ASAİF-in Roma forumunun iştirakçıları
qarşıdakı prezident seçkilərində
İlham Əliyevin namizədliyini dəstəklədiklərini
yekdilliklə bəyan etmişlər
Xəbər verdiyimiz kimi, martın 28-də Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) Roma forumu işə başlamışdır.
Tədbirin açılışından sonra "Baxış 2020: Azərbaycan üçün yeni brendlər və yeni trendlər", "Ənənəvi və ictimai diplomatiya", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, danışıqlar prosesinin gerçəklikləri, hazırkı vəziyyət və perspektivlər" mövzuları ətrafında işçi panellər keçirilmiş, müzakirələr aparılmışdır.
Forumda Milli Məclisin deputatı Ceyhun Osmanlının moderatorluğu ilə xaricdə təhsil alan gənclərin təhsil məsələləri və cari problemləri ilə bağlı müzakirələr keçirilmişdir. Müzakirələrdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimli, Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədri Azər Kərimli çıxış etmiş, xaricdə təhsilə dair dövlət proqramı ilə bağlı gəncləri maraqlandıran sualları cavablandırmışlar. Söz alan gənclərin əksəriyyəti xaricdə təhsillə bağlı 2007-2011-ci illər üzrə dövlət proqramının müddətinin 2020-ci ilədək uzadılması ilə bağlı arzularını ifadə etmişdir.
"Baxış 2020: Azərbaycan üçün yeni brendlər və yeni trendlər" mövzusuna həsr olunmuş müzakirələrdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "2013 - Azərbaycanda İKT ili" mövzusunda, İnam Kərimli "ASAN" xidməti haqqında, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev I Avropa Oyunlarına təşkilati hazırlıq barədə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil ocağının timsalında universitetlərarası beynəlxalq əməkdaşlıq barədə çıxış etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin moderatorluğu ilə səfirlərlə görüş xarakteri daşıyan "Ənənəvi və ictimai diplomatiya" mövzusunda panel keçirilmişdir. Paneldə Azərbaycanın İtaliya, Macarıstan, Polşa, Böyük Britaniya, Fransa, Yunanıstan, Misir, Litva, Belçika, Ukraynadakı səfirləri, Avropa Şurası yanında daimi nümayəndə Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri, Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquqi qiymətin verilməsi, beynəlxalq məhkəmələrin münaqişəyə şamil olunmasının mümkünlüyü, xalq diplomatiyasının təsir imkanları, beynəlxalq qurumların diqqətinin bu münaqişəyə yönəldilməsi, diaspor təşkilatlarının ictimai rəyin formalaşmasına göstərə biləcəyi təsir və s. mövzularda müzakirələr aparılmış, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov rəhbərlik etdiyi təşkilatın təcrübəsindən çıxış edərək Azərbaycan gənclərinin Avropada ölkəmiz haqqında həqiqətlərin ictimaiyyətə çatdırılması, yerli qurumlarla əməkdaşlığın qurulması imkanlarından bəhs etmişdir.
Panel iclaslarda xarici ölkələrdə təhsil alan azərbaycanlı gəncləri maraqlandıran bir sıra maraqlı məsələlər ətrafında fikir mübadiləsi aparılmış, onların sualları cavablandırılmışdır. Qeyd edilmişdir ki, bu gün Azərbaycan gənci ölkəmizin maraqları naminə vahid qüvvəyə çevrilmişdir. Gənclər bildirmişlər ki, onlar hansı ölkədə yaşamasından və ya təhsil almasından asılı olmayaraq, Azərbaycan dövlətinin dəstəyini daim hiss edirlər. Tədbirlərdə Azərbaycanın son zamanlar bütün sahələrdə, o cümlədən İKT, müasir texnologiyalar və beynəlxalq diplomatiya sferalarında çox mühüm nailiyyətlər qazandığı vurğulanmışdır. Bildirildi ki, bu gün Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı, ölkədə vətəndaşların sosial-rifah halının daha da gücləndirilməsinə yönəlmiş tədbirlər, gənclərin yüksək dövlət vəzifələrinə təyin edilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının təməlini qoymuşdur.
Xarici İşlər Nazirliyinin İnsan hüquqları və demokratiya idarəsinin rəisi, səfir Arif Məmmədovun moderatorluğu ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, danışıqlar prosesinin gerçəklikləri, hazırkı vəziyyət və perspektivlər" mövzusunda keçirilmiş paneldə maraqlı çıxışlar olmuşdur.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Azərbaycan sözünün mənşəyi, xalqın təşəkkülü, dili və dini ilə bağlı həqiqətlər, qədim Azərbaycan toponimlərinin izahı, qədim tarixi mənbələr əsasında Azərbaycan ərazisində yaranmış dövlətlər haqqında geniş məruzə ilə çıxış etmişdir.
Azərbaycanın
Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət
Quliyev çar Rusiyası dövründə ermənilərin
müntəzəm şəkildə Cənubi Qafqaza, ilk
növbədə isə Azərbaycan ərazilərinə köçürülməsi,
onların bu coğrafiyada ekspansiyası, çar hökumətinin
dəstəyi ilə ermənilərin xeyrinə azərbaycanlıların
sıxışdırılması, ilk erməni təşkilat
və partiyaların yaradılması, onların həyata
keçirdiyi terror əməlləri ("Nemezis" əməliyyatı
və s.) barədə məruzə ilə
çıxış etmişdir.
Milli
Məclisin deputatı, politoloq Rasim Musabəyov Dağlıq
Qarabağ münaqişəsinin hüquqi-siyasi aspektləri,
aparılan danışıqların gedişatı və təklif
olunan sülh mexanizmləri, Minsk qrupunun vasitəçilik
missiyası, münaqişənin həlli perspektivləri və
Azərbaycan tərəfindən Dağlıq Qarabağ erməniləri
üçün təklif edilən ən yüksək
muxtariyyətin mahiyyəti barədə
danışmışdır.
Azərbaycan
Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin
direktoru Fərhad Məmmədov müasir dövrdə Azərbaycanın
milli maraqlarına uyğun fəaliyyəti, regionda və beynəlxalq
aləmdə güclənən mövqeyi, qonşu dövlətlərlə
münasibəti və digər mövzularda
çıxış etmişdir.
Yaponiyadan
Kanadaya, İsveçdən Avstraliyayadək dünyanın
dörd bir guşəsindən Romaya toplaşan Azərbaycan gəncləri
iki gün davam edən forumun sonunda bəyanat qəbul
etmişlər. Bəyanatda bildirilir ki, ASAİF hər il ənənəvi
forumlar təşkil etməklə Prezident İlham Əliyevin
bəyan etdiyi kimi "qara qızıl"ın insan
kapitalına çevrilməsi prosesinə, xaricdəki azərbaycanlı
gənclərin dövlətçiliyə bağlı
güclü vətəndaş kimi formalaşması işinə
öz töhfələrini verir. "Azərbaycan gənclərinin
2007-2015-ci illərdə Xaricdə Təhsili üzrə
Dövlət Proqramı" indiyədək 2000-ə yaxın
gəncə dövlət hesabına dünyanın ən
nüfuzlu elm ocaqlarında təhsil almaq imkanı vermişdir.
Bəyanatda
Azərbaycanın müsbət imicinin möhkəmləndirilməsi
işini əsas missiya sayan gənclər tariximizin öyrənilməsi
və onun təhsil aldıqları ölkələrdə təbliğini
daha da genişləndirmək vacib vəzifə kimi qeyd
etmiş, ən ağrılı problemimiz olan Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin
fəal carçısına çevrilmək
üçün əllərindən gələni etməyi bəyan
etmişlər.
Bəyanatda
həmçinin qeyd olunur: "ASAİF-in Roma forumu Azərbaycan
Prezidentinə müraciət edərək cənab İlham Əliyevdən
xaricdə təhsil proqramının müddətinin daha
geniş kontingenti əhatə etməsi üçün
"Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasına uyğunlaşdırılaraq
2020-ci ilədək uzadılmasını xahiş edir.
Minlərlə
gənci ətrafında birləşdirən ASAİF-in hər
bir üzvü Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanın qazandığı siyasi və iqtisadi
uğurları müxtəlif ölkələrin ictimai
sferalarına daşımaq üçün "gənc səfir"
missiyasını öz üzərinə götürməkdən
qürur duyur.
Son
10 ildə bütün sahələrdə qazanılan
uğurların davamlılığı və qorunması, Azərbaycanın
daha güclü dövlətə çevrilməsi naminə
ASAİF olaraq dövlət başçısının ətrafında
sıx birləşdiyimizi və qarşıdakı prezident
seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyimizi
bəyan edirik".
Bəyanatda
həmçinin qeyd edilmişdir ki, 13 mindən artıq gənci
öz ətrafında birləşdirən ASAİF ailəsinin
Roma forumu bundan sonra da belə toplantıların davam etdirilməsini,
bununla paralel olaraq konkret ixtisaslar üzrə təhsil alan və
məzun olmuş gənclərin tematik forumlarının da
genişləndirilməsini qərara almışdır.
Bəyanatda
ASAİF-in növbəti forumunun Almaniyanın paytaxtı Berlin
şəhərində keçirilməsi təklif
olunmuşdur.
Bəyanat
səsləndirildikdən sonra Dağlıq Qarabağın Azərbaycanlı
İcması İctimai Birliyi haqqında interaktiv təqdimat
keçirilmiş, təşkilatın yaranma tarixi,
missiyası və həyata keçirilən tədbirlərdən
bəhs olunmuşdur.
Polşanın
Vroslav şəhərində təhsil alan gənclər
öz təqdimatlarında qeyd etmişlər ki, onlar Xocalı
faciəsi ilə əlaqədar polyak rəssam Odpurev Qanquyak tərəfindən
çəkilmiş "Xarı bülbül"
kompozisiyasını bu şəhərin ən böyük sərgi
salonunda 30 gün nümayiş etdirmiş və il boyu bu əsərin
Avropanın bir çox ölkələrində sərgi
salonlarında nümayişi nəzərdə tutulmuşdur.
Avstriyada
fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin
üzvləri isə öz təqdimatlarında 31 mart - Azərbaycanlıların
soyqırımı günü ilə bağlı Vyana şəhərində
keçirilmiş aksiya barədə videoçarx
nümayiş etdirmişlər. Sonra isə Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı "Şəbəkəm"
layihəsi təqdim olunmuşdur. Qeyd edilmişdir ki, layihənin
əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı Avropa
dövlətləri və beynəlxalq təşkilatların
rəsmiləri tərəfindən səsləndirilmiş
fikirlərə kütləvi reaksiyanı təmin etmək, bu
şəbəkəni Avropada təhsil alan gənclər və
fəaliyyət göstərən təşkilatların
münaqişə ilə bağlı əsas məlumat mənbəyinə
çevirmək, Avropadakı təşkilatların fəaliyyətini
əlaqələndirmək və fəaliyyət
üçün yeni platformaların yaradılmasını təmin
etməkdir.
Sonra
isə "Xocalıya ədalət" kampaniyası təqdim
olunmuş, onun yaranması, Xocalı soyqırımının
beynəlxalq səviyyədə tanıdılması
üçün göstərilən fəaliyyət və həyata
keçirilən tədbirlər barəsində məlumat
verilmişdir.
Forum
çərçivəsində Azərbaycan musiqi incilərindən
ibarət konsert proqramı təqdim olunmuşdur.
Elgün NİFTƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Roma
Azərbaycan.-2013.- 30 mart.- S.2.