oxuduqca adamın gözləri qarşısında tənha bir qoca canlanır. Bəlkə sənə möhtacdı? Amma köməyə yetə bilmirsən. Aranı dağlar kəsib, düşmən yolu yağmalayıb. İçin-için odlanırsan. Hər tərəf yaşdı, sudu. Amma sənin cızdağın çıxır. Elə bil o leysanın yox, odun içinə düşürsən. Görəsən, o yurd yerindəki evimiz dammır ki? Bu yağış xatirələri oyadır, kirpiklərimiz şeh çəkir, uyğusu dağıdılmış məzarlar yada düşür.. Budur mahnının əzəməti, qüdrəti. Söz də mənalıdır, musiqi də təsirlidir, müğənni də qeyri-adi ifa edir.

Novruz Aslanın bütün mahnıları gözəldir. Hər birinin haqqında saatlarla danışmaq mümkündür. Bizə xoş gələn odur ki, bəstəkar musiqi libası biçəcəyi sözü seçməkdə mahirdir. Bu səbəbdən də mahnıları qəlblərə yol tapır, sevilir. Onun üçün şeir müəllifinin kim olması yox, sözlərin, misraların bədii tutumu, mündəricəsi, mənası, yeni ifadə tərzi vacibdir. Bu səbəbdən də musiqi həyatı verdiyi sözlərin müəllifləri arasında tanınmışlar da var, həvəskarlar da. Əsas odur ki, sözlə musiqi bir-birini tamamlaya bilib. Hər bir mahnının da öz taleyi var. Dəbə düşür, unudulur, dəfələrlə ifa olunur. Elə mahnılar da var ki, o, bəstəkarın yaradıcılığında ümumi olaraq bir nəqərata çevrilir, yəni həmin müəllifin adı çəkilən kimi yada ilk olaraq o mahnı düşür. Bu mənada "Ay Qaragilə" və "Sarı gəlin" mahnıları Novruz Aslan yaradıcılığının zirvələrindəndir. Xüsusilə də "Ay Qaragilə"nin ahəngindəki sevginin qüdrəti hər kəsi məftun etməyə bilmir:

 

Gözümdən alışan kədərə neynim,

Mən hicran danışan qədərə neynim,

Puç olan ömürə, hədərə neynim,

Eşqin dastan oldu, ay Qaragilə.

 

İstər-istəməz unudulmaz müğənni Rübabə Muradovanın dərin kədər və xiffətlə oxuduğu xalq mahnısı "Qaragilə" yada düşür. Təkcə nəsillər bir-birini əvəz etmir ki?! Mahnıların taleyində də bu ardıcıllıq var. Onun müəllifləri unudulur, amma söz və musiqi illərin dizini yerə qoyur, əsrdən-əsrə keçir, yaşayır, nəhayət, milli sərvətə çevrilir.

Ömrünün 50-ci baharını tamamlayan Novruz Aslana yaradıcılıq uğurları diləməklə bərabər, arzulayırıq ki, duyğularından, ruhundan süzülən musiqilər seçdiyi sözlərin boyuna həmişə dürüst biçilsin. Bu ünsiyyətin, bu vəhdətin diktəsi isə yaranan hər bir əsərə əbədi yaşamaq hüququ verir. Bugünkü şou meydanlarında baş alıb gedən şitlik, duzsuz sözlərə yazılmış musiqilər tamaşaçını bezdirir. İllərdir ki, gülüstanımızı bürümüş bu alaqların təmizlənməsi üçün nə qədər tənqidi yazılar qələmə alırıqsa, fərq etmir. Səviyyəsiz, dəyərsiz, ancaq gurultu və qışqırtıdan ibarət olan bu hay-küy azalmaq bilmir. Mütəxəssislər də, sənət xiridarları da indi bu fikirdədirlər ki, gücsüzün qarşısında güclü olmalısan! Pisin qarşısında yaxşı dayanmalıdır! Nəhayət, nümunədən ibrət götürülsün! Səviyyəli tamaşaçı, dinləyici yaxşını pisdən özü ayıra bilsin! Nə xoş ki Novruz Aslan kimi müasir bəstəkarların mahnılarını eşitdikcə sənət və söz sərraflarının var olduğuna inanırsan!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 29 mart.- S.6.