Min ilin qəribi
Rübabə
Muradova-80
Məşhur
xalq mahnısı "Qaragilə"ni oxuyanlar çox olub.
Amma nədənsə, təkcə Rübabə xanımın
ifasında bu ürək fəryadından doğan mahnı səslənəndə
qəribə hallar keçirirsən:
Gəlmişəm
otağına oyadam səni,
Qaragilə,
oyadam səni,
Nə
gözəl xəlq eləyib Yaradan səni,
Qaragilə,
Yaradan səni...
İlk
baxışda adi sözlərdir. Elə dərin məna da kəsb
etmir. Amma Rübabə xanımın nəfəsində bu kəlmələrin
hər biri bir tonqala dönürdü, adamın
cızdağını çıxarırdı, misralar
müğənninin ürəyinin dərinlikdərindən
keçərək boğazında alışıb
yanırdı. Bəlkə indən belə də bu
mahnını oxuyanlar çox olacaq. Amma "Qaragilə"
Rübabə xanımın qara bəxtinə
yazılmışdı. Onun qara gilələrindən
süzülən könül dərdi, qəlb harayı idi.
Rübabə
Muradovanı ilk dəfə səhnədə, son dəfə
isə xəstəxanada görmüşdüm. İndiki Mərkəzi
Klinikada müalicə olunan rəfiqəmin anasına dəyməyə
getmişdim. Gözü qızarmışdı. "Bu gecə
yatmamışam, Rübabə o tərəfdə
bayatılayıb, mən də eləcə
ağlamışam", - deyə ovqatını bildirdi. Bu xəbəri
eşidən kimi ona gətirdiyim qərənfilləri də
götürüb Rübabə Muradovanın yatdığı
palataya yönəldim, amma qapını aça bilmədim.
Çox yavaş, köz kimi səs ürəyimə
yapışdı:
Əzizinəm
bir də mən,
Doldur içim bir də mən.
Ömür
keçdi, gün keçdi,
Cavan olmam bir də mən.
Qapını açmağa ürək etmədim. O həzin, o hüznlü,
heç vaxt eşitmədiyim qərib və qəribə səsin
kəsiləcəyindən üşəndim. Səs
yox, bir hənir idi. Məni qapıda dondurmuşdu:
Ah, nə
qədər qarabaxtam,
Güldürmədi,
tale məni...
Ayaq üstə dayanmağa gücüm
qalmamışdı. Yavaşca geri çəkilib foyedəki
kresloda əyləşdim. Rübabə
Muradovanın yanıqlı bayatıları məni elə hala
salmışdı ki, özümə gələ bilmirdim.
Handan-hana qapı açıldı, gözlərimə
inanmadım. Gələn Rübabə
xanımın özü idi. Mənə elə
gəldi ki, Səs adlı, Səs ünvanlı bir xilqətin
hüzurundayam. Ayağa qalxdım. Salam verməyə heyim yox idi. Sözlər
boğazımda kilidlənmişdi, qəhər məni
boğurdu. Elə bil özü
halımı duydu. Çox astaca mənə
yaxınlaşdı. Heç vaxt, heç vədə
eşitmədiyim bir hüznlə sanki fəryad çəkdi:
"Dəyişmişəm, gözəlim, indi sən görən
deyiləm". Allahım, hardan gəlirdi bu Səs?
Çəkdiyi zillətlər, ağrılar,
acılar, xəstəliklər bu Səsin yanından belə
keçə bilməmişdi. Özünü
qurutmuşdu, səsinə toxuna bilməmişdi. Birdən-birə mənə elə gəldi ki, bu,
bizim sevdiyimiz böyük müğənni deyildi. Bu, Rübabə adlı bir Səs və ruh idi.
Göylərdən yerə enmişdi və yenidən
göylərə çəkilirdi. Həyatda
heç nədən yarımamışdı Rübabə
Muradova. Vətəndən əli
üzülmüşdü, ilk oxu daşa dəymişdi.
Çəkdiyi ağrı-acılar,
könlündəki dərdlər, səsindəki
yanğılar ona xəstəliklər gətirmişdi. Həssaslığı, min cür sevincin içindən
ancaq bir qəm çəkərliyi onu hamıdan fərqləndirirdi.
Rübabəni hamı sevsə də, o
özü sevdiklərinin heç birinə
qovuşmamışdı. Dünyaya gələndən
elə bil ki, həsrət boyuna libas kimi biçilmişdi.
Ürəyinin ilk
çırpıntısını duyduğu gündən bir
həsrət nəğməsi söyləyirdi Rübabə
xanım. Ən qəribəsi də bu idi
ki, doğma Vətənində, əzizlərinin arasında o
səsi eşidən kimi insan min ilin qəribinə
dönürdü. Rübabə
xanımın ürəyindən qopan nalələr adamı
qürbətə salırdı. O səsin rənglərində,
yanğısında əlin müqəddəs duyğulara,
yerlərə, doğma insanlara uzalı qalırdı.
Ölüb-dirildikcə, o səs səndən
uzaqlaşdıqca ona can atırdın. O yanğı, o
hüzn bir sinədən, bir ürəkdən, Rübabə
adlı bir varlıqdan qoparaq min sinəyə, min ürəyə
hopurdu.
Beləcə,
öz ömrünün şamı idi
Rübabə Muradova. Yana-yana əriyirdi, səsi
ilə əriyirdi. Nə acılar ki, biz onu nə qədər
sevsək də, pərvanəsi ola bilmədik.
Rübabə Muradova muğamatımızın səməndəri
idi. O yanıqlı səsin möcüzəsi kül edərdi
bizi:
Bilməz
idim, döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var.
Ağıla, şüura gəlirdi insan. Gəlimli-gedimli
dünyanın son ucu barəsində
düşünürdü. Onun
avazındakı adi səs deyildi. Allah
vergisi idi və insanı elə yandırırdı ki, o səsin
sahibinin qəfilcə külə dönəcəyini, əbədi
gedəcəyini heç düşünə bilməzdik.
Düşünə bilsək də, əlimizdən
nə gələrdi ki?! Tale ona
qızıl səs bağışlasa da, qızıl bəxt
yazmamışdı ki?!
Anasının nəfəsi,
uşaqlığının həvəsi, min cür xatirəsi
qalan doğma Ərdəbildən ayrılanda 13 yaşı var
idi Rübabənin. Salyandan Bakıya, Bakıdan Naxçıvana - Araz boyu nə
qədər yollar ayaqlasa da, səsinin çata biləcəyi
qədər haraylasa da, eləcə yuxularında çata
bildi o yerlərə. Nə az, nə
çox - düz özü boyda bir yurd ağısına
döndü Rübabə xanım.
Heydər
baba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu.
Heç
bilmədim, gözəllərin nec oldu,
Bilməz idim, döngələr var, dönüm var.
İtkinlik var, ayrılıq var, ölüm var.
Hamını heyrətə
gətirən o səsin doğurdan da, bənzəri,
müqayisəsi yox idi. Rübabə Muradova
milli opera səhnəmizdə müxtəlif rolların mahir
ifaçısı olub. Onun
özünün də çox sevdiyi bir rolu Leyli obrazı
idi. Rəhmətlik deyərmiş ki, əslində,
Leylini oynamaq bəhanə idi. Mən
özümü səhnədə yox, həyatda hiss edirdim.
Çünki Leyli mənim taleyim, bəxtim, bir
sözlə, özüm demək idi. Mən
yalnız o rolda öz duyğularıma, həyatıma,
ağlar günlərimə ürəyim istədiyi qədər
gözyaşı tökür, onun harayını, gileyini,
sevgisini dərdli-dərdli oxuya bilirdim. Leyli
Rübabə xanıma çox əziz idi. Müğənnimizi yaxından tanıyanlar bu fikri təsdiqləyirlər
ki, təbiətən xeyirxah, mərd, səmimi, ürəyiyumşaq
olan Rübabə Muradova Leylini hamıya qısqanarmış.
Hətta bəzən oynaya bilməyəndə,
ya rolu başqasına tapşıranda xiffətindən
saralarmış. Bütün leylilərə
ironiya ilə baxarmış. "Mənim
zahirim Rübabədir, içimdəki Leyli həsrətidir"
- deyərmiş. Ömrü boyu incimədiyi,
sevdiyi qadın müğənni ancaq Şövkət Ələkbərova
olub. Bunun da mənasını bəzən
belə izah edirlər ki, Şövkət xanım dəfələrlə
təklif alsa da, Leyli obrazına yaxın durmayıb. Bu səbəbdən də Rübabə xanım
Şövkət Ələkbərovanı həm bir sənətkar,
həm də yaxın bir rəfiqə kimi çox sevib, ondan
razı qalıb.
Görkəmli xanəndə, muğam ustadı mərhum
Baba Mahmudoğlunun danışdığı bir xatirəni
tez-tez xatırlayıram. Onlar Astara rayonunda qastrol səfərində
olarkən (sovet dövrundə) Rübabə Muradovanı onun
xahişi ilə sərhədə aparıblar. Sərhəddə icazə veriblər ki, o,
beş-altı metr Cənub Astarasına qədəm qoysun.
Sanki ildırım vurub onu. Zağ-zağ
əsib, şimşək kimi şaqqıldayıb,
torpağın üzərinə yıxılaraq
hönkür-hönkür ağlayıb. Baba
Mahmudoğlu danışır ki, biz Rübabə
xanımı torpaqdan zorla qopardıq.
Bəlkə də o vaxtlar bu xatirələr məni
indiki qədər dərindən sarsıtmazdı. Köksündə
Vətən həsrəti, yurd itkisi çəkən insanlar,
bax, indi gözəl anlayırlar ki, Rübabə Muradova hansı
əzabları, hansı zülmləri çəkib. İnsan ömrü boyu bütün itkilərə
hazır olur. Bilir ki, qapısını
ata, ana, qohum-əqrəba yoxluğu döyəcək. Amma insan heç vaxt Vətən itkisinə hazır
olmur və bu itkinin də yaraları sağalmır. Belə
bir məsəl var: "Əzizini itirən yeddi il ağlar, Vətənini
itirən ölüncə". Nəfəsin kəsilənə
qədər Vətənsizlik sənə dərd və əzab
verir. Bax, bu əzabların, bu dərdlərin
təndirində bişirdi Rübabə Muradova. Gör neçə ildir ki, biz onsuz
qalmışıq. Amma bir təsəllimiz
var ki, gedən nəfəs, qalan səsdir. Yenə də sözü ilə, yanıqlı nəfəsi
ilə baş-başayıq. "Qaragilə", "Ay
günahsız əzizim", "Ahu kimi", "İndi məni
tanımadın", "Təki sən səslə məni"
və başqa bir neçə mahnısı var ki, onları
tez-tez dinləyirsən, elə bil ki, havan çatmır. Bu kədərli səsin ahəngindəki həyat
eşqi elə şirin, elə qəribədir ki, ondan
heç vaxt, heç vədə doymaq olmur.
İnsanın kədərə, qəmə can atmasını
ancaq və ancaq Rübabə Muradovanın yanıqlı səsinin
qüdrətində duyursan. Ona görə də
vaxtaşırı doğma səsi eşitmək istəyirsən.
Bu səsin sənə gətirdiyi tənhalıqda
bir könül rahatlığı tapırsan. Sanki səsdəki himə bəndsən ki,
özün olasan, hissinə, duyğuna bələdçilik
edəsən. Allah sənə rəhmət eləsin,
Rübabə xanım!
Çox az yaşadın. Amma min ilin qəribi
kimi həsrət çəkdin. Araz
özü boyda gözyaşına bənzədi. Elə nakam, elə dərdli getdin ki, nə
açılan yollardan, nə qovuşan talelərdən xəbərin
oldu. İndi dünya sən görən
deyil. Həsrətin bizi göynətsə
də, dərdin könlümüzdə lövbər salsa da,
bircə təsəllimiz var ki, nəğmən qulaqlarda həmişə
səslənir.
Xalq
artisti Kamil Cəlilov danışır: "Rübabə
xanım vəfatından öncə vəsiyyət etmişdi
ki, mən onun cənazəsi başında "Segah"
çalım. Çünki mənə həmişə
deyərdi ki, ay Kamil, sən "Segah" çalanda elə
bilirəm ki, Ərdəbildəyəm. Gözlərimi
yumuram, açanda mənə qalan isə gözyaşları
olur. Elə istəyirəm ki, nə sən
çalğını kəsəsən, nə də mən
gözlərimi açam. İnanın, mən
"Segah"ı çalanda Rübabə xanımın bu
sözlərini xatırlayırdım. Fikirləşirdim
ki, indi onun ruhu Ərdəbilə qanadlanır".
Çox sonralar eşitdim ki, Rübabə Muradovanın bacıları
onun bir vəsiyyətinə əməl ediblər. Doğma Ərdəbildən,
öz bağçalarından bir ovuc torpaq gətirərək
Vətən həsrətli müğənnimizin məzarı
üzərinə səpiblər.
...Xəstəxana
görüşümüzdən sonra onun musiqisiz bir nəğməsini
də televiziyadan eşitdim. Əslində, bu, onun son ifası
idi:
Sən
deyən vaxt deyil,
Yumul, bənövşəm,
yumul!
Sözlərin müəllifi Nüsrət Kəsəmənlidir. Amma Rübabə
xanımın son anda dərdlərinin ifadəsi kimi səsləndiyindən
elə bilirəm ki, bədahətən deyirdi. Gedəcəyini duyubmuş kimi, arzularının, istəklərinin
yumulmasına can atdı. Qışın
qar-boranı vədəsiz də olsa, başının
üstünü çox amansızlıqla kəsdirmişdi.
İndən belə çiçəklənməyin, bir qom bənövşə olmağın heç
yeri deyildi! O an elə düşündüm ki, bu səs
dünyaya yayılır. Eləcə də Təbrizin
küçələrində, Bakının eyvanlarında bir
"Qaragilə" ağlayırdı:
Təbrizin
küçələri dolanbadolan,
Qaragilə,
dolanbadolan,
Sən
ki, məni sevmədin,
Get
ayrı dolan,
Qaragilə, get, ayrı dolan.
Axı
insanlar səni sevirdi, Rübabə xanım, həm də
çox sevirdi...
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 31 mart.- S.7.