Pakistanın nüfuzlu «Diplomatic Star» jurnalında «31 mart –1918-ci ilin qanlı yaddaşı» sərlövhəli məqalə dərc edilmişdir

 

Pakistanın nüfuzlu ingilisdilli "Diplomatic Star" jurnalının 29 mart tarixli nömrəsində "31 mart - 1918-ci ilin qanlı yaddaşı" sərlövhəli məqalə dərc edilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, yazıda hər il martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğu vurğulanmışdır. Müəllif əsrlər boyu "böyük Ermənistan" xülyası ilə yaşayan erməni şovinistlərin öz məkrli niyyətlərinə çatmaq üçün hər vasitəyə əl atdıqlarını, dinc əhaliyə qarşı misli görünməmiş cinayətlər törətdiklərini yazır.

Məqalədə Gülüstan və Türkmənçay müqavilələrindən sonra Azərbaycanın iki hissəyə bölündüyü, rus çarı I Nikolayın imzaladığı fərmanla İrandan və Türkiyədən Azərbaycanın tarixi torpaqlarına on minlərlə erməninin köçürüldüyü, onların böyük bir hissəsinin Qarabağda və İrəvanda yerləşdirildiyi qeyd edilmişdir.

Yazıda 1918-ci ildən başlayaraq təpədən dırnağa qədər silahlanmış erməni millətçiləri tərəfindən rus bolşevikləri ilə birgə Azərbaycanın Bakı, Şamaxı, Quba, Naxçıvan, Lənkəran, Zəngəzur və digər yerlərində 50 mindən çox günahsız insanın qəddarcasına öldürüldüyü, həmin ərazilərdə yüzlərlə kəndin Yer üzündən silindiyi vurğulanmışdır. Təkcə Bakıda 30 mindən çox insanın amansızlıqla qətlə yetirildiyi vurğulanan yazıda diqqətə çatdırılmışdır ki, erməni millətçiləri qonşu Azərbaycana və Gürcüstana torpaq iddialarından hələ də əl çəkmirlər.

İkinci Dünya müharibəsindən sonra Suriya, Yunanıstan, Livan, İran, Bolqarıstan, ABŞ, Fransa və digər ölkələrdən Ermənistana 509 min erməninin köçürüldüyünün qeyd olunduğu yazıda bildirilmişdir ki, 1948-1953-cü illərdə sovet rəhbərliyinin qərarı ilə on minlərlə azərbaycanlı Ermənistandan, öz dədə-baba torpaqlarından respublikamızın aran rayonlarına köçürülmüşdür.

Məqalədə 1980-ci illərin sonunda keçmiş SSRİ-də baş verən hadisələrdən sui-istifadə edən ermənilərin öz çirkin ssenarilərini yenidən işə saldıqları və Azərbaycana qarşı torpaq iddiaları qaldırıldığı qeyd edilmişdir. Müəllif 250 min azərbaycanlının Ermənistandan deportasiya edildiyini və bununla da, ölkələrini monoetnik respublikaya çevirmək planına nail olduqlarını bildirmişdir.

Yazıda Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət nəticəsində respublikamızın torpaqlarının 20 faizinin işğala məruz qaldığı, 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin düşdüyü, 30 min insanın isə qətlə yetirildiyi qeyd olunmuşdur. Məqalənin Xocalı soyqırımından bəhs edilən hissəsində dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər, yüzlərlə uşaq, qadın və ahılın xüsusi amansızlıqla qətlə yetirilməsi haqqında məlumat verilmişdir.

Məqalədə həmçinin qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycan xalqımıza qarşı aparılmış soyqırımı siyasətinə müvafiq hüquqi qiymət vermək imkanı əldə etmişdir. Müəllif ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu vurğulamışdır.

Yazının tam mətni ilə http://www.diplomaticstar.com/magazine/31st-march-the-day-of-genocide-of-the-azerbaijanis.html linkindən tanış olmaq mümkündür.

 

 

Azərbaycan.-2013.- 30 mart.- S.4.