«YARAT!» Müasir
İncəsənət Məkanı məşhur gürcü rəssamı Mamuka Caparidzenin ustad sinfinin
iştirakçılarının sərgisini təqdim
etmişdir
"YARAT!"
Müasir İncəsənət Məkanı "Art
Villa" sərgi salonunda məşhur gürcü rəssamı
və kuratoru, 48-ci Venesiya Biennalesinin
iştirakçısı Mamuka Caparidzenin ustad sinfinin
iştirakçılarının "Reflection" adlı sərgisini
təqdim etmişdir.
"YARAT!"
Müasir İncəsənət Məkanının maarifləndirici
proqramı çərçivəsində təşkil edilən
sərgi özündə "shadow hunting" metodunun tətbiqi
ilə gipsdən hazırlanan kompozisiyalar, foto və
videoları cəmləşdirmişdir. Sərginin
qonaqlarına nadir imkan - ağacların "gözlər"inə
baxmaq və istəyə uyğun olaraq moruq kolunun əkilməsində
iştirak etmək imkanı verilmişdir.
Layihənin iştirakçıları Səyyarə Nemətova, Nigar Əlişova, Səbinə Abbasova, Fidan Abdullazadə, Aysel Nağıyeva, Əbülfəz Əliyev, Nərgiz Məmmədova, Diana Əliyeva, Olqa Martınova, Ülvi Mehdi, Samirə Səfixanova, Nazlı Orucova, Nəzrin Xəlilova, Məmməd Rəşidov, Zərifə Məmmədova, Fəridə Rəcəbova, Aysel Əmirovadır.
Layihənin sponsoru Azərbaycan Gənclər və İdman Nazirliyidir. Texniki dəstək isə Mədəniyyət və Turizm, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinə məxsusdur.
2011-ci ildə gürcü rəssam və performansisti Mamuka Caparidzenin Tbilisidə yerləşən Müasir İncəsənət Mərkəzinin təşkil etdiyi qeyri-rəsmi təhsil proqramlarının iştirakçıları üçün açıq təcrübi dərslərin keçirilməsi məqsədilə yeni bağın salınması fikri yaranmışdı. Hazırda artıq mövcud olan və "Açıq sahədə akademiya" adlanan bağda tələbələr bir çox mədəniyyət təşəbbüslərinin həyata keçirilməsi ilə məşğuldurlar.
"Açıq sahədə akademiya"nın əsas məqsədi şagirdləri ətraf mühitin problemləri və ekoloji siyasətin prinsipləri ilə tanış etməkdir. Təlim kursunun əsas istiqaməti - yaradıcı ünsürlə orqanik fermerçiliyin prinsiplərinin birləşdirilməsi, ekoloji məsələlərə yeni ideyaların gətirilməsi və bu məsələlərin şövqləndirilməsidir. Akademiyanın müəllimləri var gücləri ilə dünyanın bədii cəhətdən dərk edilməsinin sərgi salonlarının hüdudlarından kənarda bərqərar olmasına çalışırlar.
"Açıq sahədə akademiya"da daim rəssamlarla, ümumiyyətlə, incəsənətin müxtəlif sahələrini təmsil edən peşəkarlarla qeyri-rəsmi görüşlər keçirilir. Hər belə seminar zamanı yeni mətbəx təcrübəsi təqdim edilir - sağlam və qeyri-adi qida bişirilib hazırlanır.
Akademiyanın bütün seminarları və tədbirləri təbiət qoynunda təşkil olunur. Musiqiyə qulaq asmaq, meşə gəzintiləri, bitkilərin və göbələklərin öyrənilməsi, ağacların əkilməsi, istixanaların və səyyah mətbəxinin qurulması təhsil proqramının hissələridir.
Mamuka
Caparidze hazırda həm Tbilisidə, həm də
Böyük Britaniyada yaşayıb çalışan
gürcü rəssamıdır. O, öz
yaradıcılığında müxtəlif texniki
üslublardan və özünüifadə metodlarından
geniş istifadə etməklə sonradan aksiyalar, performans, sərgilər
və instalyasiyalar vasitəsilə təqdim olunan əsərlərdə
sözləri və sədanı tətbiq edir. Rəssam əşyaların
mövcudluq formalarını onların olduğu məişət-istifadə
kontekstindən kənar, məkan və zaman çərçivələrində
axtarmaqdadır.
Mamuka
Caparidze Gürcüstanı 48-ci Venesiya Biennalesində təmsil
etmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 29 mart.- S.6.