Prezident İlham Əliyev
«Atəşgah məbədi» Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa və
yenidənqurma işlərindən sonra yaradılan şəraitlə
tanış olmuşdur
Martın
29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
paytaxtın Suraxanı rayonu ərazisindəki "Atəşgah
məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda
aparılan bərpa və yenidənqurma işlərindən
sonra yaradılan şəraitlə tanış olmuşdur.
Azərbaycanın
birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim
olundu.
Dövlət
başçısına və xanımına məlumat verildi
ki, ölkəmizdə milli-mənəvi dəyərlərin
qorunması və gələcək nəsillərə
ötürülməsi istiqamətində mühüm layihələr
həyata keçirilir. Prezident İlham Əliyevin
tapşırıqlarına əsasən tarix və mədəniyyət
abidələrinə dövlət səviyyəsində diqqət
və qayğı gündən-günə artır. Dövlət başçısının bununla
bağlı imzaladığı fərman və sərəncamlar,
aparılan məqsədyönlü siyasət və Heydər Əliyev
Fondunun dəstəyi ilə həyata keçirilən layihələr
nəticəsində bir sıra abidələrimizin UNESCO-nun mədəni
irs siyahısına daxil edilməsi, qədim tariximizi
yaşadan məbədlərin təmir və bərpası,
bölgələrdə aparılan genişmiqyaslı arxeoloji
ekspedisiyalar bunun ən yaxşı göstəricisidir. Azərbaycanın
maddi mədəniyyət abidələri sırasında
Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə
aid atəşpərəst məbədinin qalıqları
üzərində inşa olunmuş və UNESCO-nun
"Dünya irsinin ilkin siyahısı"na daxil edilmiş
"Atəşgah məbədi" Dövlət
Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri
vardır. Azərbaycan Prezidentinin sərəncamı ilə
2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin
tabeliyinə verilən qoruqda 2009-cu il ilin iyulundan ərazinin
mühafizəsi və maddi-texniki təminatın gücləndirilməsinə
başlanılmış, məbəd və məbədətrafı
ərazilərin abadlaşdırılması həyata
keçirilmişdir.
Qeyd
olundu ki, qoruğun sahəsi 4,2 min kvadratmetrdən 15 min
kvadratmetrə qədər genişləndirilmişdir. Sahəsi
iki min kvadratmetrdən artıq olan əsas bina xüsusi
memarlıq üslubunda inşa olunmuşdur. Məbədlə
həmahəng inşa olunan əsas binada idarə, dəmirçi
kürəsi, dəmirçi emalatxanası, mis və çini
qablar, taxta üzərində oyma, xalça, kəlağayı
və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm
qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda
yaradılan muzeydə Bakı şəhəri və
Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim
yaşayış binalarını və abidələri əks
etdirən guşələr yaradılmışdır. Burada əcdadlarımızın
istifadə etdikləri məişət əşyaları və
incəsənət nümunələri nümayiş olunur.
Muğam evində isə buraya gələn ziyarətçilərin
istirahətinin yüksək səviyyədə təşkili
məqsədilə ayrıca guşə
yaradılmışdır. Burada Azərbaycan
muğamının təbliği məqsədilə müxtəlif
konsertlərin təşkili də nəzərdə
tutulmuşdur.
Bildirildi
ki, 2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev
Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin
abadlaşdırılması, yardımçı binaların
tikintisi işləri sürətlə həyata
keçirilmiş, yeddi ay ərzində başa
çatdırılmışdır. Burada kütləvi tədbirlərin
keçirilməsi üçün hər cür şərait
yaradılmış, müasir işıqlandırma sistemi
qurulmuşdur.
Sonra
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
Atəşgah məbədində görülən işlərlə
tanış oldular.
Diqqətə
çatdırıldı ki, Atəşgah məbədi
XVII-XVIII əsrlərdə təbii qazların
çıxdığı "əbədi", sönməz
alovların yerində inşa edilmiş od məbədidir.
İndiki ibadətgah da atəşpərəstlərin-zərdüştlərin
qədim məbədlərinin yerində tikilmişdir. Bu məbədlər
təqribən II-III əsrlərdə inşa edilmişdir.
XVII əsrdə məbədin ətrafında bir-birinin
yanında ibadətxana, 26 hücrə və karvansara inşa
edilmişdir. Vaxtilə hücrələrdə müxtəlif
dini ayinlərin icra olunması və oda sitayiş edən
kahinlərin fəaliyyəti üçün lazımi şərait
də olmuşdur. Məbədə gələn zəvvarlar
karvansarada istirahət imkanı da əldə etmişlər.
XVIII əsrin əvvəlində məbəd artıq bizim
dövrə gəlib çıxdığı şəkli
almışdır.
Vurğulandı
ki, beşkünc planda tikilmiş abidənin həyətində
mərkəzi səcdəgahın yuxarısı günbəzlə
tamamlanan dördkünc tikili ucalır. Giriş
portalının üstündə Abşeronda ənənəvi
olan qonaq otağı - "Balaxana" yerləşir. Yeni
memarlıq ənənələri ilə tikilmiş Atəşgah
məbədi özündə qədim od səcdəgahlarının
elementlərini qoruyub saxlamışdır. Məbədin ən
erkən tikilisi olan karvansara 1713-cü ilə aiddir,
üstündə qədim sanskrit dilində yazı vardır.
Dövlət
başçısı Atəşgah məbədinin XIX əsrdə
çəkilən şəkillərini, bərpadan əvvəlki
və sonrakı görüntülərini əks etdirən
fotostendlərə, qoruq ərazisində yaxın gələcəkdə
görüləcək işlərin eskiz layihələrinə
baxdı.
Görülmüş
işlərdən razılığını bildirən
Prezident İlham Əliyev müvafiq tapşırıq və
tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2013.- 30 mart.- S.1.