Fransada Azərbaycan günləri davam edir

 

Azərbaycanı dünyanın mədəniyyət beşiyi olan Fransada daha yaxından tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və bu ölkədəki səfirliyimizin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Atlantik okeanının sahilində yerləşən qədim tarixə malik La Roşell şəhərində Azərbaycan günləri keçirilir.

Ölkəmizin zəngin tarixini və mədəni  irsini əks etdirən sərgini açan şəhərin meri Maksim Bono bildirmişdir ki, sərgidə nümayiş etdirilən Azərbaycanın mədəni dəyərləri ilə  tanışlıq şəhər sakinlərinin  az tanıdıqları bu ölkə barədə müəyyən məlumat əldə etməsində müstəsna əhəmiyyətə malikdir.

Puatu-Şarant regionundan deputat seçilən Jan-Lük Draponun sərginin açılışında iştirak etdiyini xatırladan mer onun Milli Assambleyadakı Fransa-Azərbaycan dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycana səfər etdiyini,  ölkəmizdən xoş təəssürat aldığını, məhz onun sayəsində La Roşelldə sərgi və konsertin təşkil edildiyini diqqətə çatdırmış, Azərbaycan ilə  Fransa arasında əməkdaşlıq imkanlarından bəhs etmiş, təhsil və digər sahələrdə əlaqələrin vacibliyini vurğulamışdır.

Sərgidəki eksponatların mədəniyyət müxtəlifliyindən xəbər verdiyinə toxunan Maksim Bono bu gün La Roşelldə keçirilən Azərbaycan günlərini Fransa ilə Azərbaycan arasında əməkdaşlığın və dostluğun təcəssümü kimi səciyyələndirmiş, xalqlar arasında dostluğun artıq real bir hadisəyə çevrildiyini qeyd etmişdir.

Sərgi və konsertin Azərbaycan mədəniyyətini yaxından tanıtmaq məqsədi daşıdığını diqqətə çatdıran səfir Elçin Əmirbəyov Fransanın müxtəlif regionlarında və əyalətlərində ölkəmizin mədəniyyətinin təbliği ilə bağlı günlərin keçirilməsində xüsusi əməyi olan  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.

"Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" ilə bağlı sərgi və konsertin ötən ilin oktyabr ayından etibarən keçirilməyə başladığını xatırladan səfir keçən il bu bölgənin NiortKonyak şəhərlərində Azərbaycan günləri ilə bağlı tədbirlərin təşkil edildiyini bildirmiş, bu gün artıq onuncu şəhərdə - La Roşelldə keçirildiyini, iyul  ayınadək tədbirlərin davam etdiriləcəyini və həmin vaxtadək bu ölkədə Azərbaycan günlərinin keçirildiyi şəhərlərin sayının 19-a çatacağını söyləmişdir.

La Roşell şəhəri ilə bağlı məşhur fransız yazıçısı Aleksandr  Dümanın (ata) "Üç muşketyor" romanında xüsusi epizodlar olduğunu vurğulayan E.Əmirbəyov yazıçının Qafqaza, o cümlədən Azərbaycana səfərindən danışmış, Bakının Xəzər dənizinin, La Roşellin isə Atlantik okeanının sahilində yerləşməsinin bu şəhərlər arasında müəyyən oxşarlıqdan xəbər verdiyini vurğulamışdır.

Səfir bildirmişdir ki, Azərbaycan Fransa ilə bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrini genişləndirir. Fransanın paytaxtında mütəmadi olaraq Azərbaycan ilə bağlı mədəniyyət günləri, müxtəlif sərgilər, festivallar və konsertlər təşkil olunur. Fransanın bəzi universitetlərində Azərbaycan dili tədris olunur, yüzlərlə azərbaycanlı tələbə Fransanın ali məktəblərində təhsil alır. Keçən il Qafqazın ən böyük dövləti olan Azərbaycanın paytaxtı Bakıda ilk fransız məktəbinin binasının təməli qoyulmuşdur. Tolerantlıq ənənələrinə sadiq qalan Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra demokratik dəyərlərə əsaslanan sivil cəmiyyət yaratmaq yolu tutmuşdur. Azərbaycan zəngin tarixi və mədəni irsə malikdir. La Roşellilər konsert zamanı bunun canlı şahidi olacaqlar.

Azərbaycanın qədim xalçaları, palazları, xurcunları, misgərlik və dulusçuluq sənəti nümunələri, qədim kişi və qadın geyimləri və digər eksponatlar fransızlar arasında ölkəmizə qarşı hədsiz maraq oyatmışdır. Sərgi iştirakçılarına Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, ayrı-ayrı şəhərləri ilə bağlı kitab və broşürlər paylanmışdır.

Sərgidən sonra "Muğam" instrumental və respublikanın xalq artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs  ansambllarının iştirakı ilə konsert təşkil olunmuşdur.

Konsertdən əvvəl çıxış edən şəhərin meri Maksim Bono mədəni irsin nümunələrindən biri olan musiqinin təmsil edilməsinin ölkəni tanımaqda və  xalqların yaxınlaşmasında mühüm  əhəmiyyət daşıdığını bildirmişdir.

Səfir Elçin Əmirbəyov Azərbaycanın yalnız yeraltı sərvətlərlə deyil, həm də mədəniyyət müxtəlifliyi ilə zəngin bir ölkə kimi dünyada tanındığını, muğamın xalqımızın ən qədim ənənəvi musiqisi olduğu və 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini vurğulamışdır.

Azərbaycan incəsənət ustalarının çıxışları, xüsusilə rəqs qrupunun ifa etdiyi milli rəqslər tamaşaçıların hədsiz marağına səbəb olmuşdur.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

La Roşell

 

Azərbaycan.-2013.- 31 mart.- S.7.