«Vahid namizəd» məsələsi
«müttəfiqləri» düşmənə çevirir
Eldar Namazovun
"dəstəsi" ilə Əli Kərimli, İsa Qəmbər və onların yaxın əhatəsi
arasında qızışan "birincilik
savaşı" bu şəxslərin əsl
simasını bir daha
cəmiyyətə göstərir
Azərbaycanın bölgənin faktiki güc mərkəzinə çevrilməsi ilə heç cür barışmayan antiazərbaycançı şəbəkə narahatlığını gizlədə bilmir, ölkəmizə qarşı "təzyiq rıçaqları" axtarmağa çalışır. Bu antimilli qüvvələr ölkədə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının yaxşılaşmasını qətiyyən arzulamır, hansısa süni problemlər uydurmaqla bundan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Belə uğursuz cəhdlər isə ancaq bumeranq effekti verə bilər.
Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, iğtişaşlar törətməyə hazır olan ifrat radikal müxalifət seçki öncəsi yenə də fəallaşıb. Bu dağıdıcı qüvvələrin xaricdən aldıqları "əmr" müqabilində hərəkət etdikləri birmənalı şəkildə məlumdur. Partiyaları daxilində demokratiyaya əməl edə bilməyən, qarşıdurmalar, intriqalar yaradaraq bundan öz maraqları naminə istifadə edən "beşinci kolon" təmsilçilərinin iç üzünü xalq yaxşı tanıyır. Bu düşərgə təmsilçiləri zaman-zaman "birlik" görüntüsü yaratmağa çalışsalar da, "vahid namizəd" məsələsinin gündəmə gəlməsi ilə parçalanırlar. Bu dəfə də ifrat radikal düşərgədə "birincilik" iddiasının ortaya çıxması ilə qarşıdurma artıb.
Reneqat Eldar Namazovun "El" hərəkatının yarandığını elan etməsi ilə bir vaxtda düşərgədə özünün daha şanslı namizəd olduğunu da bəyan etməsi Müsavat başqanı İsa Qəmbərdə və AXCP sədri Əli Kərimlidə böyük şok yaratdı. Bununla da radikal düşərgədə "birincilik" uğrunda mübarizə yeni müstəviyə keçdi. Bu şəxslər arasında qarşılıqlı kompromatların dərinləşməsi, bir-birlərinin siyasi keçmişləri barədə məlumatları mətbuat səhifələrinə çıxarmaları vəziyyəti daha da dramatikləşdirdi.
İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov arasında qeyri-səmimi əməkdaşlığın və saxta müttəfiqliyin olduğu bununla da təsdiqləndi. İsa Qəmbər nəzarətində olan mətbuat orqanları vasitəsilə "El"ə qarşı "cihad" elan edərək onları "köhnələrin yeni qurumu" adlandırdı. Bununla yanaşı, Müsavat başqanının digər müxalifət partiya rəhbərlərinə "seçkilərə partiyanın namizədi kimi qatılacağam, vahid namizəd məsələsi artıq gündəmdə deyil" mesajını verməsi ilə düşərgədə vəziyyəti daha da gərginləşdirdi. Şübhəsiz, AXCP sədrinin də məsələyə adekvat münasibətinin özünü çox gözlətməməsi düşərgə təmsilçilərinin cılız siyasi maraqlara xidmət etdiklərini və onların prinsipsizliklərini bir daha təsdiqlədi. Ambisioz iddialarla spekulyasiya edən partiya sədrləri müxtəlif vasitələrə əl ataraq süni şəkildə radikal düşərgənin ən şanslı "namizəd"i görüntüsünü yaratmağa çalışırlar. Bu məqsədlə hətta "respondentlər" arasında saxta "sosioloji sorğu"lar da keçirməklə "birinci"liklərini göstərirlər.
İsa Qəmbərin ifrat radikal düşərgədə özünə rəqib görmədiyini bildirməsi, Əli Kərimli və reneqat Eldar Namazovun da eyni məzmunlu mövqeləri onların primitiv siyasi mübarizə formalarından hələ də əl çəkə bilmədiklərini göstərir. Məhz bu destruktiv qüvvələrin fiaskoya uğramalarının əsas səbəbi də elə budur.
Reneqat Eldar Namazovun, eləcə də İsa Qəmbər və Əli Kərimlinin "vahid namizəd" məsələsində bir-birlərinə güzəştə getməyəcəklərini bəyan etmələri onların niyyətlərini bəlli etdi. Öz cılız maraqları naminə bütün müqəddəs dəyərləri ayaqlayıb keçməyə hazır olan, ucuz populizmə, şablon və primitiv təbliğat metodlarına üstünlük verən düşərgə təmsilçiləri bununla da nəyə qadir olduqlarını göstərdilər. Cəmil Həsənli bu günlərdə mətbuata açıqlama verib ki, "ziyalılar" qurumu konkret olaraq "El" hərəkatını dəstəkləməyəcək: "Ziyalılar Forumunun AXCP-yə, Müsavat Partiyasına və digər partiyalara münasibəti necədirsə, "El" hərəkatına münasibəti də elədir". O bildirib ki, "El" hərəkatının yaranmasında qurumun üzvlərinin hamısı iştirak etməyib və forumun rəhbərliyində təmsil olunan Eldar Namazov yalnız bu işin təşəbbüskarıdır. Bu açıqlama böyük iddialarda olan reneqat Eldar Namazovu xəyal qırıqlığına uğradıb.
Eldar Namazovun "dəstəsi" ilə Əli Kərimli, İsa Qəmbər və onların yaxın əhatəsi arasında qızışan "birincilik savaşı" bu şəxslərin əsl simasını bir daha cəmiyyətə göstərdi. Ciddi sosial bazaya malik olmayan bu şəxslər spekulyasiyalar etməklə müəyyən siyasi dividend qazanmaq niyyəti güdürlər. Lakin ifrat radikallıq, dağıdıcılıq kimi naqis cəhətlərlə ictimaiyyətin diqqətini cəlb etməyə çalışmaq mərhələsi Azərbaycan siyasəti üçün aktuallığını tamamilə itirib.
Prezident
seçkiləri öncəsi destruktiv müxalifət qüvvələri
ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə,
ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə
çalışırlar. Şəxsi maraqları naminə
bütün müqəddəs dəyərləri tapdalayan və
antiazərbaycançı şəbəkə ilə sıx
işbirliyinə gedən bu destruktiv dairələr cəmiyyətin
diqqətini cəlb etmək üçün hər bir vasitəyə
əl atırlar. Milli maraqlar qarşısında məsuliyyət
hissi olmayan bu insanlar ictimai rəydə ikrah hissi doğuran ənənəvi
təbliğat metodları ilə gündəmdə qalmağa
çalışırlar. Lakin Azərbaycan xalqı bir daha
xaos, anarxiya dövrünə qayıtmaq istəmir və siyasətdə
arxaikləşmiş simaları birdəfəlik tarixin arxivinə
yola salacaqdır.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 29 mart.- S.7.