Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
xanım Əliyeva
ASAİF-in Roma forumunun iştirakçılarına müraciət
etmişdir
Xəbər
verdiyimiz kimi, Romada Xaricdə Təhsil Alan və Məzun
Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun
(ASAİF) növbəti forumu işə
başlamışdır.
Rusiya
Azərbaycanlı Gənclər Birliyi (RAGB) idarə heyətinin
üzvü Emin Hacıyev AzərTAc-a bildirmişdir ki, tədbirdə
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı
Gənclər Birliyinin sədri Leyla xanım Əliyevanın
forum iştirakçılarına müraciəti
oxunmuşdur.
Müraciətdə
bildirilir ki, Azərbaycan hökumətinin dəstəyi ilə
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı çərçivəsində həyata
keçirilən bu forum miqyasına görə ASAİF tədbirlərinin
ən böyüyüdür. Əgər Strasburq, Budapeşt
və Vyana forumlarında əsasən Avropada təhsil alan tələbələrə
üstünlük verilirdisə, indi ASAİF dünyanın
müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı
gəncləri Romaya gətirərək Azərbaycan həqiqətlərinin
beynəlxalq təşkilatlarda müzakirəyə
çıxarılmasına, Azərbaycanın gələcəyi
ilə bağlı fikir mübadiləsinin aparılmasına
müvəffəq olmuşdur. Bu baxımdan, forum
iştirakçıları arasında Amerika və Uzaq Şərq,
Asiya ölkələrində, Afrika və Latın
Amerikasında təhsil alan tələbələri görmək
təqdirəlayiq haldır.
Müraciətdə
deyilir: "Ölkəmizin son illər ərzində dinamik
sosial-iqtisadi inkişafı, həmçinin əldə etdiyi
uğurlarda siz gənclərin rolu vardır. Prezident İlham Əliyevin
gənclər siyasətində müəyyən etdiyi prinsiplər,
dövlət başçısının Azərbaycan gəncliyinin
biliyinə, bacarığına, gələcəyinə
böyük inamı biz gənclərin önəmli rolunu,
dövlətin gələcəyinə məsuliyyətini
önə çəkməklə qarşımıza
mühüm vəzifələr qoyur. Azərbaycan gəncliyi
özünün aktiv fəaliyyəti ilə seçilir və
siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində
önəmli rol oynayır və bugünkü cəmiyyətimizin
avanqard qüvvəsinə çevrilməkdədir".
Azərbaycanın
gələcəyinin gənclərimizin təhsilindən,
yeniliyi tətbiq etmək bacarığından, vətənpərvərliyi
və milli-mənəvi dəyərlərə sədaqətindən
asılı olduğunu vurğulayan Leyla xanım Əliyeva Azərbaycanda uğurla həyata
keçirilən gənclər siyasətinin bu gün təkcə
ölkəmizin ərazisi ilə məhdudlaşmadığını,
onun hüdudlarından kənarda da geniş
yayıldığını diqqətə
çatdırmışdır.
Müraciətdə
vurğulanır ki, budəfəki forumda müzakirə olunacaq
mövzular da təsadüfi seçilməmişdir. ASAİF
onların daha səmərəli istiqamətlərini təyin
edərək, konkret və məqsədyönlü fəaliyyətini
davam etdirə biləcəkdir. Sevindirici haldır ki, harada
yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı
gənc öz doğma Vətəni ilə qürur duyur, milli
maraqların qorunması naminə səyini əsirgəmir.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva
ASAİF-in Roma forumunun iştirakçılarına uğurlar
arzulamış və görüşün nəticələrinin
gənclərin ictimai fəaliyyətində onlara uğur gətirəcəyinə
əminlik ifadə etmişdir.
Fəridə ABDULLAYEVA,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.-2013.- 30 mart.- S.3.