İrəvan quberniyasında erməni
amansızlığı
Birinci Dünya müharibəsinin çar Rusiyası üçün
ağır siyasi nəticələri ermənilərin
iddia etdikləri "Türkiyə Ermənistanı"
planlarını puça
çıxardı. 1917-ci il Oktyabr çevrilişindən sonra Rusiyada hakimiyyətə
gəlmiş bolşeviklər 1918-ci il
martın 3-də Brest-Litovsk müqaviləsilə
Osmanlı dövlətinin
1877-1878-ci illərə qədərki sərhədlərini
tanıyaraq, əslində, "Türkiyə Ermənistanı"
haqqında 29 dekabr 1917-ci ildə elan olunmuş dekretdən imtina etdiklərini bildirdilər. Bundan sonra erməni millətçiləri
öz dövlətlərini məhz Qafqazda yaradılmasını çinayət fəaliyyətlərinin
əsas məqsədi kimi seçdilər. Təbii ki,
həmin dövlətin yaradılması qonşu
ölkələrin torpaqları (Azərbaycan və Gürcüstan əraziləri) hesabına təmin
olunmalı idi.
Ermənilərə
bu niyyətlərinin həyata keçirilməsinə bir
sıra amillər şərait yaradırdı. İlk növbədə,
Birinci Dünya müharibəsi dövründə rus ordusu ilə
paralel olaraq, onun tərkibində Osmanlı dövlətinə
qarşı vuruşan könüllü erməni silahlı dəstələrinin
cəhbədən qayıdaraq
Cənubi Qafqazda cəmləşməsi, gələcək
hərbi qarşıdurmalar baxımından ermənilərə
çox böyük üstünlüklər verdi.
İkincisi, 1917-ci il fevral inqilabından sonra erməni siyasi təşkilatları
açıq fəaliyyətə keçdilər və
onların nümayəndələri Cənubi Qafqazın
bütün seçkili orqanlarında təmsil olundular (azərbaycanlılarla
və gürcülərlə yanaşı). 1917-ci il Oktyabr
çevrilişindən sonra Cənubi Qafqazda ali hakimiyyəti
təcəssüm edən
Zakafqazya Seyminin tam hüquqlu üzvləri kimi ermənilər Osmanlı dövləti ilə sülh danışıqlarında
(1918-ci ilin mart-may aylarında Trabzon və Batumda-İ.N.)
iştirak etdilər. 1915-1916-ci illərdə erməni
silahlı dəstələrinin Şərqi Anadoluda dinc türk-müsəlman əhalisinə
qarşı törədikləri soyqırımına cavab
olaraq Osmanlı hökümətinin gördüyü tədbirlər
nəticəsində böyük sayda erməni Qafqaza
köçdü. Sonralar Ararat Respublikasının ilk baş
naziri və "Daşnaksütyun" partiyasının liderlərindən
biri olan Hovanes Kaçaznuninin yazdığı kimi, onlar
"on və yüz minlərlə Rusiya ermənilərinin qəzalarına
dolmuşdular". Həmin nəhəng
axının harada gəldi yox, məhz İrəvan quberniyasının ərazisində
yerləşdirilməsi nəticəsində bu yerlərdəki
erməni əhalisi qısa müddətdə dəfələrlə
artdı. Bu proses erməni qaçqınları ilə birgə
Qafqaz cəhbəsindən qayıdan erməni silahlı dəstələri
tərəfindən yerli müsəlman əhalisinin zorla
öz torpaqlarından qovulması ilə müşahidə
olunurdu (1917-ci il Qafqaz təqviminin məlumatına görə
İrəvan quberniyasında azərbaycanlıların sayı
373582 nəfər idi). Beləliklə, ermənilər Cənubi
Qafqazda gələcək dövlətləri üçün
ərazilərin təmizlənməsinə başladılar.
Belə ki, "1918-ci ilin mart ayına qədər İrəvan
quberniyasının qarət olunmuş və tərk edilmiş
müsəlman kəndlərinin siyahısı" adlı sənəddə
göstərilir ki, İrəvan, Sürməli, Üçmiədzin,
Yeni Bəyazid qəzalarında ermənilər tərəfindən
dağıdılan və məhv edilən müsəlman kəndlərinin
ümumi sayı 199 təşkil edir. Ümumlikdə, 1918-ci
ilin yanvarından may ayına kimi, yəni, türk
qoşunları İrəvan quberniyasına daxil olana qədər,
burada ermənilər tərəfindən 300-dən çox
müsəlman kəndi dağıdılmış, onların
əhalisi isə qətllərə və zorakılıqlara məruz
qalmışdı.
1918-ci
ilin mayında keçmiş İrəvan quberniyasının ərazisində
Ararat Respublikasının yaradılması hadisəsini onun ilk
baş naziri H.Kaçaznuni belə qiymətləndirirdi:
"Biz Ermənistanın sahibləri olmalı idik. Əks
halda, onu birdəfəlik itirə bilərdik". Müstəqilliyi
elan olunmuş Ararat Respublikasının nə ərazisi, nə
də paytaxtı vardı. 29 may 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyəti İrəvan
şəhərini Ararat Respublikasına güzəştə
getdi. 1918-ci ilin iyunun 4-də Batumda Osmanlı dövləti ilə
Ararat Respublikası arasında bağlanmış müqaviləyə
əsasən, sonuncunun ərazisi
cəmi 10 min kvadratkilometr müəyyən edildi. Bu,
İrəvan quberniyası ərazisinin təxminən
üçdə bir hissəsini təşkil edirdi (1917-ci il
Qafqaz təqviminin məlumatına görə İrəvan
quberniyasının ümumi sahəsi 23194,79 verst olub).
Müqavilənin VI bəndinə
əsasən, Ermənistan höküməti öz ərazisində
yaşayan müsəlman əhalisinin təhlükəsizliyini,
azad inkişafını, ana dilində təhsil almaq, dini ayinlərin
sərbəst icrasına şərait yaratmaq haqqında
öhdəliklər götürürdü. Lakin sonrakı
hadisələr onu göstərdi ki, müstəqil erməni
dövlətinin elan olunmasından sonra hakimiyyətə gələn
"Daşnaksütyun" partiyası keçmiş İrəvan
quberniyasının ərazisində yaşayan müsəlman əhalisinə
qarşı soyqırımı siyasətini dövlət səviyyəsində həyata
keçirdi. Bu cinayətlərin
sarsıdıcı mənzərəsini yaradan onlarla
teleqram, məktub və digər sənədlər bu gün Azərbaycan
Respublikasının arxivlərində saxlanılır. Bu sənədlərin
toplanmasında və dünya ictimayyətinə
çatdırılmasında ilk tədbirlər hələ Azərbaycan
Xalq Cümhuriyyəti dövründə
görülmüşdü. Minlərlə həmvətənimizin
soyqırımını qarşısına məqsəd
qoymuş ermənilərdən çəkdiyi qeyri-insani
zülmü təsvir edən bu sənədləri həyəcansız
oxumaq mümkün deyildir. Onların arxasında nə qədər
müsibət, dəhşət, ölüm
dayandığını təsəvvürə gətirmək
qeyri-mümkündür.
Azərbaycan
Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi tərəfindən
1919-cı ilin iyunun 10-da Ermənistandakı diplomatik nümayəndəliyin
M.X.Təkinskiyə göndərilmiş şifrəli teleqramda təlimat
verilirdi ki, İrəvan quberniyasında dağıdılan kəndlərin
nümayəndələrinin köməyi ilə müsəlmanların
əhali itkisi, mülkiyyətinə dəyən ziyan, adı
və soyadı, yaşı və yaşayış yeri, cinsi
göstərilməklə öldürülən şəxslər,
əsir götürülmüş adamlar haqqında məxfi
şəkildə statistik məlumatlar toplayıb Xarici
İşlər Nazirliyinə göndərsin.
Verilmiş
təlimata uyğun olaraq, M.X.Təkinskinin yardımı ilə
İrəvan müsəlman milli şurası təcili şəkildə
İrəvan quberniyasında yaşayan azərbaycanlıların
dözülməz vəziyyəti
haqqında Avropanın böyük dövlətləri və
Amerika üçün məlumat hazırladı və Azərbaycan
Xarici İşlər Nazirliyinə göndərdi. Məlumatda
deyilirdi: "Silahlı və qarətçi erməni dəstələri
şəhərlərdə, qəzalarda və kəndlərdə,
hətta Ermənistan dövlətinin paytaxtı İrəvanda
da ac qurdlar kimi müsəlmanlara hücum çəkirlər,
hər gün gecə vaxtı üç-dörd müsəlman
kəndi basqınlara, qarətlərə və qətllərə
məruz qalır. Bu nəhayətsiz
zorakılıq şəraitində yaşaya bilməyən
müsəlmanlar hər gün öz əmlaklarını
atıb, abad yurd-yuvalarını tərk edirlər; hara
baxırsan, minlərlə yetim və dul qadını,
müflisləşmiş və köməksiz kişiləri
görürsən. Minlərlə müsəlman kəndlisini
hökumət öz doğma kəndlərinə buraxmır,
hüquqsuz və ev-eşiksiz, ac-yalavac və
çıl-çılpaq insanlar miskin həyat sürür,
xəstəliklərə tutulur, köməksiz və himayəsiz
küçələrdə ölür, məhv olurlar. Əgər
belə vəziyyət yenə davam edərsə, Ermənistanda
yaşayan müsəlmanlar labüd məhvə məhkumdurlar".
Bu cür faktlar o dövrün digər sənədlərində də öz əksini tapmışdır. Belə ki, İrəvan şəhəri (1917-ci il Qafqaz təqviminin məlumatına görə İrəvanda 12557 nəfər azərbaycanlı yaşayırdı) paytaxt kimi ermənilərə veriləndən dərhal sonra ermənilər şəhərin azərbaycanlı əhalisinə qarşı müntəzəm terrora əl atdılar. İrəvanda müsəlman əhalisinə qarşı zorakılıqların şahidlərindən biri 1919-cı ildə yazırdı: "İrəvandakı müsəlman bazarı tamamilə yandırıldı, mallar qarət olundu. Az-çox salamat qalmış dükanları hissə-hissə talayırdılar... Ermənilər tərəfindən tutulmuş evlərin başına da bu oyunlar açılır... Yüzlərlə belə ev saymaq olardı. Müsəlmanların meyvə bağları, üzümlükləri və bağçaları vəhşicəsinə məhv edilirdi. Müsəlmanlar o qədər müdafiəsiz idilər ki, günün günorta çağı, daha gecələri demirəm, hətta şəhərin müsəlmanlar yaşayan hissəsində onların pal-paltarlarını, əgər bir işə yarayırsa, soyundurub əllərindən alırlar. Müsəlmanların pulunu və qiymətli zinət əşyalarınıE əllərindən alırlar... Etiraz etdikləri halda, yerindəcə güllələnirlər. Onların şəxsi evləri də qarətdən və zorakılıqdan qurtula bilmir, təpədən dırnağa kimi silahlanmış erməni gəncləri "artıq" əşyaları talayıb aparırlar. Gün batmamış müsəlmanlar evlərinə tələsir, qapı və pencərələrini tamamilə bağlayırlar... İrəvan müsəlmanlarının keçirdikləri məhrumiyyətləri, əzabları və işgəncələri qələmə almaq mümkün deyildir. Çoxları dözmür, başlarına hava gəlir, vaxtından qabaq qocalırlar. Bütün bunlar indinin özündə də Ermənistanın paytaxtı İrəvanda baş verməkdədir".
Yeni Bəyazid qəzasının Göyçə rayonunun 5-ci sahəsinin səlahiyyətli nümayəndəsi İsmayıl Sultanovun 1919-ci ildə Gəncə qəza rəisinin adına daxil olmuş məlumatında deyilirdi: "Ararat Respublikası qoşunlarının Yeni Bəyazid qəzasının Göyçə rayonunun dinc müsəlman kəndləri üzərinə hücumları başlamışdır. Hal-hazırda 60 min əhalisi olan 22 kənd dağıdılmış, yandırılmış və boşaldılmışdır. Ermənilərin və erməni hökumətinin keçmiş qonşularına və müsəlman təbəələrinə qarşı törətdikləri qeyri-insani qanlı əməlləri görəndə insanı dəhşət bürüyür. Ermənilər xahişlərə, yalvarışlara və müsəlman əhalisinin ah-vaylarına məhəl qoymurlar. Erməni döyüşçüləri əllərinə düşmüş müsəlmanları sağ buraxmırlar, əksinə, görünməmiş işgəncələr verir, qadınları, uşaqları, qocaları və gəncləri öldürürlər. Yalnız az sayda qadın və yeniyetmə qızlar müstəsnalıq təşkil edir... Sağ qalan qaçqınlar qoşun tərəfindən təqib olunur... dərələrdə və qarlı zirvələrdə gizlənir... qar içində batır və kütləvi surətdə qırılırlar. Ararat Respublikası vəzifəsini başa vurmuşdur. Göyçə rayonunda daha müsəlmanlar qalmayıb. Bu günə kimi Yeni Bəyazid qəzasında 84 müsəlman kəndi məhv edilmişdir".
Azərbaycan Xarici İşlər Nazirliyinin müttəfiq dövlətlərin Cənubi Qafqazdakı ali komissarına göndərdiyi məktubdan görünür ki, 1919-cu ilin avqust-sentyabrında erməni qoşunları tərəfindən Üçmiədzin, Sürməli, İrəvan, Yeni Bəyazid qəzalarındakı azərbaycanlı kəndləri yenidən dağıdılmışdı. Üçmiədzin qəzasında bir kənd belə salamat qalmamışdı. "Dağıntıda qoşun hissələri ilə birlikdə yerli erməni əhalisi də iştirak edirdi. Qarabağ erməniləri isə xüsusi amansızlıq nümayiş etdirirdilər. Həmişəki kimi, qaçanlar istisna olmaqla, kişilər, əsasən, küt alətlərlə öldürülmüş, qadınlar isə zorlanmış və əsir götürülmüşdür". Erməni qoşunlarının komandanı general Dro öz qoşunlarının bu hərəkətlərini "arxa cəbhənin təmizlənməsinin" zəruriliyi və "strateji şəraitlə" izah edirdi. AXC Daxili İşlər Nazirliyinin fondunda saxlanılan xüsusi siyahı-sənəddə təkcə 1919-cu ilin iki ayı ərzində ermənilər tərəfindən Üçmiədzin qəzasında 62, Sürməli qəzasında isə 34 müsəlman kəndinin məhv edildiyi göstərilir. İrəvan qəzası haqqında sənəddə bircə sətir yazılıb: "Zəngibasar kəndlərindən başqa, qalan bütün yaşayış məntəqələri məhv edilmişdir". Məlumata görə, təkcə Yeni Bəyazid, Üçmiədzin və İrəvan qəzaları üzrə 1919-cu ilin sonunda qaçqınların sayı 200 min nəfərə çatmışdı.
Bu cinayətlər o qədər kütləvi hal almışdı ki, hətta ermənilərin içərisində müəyyən dairələr bu faciəli hadisələrə etiraz etməli olmuşdular. Ermənistan parlamentinin eser fraksiyası Daxili İşlər Nazirliyinə ünvanladığı sorğuda bildirilirdi ki, "...son üç həftə ərzində İrəvan, Üçmiədzin və Sürməli qəzalarının bir sıra tatar (azərbaycanlı - İ.N.) kəndləri... qarət və qətllərə məruz qalaraq, tatar (azərbaycanlı - İ.N.) əhalisindən "təmizlənir". Yerli hakimiyyət, nəinki buna maneçilik törətmir, hətta özü baş verən qarət və talanlarda iştirak edir..."
Sovet İttifaqının həm siyasi, həm fiziki mənada ən uzunömürlü kommunist liderlərindən olan A.Mikoyanın bu məsələdə mövqeyi xüsusi marağ doğurur. O, yazırdı: "Erməni şovinistləri... Qara dənizdən Aralıq dənizinə qədər tarixi hüdudlarda "Böyük Ermənistan" yaratmaq kimi cinayətkar ideyanın şirin xülyasına ümüd bəsləyirlər. Müstəsna qaydada müsəlmanlardan ibarət olan bu ərazidə ermənilərin olmaması onları narahat etmir. "Böyük Ermənistan" ideyasının əhalinin çoxluğuna deyil, onun iradəsinə deyil, imperialist silahına arxalanması Ermənistanı "yadellilərdən", "cinayətkar ünsürlərdən", müsəlmanlardan təmizləmək yolu ilə qurulması təlqin edilir".
Lakin dinc əhaliyə qarşı törədilən vəhşiliklərə və görünməmiş zorakılıq aktlarına Ararat Respublikasının baş naziri H.Kaçaznuni belə izahat verirdi: "Yerli müsəlman əhalisi ilə ölkənin daxilində - Ağbabada, Zodda, Zəngibasarda, Vedibasarda, Şərur-Naxçıvanda, Zəngəzurda və digər ərazilərdə bir sıra qanlı döyüşlər olmuşdur. Müsəlman rayonlarında inzibati tədbirlərlə qayda-qanun yarada bilməməyimizdən, silaha əl atmalı, qoşun çıxarmalı, dağıntılar və qırğınlar törətməli olduq..."
1918-1920-ci illərdə Ararat Respublikasında hakimiyyətdə olmuş daşnakların azərbaycanlılara münasibətdə həyata keçirdikləri soyqırımı siyasəti əyani şəkildə göstərdi ki, özlərinin "mədəniyyəti" ilə öyünən ermənilər, əslində, müstəqil dövləti və başqa xalqları idarə etmək üçün yetişməmişdilər. Bu barədə ABŞ-ın Osmanlı dövlətində ilk səfiri Mark L.Bristol birmənalı demişdir: "Son iki il ərzində (1919-20-ci illər - B.N.) ermənilər Rusiya Qafqazında özlərini idarə etməyə, hakimiyyətləri altında olan milli azlıqlarla davranmağa tamamilə qadir olmadıqlarını nümayiş etdirdilər". Ermənilərin qiymətləndirilməsində Bristolun fikirləri onunla yazışan ABŞ-ın ictimai xadimi Ceyms A.Bartonun fikri ilə üst-üstə düşür: "Mən onun tərəfdarı deyiləm ki, tabeliyində olan millətlərə münasibətdə erməni amansızlığının qarşısını ala biləcək məhdudlaşdırıcı amil olmadan ermənilərə hakimiyyət verilsin". Daşnak partiyasının ikiillik hakimiyyətini qiymətləndirən erməni müəllifi B.Boryan qeyd edirdi ki, erməni siyasi xadimləri dövlət hakimiyyətini ölkəni idarə etmək üçün deyil, müsəlman əhalisini qırmaq və onun əmlakını talamaq üçün qurmuşdular.
1918-1920-ci
illərdə oluduğu kimi, son iki onillikdə məruz
qaldığımız Ermənistanın
təcavüzü bizə belə nəticəyə gəlməyə
imkan verir ki qarşımızdakı düşmən hiyləgər,
amansız və öz məqsədlərinə nail olmaqdan
ötrü ən alçaq vasitələrə əl
atmağa həmişə hazırdır. Bu düşmən
Azərbaycan torpaqlarını işğal altında
saxlayır və on minlərlə
soydaşımızı qaçqın və məcburi
köçkün vəziyyətində yaşamağa məcbur
edib. Ümummilli lider Heydər Əliyev 1998-ci il 26 mart tarixli fərmanında
1918-1920-ci illərin qanlı hadisələrinə
siyasi-hüquqi qiymət verərək, ermənilərin
xalqımıza qarşı apardıqları
soyqırımı və deportasiya siyasətlərini heç vaxt yaddan
çıxarmamağa, tarixçilərimizi təkrar-təkrar
bu məsələlərin üzərinə yenidən
qayıtmağa cağırırdı. Bununla bağlı ulu
öndər Heydər Əliyevin 1999-cu il fevralın 9-da
Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi
üzrə dövlət komissiyasının iclasında dedikləri
sözlər xüsusi əhəmiyyət kəsb edir:
"İndi Ermənistan yerləşən ərazi də Azərbaycan
torpağıdır. Siz tarixçilər bunları
ardıcıl surətdə sübut etməlisiniz. Bundan sonra
da elə əsərlər yaranmalıdır ki, o əsərlər
indiki Ermənistan yerləşən həmin torpaqların Azərbaycana
məxsus olmasını daimi ardıcıl surətdə
sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər
üçün bir yol açmalıyıq".
İlqar NİFTƏLİYEV,
AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun
böyük elmi işçisi,
tarix üzrə fəlsəfə
doktroru
Azərbaycan.-2013.- 30 mart.- S.4.