İfrat radikalizmə
yer yoxdur, onun sonu iflasdır
Mübariz QURBANLI: "Eldar Namazovun
yaratdığı qurumun məqsədi üçüncü
qüvvə olmaq yox, radikallarla sosial bazanı
bölüşdürmək uğrunda
çarpışmadır"
Bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək
prezident seçkilərinə hazırlıq işləri
davam edir. Seçkilərdə iştirak etmək niyyətində
olan bütün siyasi təşkilatlar fəallıqlarını
artırıblar. Ölkədəki
ictimai-siyasi durum isə müsbət qiymətləndirilir.
Söz yox ki, 7 aydan sonra keçiriləcək
seçkilər zamanı Azərbaycan bir çox beynəlxalq
təşkilatların diqqət mərkəzində olacaq.
Təəssüf ki, ölkədə normal
seçki mühitini pozmağa cəhd edən bəzi qüvvələr
də var. Xalqın etimadını itirmiş qüvvələrin
də antiazərbaycançı şəbəkəyə dəstək
verməsi gözləniləndir. Bütün
bunlara rəğmən Azərbaycanda tam demokratik seçkilərin
keçirilməsi üçün hər cür şərait
yaradılıb.
Mövcud
durumu aydınlaşdırmaq üçün Yeni Azərbaycan
Partiyasının icra katibinin müavni, Milli Məclisin
deputatı Mübariz Qurbanlıya müraciət etdik:
-
Mübariz müəllim, ölkədəki
seçkiqabağı durumu necə dəyərləndirirsiniz?
-
Seçkiqabağı durum çox normaldır. Prezident seçkilərində iştirak etmək istəyən
hər bir siyasi partiyanın, namizədliyini irəli sürmək
iddiasında olan şəxslərin fəaliyyəti
üçün tam şərait yaradılıb. Müxtəlif siyasi partiyalar artıq ayrı-ayrı
bölgələrdə toplantılar, görüşlər
keçirirlər. Hərçənd ki, həmin
toplantılara qoşulanların kəmiyyəti olduqca
aşağıdır, amma hər halda, hər bir siyasi təşkilatın
öz tərəfdarları ilə seçki kampaniyasına
hazırlıqla əlaqədar görüşlər
keçirmək imkanı yaradılıb və heç bir məhdudiyyət
yoxdur. Azərbaycanda Seçki Məcəlləsinə
uyğun olaraq seçki kampaniyasına hazırlıqla
bağlı hər bir namizədə lazımi şərait
yaradılır. Bütünlükdə
hesab edirəm ki, Azərbaycanda tam azad, şəffaf, demokratik
seçkilərin keçirilməsi üçün normal
mühit var.
-
Bütün seçkilərdə olduğu kimi, budəfəki
prezident seçkiləri ərəfəsində də ölkədə
müxtəlif qurumlar, təşkilatlar yaranır. Bu təşkilatlar özlərini
üçüncü qüvvə adlandıraraq xalqın
etimadını qazanacaqlarını iddia edirlər. Bu qurumlarda təmsil olunan şəxslərin bəziləri
siyasi riyakarlar, reneqatlar və özlərini ziyalı hesab edən
bir qrup narazı insanlardır. Sizcə, belə
şəxslərin cəmləşdiyi qurumlara xalq etimad
göstərəcəkmi?
- Bu
gün biz azad, demokratik bir ölkədə
yaşayırıq və seçkilərdə iştirak etmək
istəyən hər bir şəxs özünü cəmiyyətə
təqdim etməyi, imkanlarını göstərməyi
bacarmalıdır. Hansı ad altında bir təşkilat
yaradılırsa və gələcəkdə o qurumun
seçkilərə qatılacağı təqdirdə biz
onunla siyasi müstəvidə rəqabət aparmağa
hazırıq. Çünki Yeni Azərbaycan
Partiyası kifayət qədər güclü partiyadır,
onun seçkilərdə qələbə qazanacağına
ümidimiz böyükdür. Buna
proqnozlarımız əsas verir.
Digər tərəfdən isə artıq demək olar
ki, Azərbaycan vətəndaşları öz siyasi mövqelərini
müəyyənləşdiriblər. Ölkədə
hakimiyyətin, konstruktiv mövqedə dayanan müxalifət
partiyalarının və radikal, aqressiv yönümlü
müxalifətin mövqeyini dəstəkləyən qüvvələr
var. Bununla belə, Azərbaycan əhalisinin mütləq əksəriyyəti
hakimiyyətin mövqeyini dəstəkləyir və mövcud
ictimai-siyasi vəziyyətin dəyişməsini arzulamır.
Konstruktiv müxalifət partiyalarının rəhbərləri
Milli Məclisdə təmsil olunurlar, təklif və
iradlarını səsləndirir və prezident seçkilərində
namizədliklərini irəli sürəcəklərini bəyan
edirlər. Aqressiv, dağıdıcı
müxalifətin rəhbərliyində olanlar isə hakimiyyətdə
olduqları dövrdə siyasi iflasa uğramış şəxslərdir.
Onlar sadəcə, cılız hisslərlə
yaşayırlar və nəyin bahasına olursa-olsun hakimiyyətə
qayıtmaq iddiasındadırlar. Lakin
onların sosial dayaqları məhduddur. Bu
palitradan yanaşdıqda, yeni bir qurumun ortaya
çıxması və onun "El"
adlandırılması, guya bu ad altında vətəndaşları
öz ətrafına yığa bilməsi iddiası o qədər
də inandırıcı görünmür. Onlar Eldar Namazovun ətrafına toplaşmış
bir qrup şəxsdir. Bu adamların bəziləri
siyasi hakimyyətdə olmuş və uğur qazana bilməmişlər.
Onlar hansısa yeni bir ideoloji siyasi konsepsiyanı
və yaxud proqramı ortaya qoymayıblar. Bütövlükdə,
bunlar içərisindən yalnız bir qisim aqressivlərin
söykəndiyi seçicilərə, bir qismi isə
konstruktivlərin söykəndiyi seçicilərə istinad
edə bilər. Bu isə
bütövlükdə Azərbaycan cəmiyyətində
siyasi mühitdə, siyasi bir çevrədə hansısa bir
dəyişikliyə gətirib çıxarmayacaq. Əslində, reneqat Eldar Namazovun yaratdığı
qurumun məqsədi üçüncü qüvvə olmaq
yox, radikallarla sosial bazanı bölüşdürmək
uğrunda çarpışmadır. Hesab
edirəm ki, növbəti seçkilərdə siyasi
mübarizə hakimiyyətə gəlmək üçün
çalışan qüvvələr arasında ikincilik
yarışına çevriləcək. Birincilk
artıq tam proqnozlaşdırılıb. Aparılan
araşdırmalar göstərir ki, Azərbaycan
xalqının mütləq əksəryyəti Prezident
İlham Əliyevi dəstəkləyir və onu yenə də
ölkə başçısı kimi görmək istəyir.
Qalan qüvvələr isə ikincilik naminə
bir-birinin tərəfdarlarını öz dairələrinə
çəkmək üçün çalışacaqlar.
İndki situasiya bundan ibarətdir. Seçki prosesi yaxınlaşdıqca aqressivlərin
çevrəsi daha da daralacaq. Çünki
onların irəli sürdükləri tezislər cəmiyyət
tərəfindən qəbul edilmir. Azərbaycan
cəmiyyəti iqtisadi, siayasi sabitlik, inkişafa yönələn
siyasət istəyir və əksəriyyət də bundan
yararlanır. Ona görə də cəmiyyətin
marağı indiki siyasətin müdafiəsinə yönəlib.
Hesab edirəm ki, "El" adlanan qrup, əslində,
özünü böyük bir ad altında ortaya atsa da,
hansısa sosial bazaya malik olmadığı üçün
seçkiyə qədər daha da zəif formada
özünü nümayiş etdirəcək.
- Bu
gün ölkədə müxalifətin sosial bazası yox dərəcəsindədir.
Ancaq seçki
yaxınlaşdıqca bu qüvvələr bir qədər
aktivləşməyə çalışırlar. Kiçik bir hadisəni şişirtməklə yenə
gəncləri önə verib arxada gizlənən siyasi
"liderlər" köhnə peşələrindən əl
çəkmirlər. Hətta son olaraq əsgər
ölümündən istifadə edərək ictimai sabitliyi
pozmağa çalışdılar...
- Bu
gün Azərbaycanda olan uğurların sahibi Yeni Azərbaycan
Partiyası və ölkə iqtidarı, Azərbaycan
Prezidentidir. Ölkənin inkişafı, əldə
edilən bütün uğurlar, dövlət büdcəmizin
artımı, neft gəlirləri, digər sahələrin
sürətlə inkişafı, insanların sosial durumunun
yaxşılaşdırılması, yoxsulluğun aradan
qaldırılması istiqamətində görülən
bütün işlər Prezident İlham Əliyevin fəaliyyəti
ilə bağlıdır. Azərbaycan cəmiyyəti bunu qəbul edir. Digər tərəfdən, ölkədə hər
hansısa bir neqativ hal baş verirsə, onun da cavabdehi indiki
iqtidardır. Ancaq dağıdıcı
müxalifətin destruktiv fəaliyyəti və hakimiyyətə
gəlmək ehtirasları elə bir səviyyəyə
qalxır ki, onların fəaliyyətində milli maraqlar arxa
plana keçir. Şəxsi və qrup
maraqlarının ön plana keçdiyi dönəmdə
onlar hər şeydən istifadə etməyə
çalışırlar. Bu qüvvələr
"Nə qədər hakimiyyətə pisdirsə, bizim
üçün o qədər yaxşıdır" tezisini
irəi sürürlər. Bunun
arxasında isə "millətə, dövlətə
pisdir" ifadəsi də dayanır. Çünki
hakimiyyət milləti, dövləti təmsil edir. Ona görə də dağıdıcı qüvvələr
bütün vasitələrdən istifadə etmək istəyirlər.
Onlar ən adi hadisələri şişirdərək
siyasiləşdirmək cəhdlərindən belə çəkinmirlər.
Hər kəs bilir ki, Azərbaycanda ordu
quruculuğu sahəsində böyük uğurlar
qazanılıb. Azərbaycan ordusu bu
gün Cənubi Qafqazın ən güclü ordusudur. Ordu ilə əlaqədar aparılan bütün təhqiqatlar
bunu deməyə əsas verir.
Azərbaycan ordusu 20 ildir döyüş səngərindədir.
İşğal olunmuş ərazilərimiz var.
Müharibə hələ bitməyib və bu gün də
davam edir. Səngərdə olan orduda təbii
ki, psixoloji çətinliklər də olur. Bu da bəzən xoşagəlməz hadisələrə
gətirib çıxarır. Heç bir
ordu komandiri öz əsgərinin nəinki həlak
olmasını, heç onun başından bir tük əksik
olmasını belə arzulamır. Ancaq heç kim qəzadan sığortalanmayıb. Ordumuza dövlət tərəfindən böyük
diqqət, qayğı var. Amma bunu görmək istəməyən
aqressiv müxalifət əsgər ölümü üzərində
siyasət quraraq onu hakimiyyətə qarşı çevirmək
istəyir. Ancaq bu qüvvələrə
xalq yenə də "yox" deyir. Çünki
onlar Azərbaycan ordusunu gözdən salmaq, ordu ilə
bağlı yanlış təəssürat yaratmaq istəyirlər.
Bütün bunlar dağıdıcı
müxalifətə xas olan xüsusiyyətdir. Bu həm də belə qüvvələrin
iflasının göstəricisidir. Ona
görə də onlar Azərbaycan cəmiyyətində
mövqe qazana bilməyəcəklər. Çünki
cəmiyyət bu cür hərəkətləri
bütövlükdə qəbul etmir, ona tərəfdar deyil.
- Prezident
seçkiləri zamanı Azərbaycan bir çox dövlətlərin
diqqət mərkəzinə çevriləcək. Ölkəmizi istəyən qüvvələrlə
yanaşı, istəməyənlər də aktivləşəcəklər.
Necə düşünürsünüz,
seçkilərə 7 ay qalmış əsgər
ölümünü siyasiləşdirib siyasi şou düzənləyən
aqressiv, dağıdıcı qüvvələr seçkilər
ərəfəsində antiazərbaycançı şəbəkəyə
xidmət göstərə bilərmi?
- Hər
bir seçki prosesində siyasi ehtirasların coşması təbii
hadisədir. Amma bu
siyasi ehtirasların coşması qanunların
pozulmasına gətirib çıxarmamalıdır. Hər şey qanun çərçivəsində
olmalıdır. Kim qanunu pozacaqsa, adekvat
cavab alacaq. Ölkədə xaos, anarxiya
yaratmaq istəyən qüvvələrin qarşısı
alınacaq. Azərbaycanı istəməyən
dairələr var. Prezident İlham Əliyev bununla
bağlı fikirlərini açıqlayıb. Bunlar Ermənistan,
erməni lobbisi və Azərbaycanın sürətli iqtisadi
inkşafını qəbul etmək istəməyən bəzi
dairələrdir. Ermənistandan başqa Azərbaycanın
bütün ölkələrlə münasibətləri
yüksək səviyyədədir. Bakı
dünya dövlətlərinin, beynəlxalq təşkilatların
bir araya gəldiyi məkana çevrilib. İfrat
radikal dairələr isə seçki zamanı pozuculuq
hallarına yol verə bilərlər və belə cəhdlər
ediblər də. Lakin belə halların
qarşısı mütləq alınacaq. Çünki cəmiyyət bu cür pozuculuğu
istəmir. Bir məşhur kəlamda deyilir: "Həndəsi
aksiomlar insanların maraqlarına zidd olsaydı, onları
çoxdan təkzib edərdilər". Bizim
hakimiyyət insanların maraqlarını ifadə etməsəydi,
Azərbaycan cəmiyyəti hakimiyyətə mənfi reaksiya
verərdi. Bu maraq milli, dövlət
marağıdır. Ona görə də hər
cür ifrat radikalizmə yer yoxdur və onun sonu iflasdır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 30 mart.- S.3.