Kiyev Milli Linqvistik Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin
açılması ulu öndər Heydər
Əliyevin 90 illik yubileyinə layiqli töhfədir
Dünyanın nüfuzlu mədəniyyət mərkəzləri və ali təhsil ocaqları ilə səmərəli əməkdaşlıq Bakı Slavyan Universitetinin (BSU) fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Universitetin ölkə hüdudlarından kənarda apardığı işlərin əsasında isə Azərbaycan dilinin, mədəniyyətinin, ümumilikdə azərbaycanşünaslığın təbliği dayanır.
Azərbaycanşünaslıq
ixtisası üzrə kadr hazırlığı istiqamətində
böyük təcrübə toplamış BSU tərəfindən
dilimizi və mədəniyyətimizi təbliğ etmək məqsədilə
müxtəlif ölkələrin universitetlərində Azərbaycan
dili və mədəniyyəti mərkəzlərinin
yaradılması və onların fəaliyyətinin təmin
edilməsi istiqamətində böyük işlər həyata
keçirilir. Bu gün Rusiyanın Moskva Dövlət Linqvistik
Universiteti, Belarusun Maksim Tank adına Dövlət Pedaqoji
Universiteti və Ukraynanın Poltava İqtisadiyyat və Ticarət
Universiteti kimi nüfuzlu ali təhsil ocaqlarında Azərbaycan
dili və mədəniyyəti mərkəzləri fəaliyyət
göstərir.
Bu mərkəzlərdə
müntəzəm olaraq məşğələlər
keçirilir, tələbələr üçün
vaxtaşırı Azərbaycanın görkəmli elm və
mədəniyyət xadimləri, tanınmış
ziyalıları və ictimai xadimləri ilə
görüşlər, Azərbaycan yazıçılarına,
şairlərinə həsr olunmuş gecələr təşkil
olunur, milli və dövlət bayramları, Azərbaycanın
unudulmaz tarixi hadisələri qeyd edilir. Bu mərkəzlərin
yaradılması yalnız universitetlərarası əlaqələrin
inkişafı üçün deyil, həm də ölkələrarası
siyasi, tarixi, mədəni-kulturoloji və elmi əlaqələrin
möhkəmlənməsi baxımından da böyük əhəmiyyət
kəsb edir.
BSU-dan
AzərTAc-a bildirmişlər ki, belə mərkəzlərin
sırasına daha biri də əlavə olunmuşdur. Hələ
2010-cu ilin oktyabrında BSU ilə Ukraynanın Kiyev Milli Linqvistik
Universiteti (KMLU) arasında uzunmüddətli əməkdaşlıq
haqqında imzalanmış müqaviləyə əsasən,
universitetlərarası tələbə-müəllim
mübadiləsi, müştərək elmi konfransların,
seminarların təşkili, birgə elmi əsərlər məcmuələrinin
və elmi-metodik vəsaitlərin hazırlanması və ən
əsası KMLU-da Azərbaycan dilinin tədrisi və Azərbaycan
Dili və Mədəniyyəti Mərkəzinin
yaradılması barədə mühüm razılaşma əldə
edilmişdir.
Artıq
KMLU-da müvafiq mərkəzin açılması ilə
bağlı hazırlıq işləri sona
çatdırılmış və mərkəz Azərbaycanın
ədəbiyyatına, tarixinə, siyasətinə dair
materiallarla təchiz olunmuşdur. BSU bu mərkəzi yalnız
metodik vəsaitlərlə təmin etməklə kifayətlənməmişdir.
Burada müasir texniki avadanlıq
quraşdırılmış, xüsusi kitabxana fondu
yaradılmış, xalqımızın mədəniyyətini
və tarixini, zəngin milli adət-ənənələrini əks
etdirən eksponatlar yerləşdirilmişdir.
Azərbaycanşünaslıq
ixtisası istiqamətində Azərbaycan dilinin, ədəbiyyatının,
mədəniyyətinin, tarixinin tədrisi məqsədilə
filologiya elmləri doktoru, BSU-nun professoru Rafiq Novruzov KMLU-ya ezam
edilmişdir.
Martın
29-da Azərbaycan xalqının ümummilli liderinin anadan
olmasının 90 illik yubileyi ərəfəsində KMLU-da
Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzinin rəsmi açılışı
olmuşdur.
Mərasimdə Azərbaycanın
Ukraynadakı səfirliyinin təmsilçiləri, BSU-nun və
KMLU-nun rektorları, Ukrayna Azərbaycanlıları Konqresinin sədri,
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
nümayəndələri, Azərbaycan Televiziyasının
Ukrayna və Şərqi Avropa üzrə nümayəndəliyinin
başçısı, KMLU-nun tələbələri və
Kiyevin ali təhsil müəssisələrində təhsil
alan azərbaycanlı tələbələr iştirak
etmişlər.
Mərasimi
giriş sözü ilə KMLU-nun rektoru, professor Roman Vasyuk
açaraq iki universitet
arasındakı müqaviləyə əsasən, fəaliyyət
göstərəcək mərkəzin
açılışını əlamətdar hadisə kimi
qiymətləndirmişdir. Bildirmişdir ki, bu hadisədən
əvvəl daha bir mühüm yenilik baş vermişdir: Azərbaycan
dili KMLU-nun şərqşünaslıq fakültəsində
öyrənilən dillərin kadastrına daxil edilmişdir.
Artıq üçüncü kurs tələbələri mərkəzdə
məşğul ola bilərlər. Burada onlar Azərbaycan
dili, tarixi və mədəniyyəti ilə bağlı zəngin
ədəbiyyatla tanış olmaq imkanı əldə
etmişlər.
BSU-nun
rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev
bu əlamətdar hadisə münasibətilə tədbir
iştirakçılarını təbrik edərək
bildirmişdir ki, bu, Poltava İqtisadiyyat və Ticarət
Universitetində fəaliyyət göstərən mərkəzdən
sonra BSU-nun təşəbbüsü ilə Ukraynada
açılmış ikinci mərkəzdir. Ümummilli lider
Heydər Əliyevin adını daşıyan və
açılışı ulu öndərin anadan
olmasının 90 illiyinə təsadüf edən bu mərkəz
iki dost xalqın daha da yaxınlaşmasında əvəzsiz
rol oynayacaqdır.
Daha
sonra tədbirdə Azərbaycanın təhsil naziri Misir Mərdanovun,
Azərbaycanın Ukraynadakı və Ukraynanın ölkəmizdəki
səfirlərinin, eləcə də Poltava İqtisadiyyat və
Ticarət Universiteti rektorunun təbrik məktubları
oxunmuşdur.
ARDNŞ-in
nümayəndəsi şirkətin mərkəzi linqafon
kabineti və interaktiv lövhə ilə təchiz etməklə
onun təşkilinə öz töhfəsini verdiyini
demişdir.
Ukraynada Azərbaycan diaspor təşkilatının
sədri Rövşən Tağıyev demişdir kii, bu mərkəz Kiyevdə Azərbaycanın təhsil
və mədəniyyət guşəsi kimi fəaliyyət
göstərəcəkdir.
Tədbirin
sonunda azərbaycanlı və ukraynalı tələbələr
milli geyimlərdə konsert proqramı ilə
çıxış etmişlər.
Hazırda
BSU-nun təşəbbüsü və dəstəyi ilə
bir sıra xarici ölkələrin nüfuzlu universitetlərində
yeni Azərbaycan tədris-mədəniyyət
mərkəzlərinin təşkili istiqamətində intensiv
iş aparılır və imzalanmış əməkdaşlıq
müqavilələri çərçivəsində Azərbaycan
dilinin, ədəbiyyatının, mədəniyyətinin,
tarixinin geniş təbliği, tədrisi və tədqiqi sahəsində
uğurlu addımlar atılır. BSU ilə Almaniyanın
Yohannes Quttenberq Universiteti (Mayns), Rusiyanın Ural Federal Universiteti,
Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına
Sofiya Universiteti arasında əməkdaşlıq müqavilələri
imzalanmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 30 mart.- S.7.