Azərbaycan və İtaliya
gənclər təşkilatları arasında əməkdaşlıq imkanları
müzakirə edilmişdir
Xəbər
verdiyimiz kimi, martın 28-29-da İtaliyanın paytaxtı Roma
şəhərində Xaricdə Təhsil Alan və Məzun
Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun
(ASAİF) növbəti - Roma forumu keçirilir.
"Azərbaycan
2020. Gənclərin baxışı"
başlığı altında və "2020-ci ilə
baxış: Mənim Azərbaycanım - mənim gələcəyim"
şüarı ilə keçirilən forum çərçivəsində
Azərbaycan və İtaliya gənclər təşkilatları
arasında görüş keçirilmişdir.
Görüşdə gənclər və idman nazirinin
müavini İntiqam Babayev və İtaliya Nazirlər Kabineti
yanında Gənclər və Dövlət Mülki Xidməti
rəhbərinin müşaviri Mauro Skanu çıxış
edərək, hər iki ölkənin gənclər və tələbə
təşkilatlarını sıx əlaqələr
qurmağa, birgə və beynəlxalq layihələr çərçivəsində
əməkdaşlıq etməyə
çağırmışlar.
Sonra
hər iki ölkənin gənclər təşkilatlarının
nümayəndələri təmsil etdikləri qurumları təqdim
etmişlər. Görüşdə məktəbli və gənclər
arasında birgə layihələr, o cümlədən italyan
və azərbaycanlı gənclərin iştirakı ilə
gənclər həftəsinin, fəal italyan gənclərin
"Azərbaycanın gənc dostları" layihəsi
çərçivəsində Azərbaycana səfərinin
təşkil olunması barədə təkliflər səsləndirilmişdir.
Görüşdən
sonra "İrəli" İctimai Hərəkatı ilə
İtaliyanın "Giovanni nel Mondo" təşkilatı
arasında, Azərbaycan Tələbə-Gənclər Təşkilatları
İttifaqı ilə "AİESEC" beynəlxalq tələbə
təşkilatının İtaliya qolu və İtaliyanın
təşkilatçılığı üzrə fəaliyyət
göstərən Tələbə Hərəkatı
arasında, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası
Təşkilatı İctimai Birliyi (AGAT) ilə
İtaliyanın Aktiv Səyahətçilərin Ostia Hərəkatı
(A.T.O.M.) arasında əməkdaşlığa dair memorandum
imzalanmışdır.
Elgün Niftəliyev,
AzərTAc-ın xüsusi müxbiri
Roma
Azərbaycan.-2013.- 30 mart.- S.3.