28 ildən sonra verilən
bəraət
Xan İsmayıl Bədirbəyli
Süleyman ağanın
övladlarının ilki idi.
Altı oğul, bir
qız atası Süleyman ağa
onu ailənin gözü
hesab edirdi. Atası təsərrüfat
və dükan-bazar işlərində, kəndin
xeyir-şərində, xeyriyyəçilik məsələlərində
onu qabağa verərdi.
Bəzi məsələləri onunla məsləhətləşər,
"bu işi belə
elə, o işi elə
gördürərsən" deyərdi.
Xan
İsmayıl belə tərbiyə almış, belə
böyümüşdü. Gənclik illərindən ciddiliyi
və qayğıkeşliyi ilə də seçilirdi. Rəsmi
sənəddə adı Xan İsmayıl yazılsa da, kənd
əhalisinin çoxu ona İsmayıl ağa deyə
müraciət edirdi. Qardaşlarına və bacısına
qayğı göstərməsi,
əkinçilik və bağçılıq işlərində
atasına yardımçı olması onu əsl təsərrüfat adamı
etmişdi.
Sevib-seçdiyi Xuramanla ailə quranda atası ona iki gün toy çaldırdı. Bəylikdə (o zaman Şəmkir bəyləri yaşayan ərazi belə adlanırdı) tikdirdiyi mülkdəki otaqlarından ikisini ona verdi. Süleyman ağa bir il sonra baba olanda, ilk oğul nəvəsi dünyaya gələndə çox sevindi. Əkin və üzüm bağının müəyyən hissəsini, xeyli mal-qara, qoyun-quzu ayırıb, "artıq özünün ailən, uşağın var, qoy şəxsi təsərrüfatın da olsun" deyib oğluna bağışladı.
İsmayıl ağa Aninnoda (Şəmkir) rus-alman liseyini də yaxşı qiymətlərlə bitirmişdi. Siyasətdən az-çox baş çıxarırdı. Ərəb əlifbasında yazıb-oxuyurdu. Rus, alman dillərini yaxşı bildiyi üçün Yelizavetpola (Gəncəyə) gedəndə müəyyən qəzetlər və kitablar tapıb mütaliə edirdi.
Rusiya çarı II Nikolayın əmri ilə 22 dekabr 1900-cü ildə qəbul edilmiş "Zaqafqaziyaya köçürülməyə icazə haqqında qanun"dan xəbərdar olanda qanı qaraldı. Çox düşündü, yaxın ətrafı ilə məsləhətləşdi, götür-qoy etdi, vəziyyətdən çıxış yolu görmədi. 1903-cü ilin sonlarında "Zaqafqaziyaya köçürülməyə icazə haqqında qanun"una əsasən Zaqafqaziyanın bəzi bölgələrində olduğu kimi, Yelizavetpol qəzasının ərazisinə, o cümlədən Şəmkir mahalına da yüzlərlə xristian mənşəli ailə köçürüldü, onlara yardım edildi, torpaq sahələri ayrıldı. Şəmkirin ən səfalı dağlıq və dağətəyi ərazilərinə ruslar və ermənilər yerləşdirildi. Az sonra Xan İsmayılın, eləcə də digər sahibkarların istifadəsində olan şəxsi təsərrüfatlarının müəyyən qismi əllərindən alınıb gəlmələrə paylandı. İsmayıl ağa etiraz etsə də, xeyri olmadı.
Yelizavetpol qəzasında, o cümlədən Şəmkirdə İrandan, Türkiyədən gələn ermənilərin, şimaldan köçürülən rus ailələrinin sayı çoxaldıqca ermənilərin əli-qolu açılır, yerli müsəlman əhalisinə qarşı təzyiqlər, terror aktları artırdı. Müstəmləkəçilik siyasətinə əsaslanan bu köçürülmə get-gedə "yersiz gəldi, yerli qaç" formasında qanlı mübahisələrə və münaqişələrə səbəb olurdu.
Androniklərdən, Şaumyanlardan dəstək alan ermənilər Şəmkirdə, Şəmkirlə Gədəbəyin qovuşuğunda Azərbaycan kəndlərinə, türkəm deyənə divan tuturdular. Harada sözü ötən müsəlman var idisə, hiylə qurub ya öldürür, ya da həbs etdirirdilər. Erməni-rus kəndlərinin yaxın ətrafında otlayan mal-qara oğurluğu, çoban ölümü adi hala çevrilmişdi. Xüsusi hazırlıqlı adamlar, erməni gənclərindən ibarət gizli qoçu dəstələri yerli əhalini yeri gəldi-gəlmədi incidir, təhqir edir, evlərini talayırdılar.
Yazqabağı bu bölgə sakinlərinin Yasamal dağlarına və Gədəbəy yaylaqlarına gedən, payızda yaylaqdan enən sürülərindən mal-qara oğurlanır, çobanların nəyi varsa, əllərindən alınırdı. Ermənilərin qudurğanlığından təngə gələn Qasımalılar kəndinin camaatı bir gün yığışıb Morula, İsmayıl ağanın yanına gəlib deyirlər: "Ay ağa, bu Çardaxlı ermənilərinin əlindən bezmişik. Hökumət adamlarına da deməkdən yorulmuşuq, sözümüzə baxan yoxdur. Siz rus dilini bilirsiniz, onların böyüyünə ya bir ərizə yazın, ya da hörmətli adamsınız, bizim dərdimizi Gəncədəki böyüklərə çatdırın".
Camaatı dinləyəndən sonra İsmayıl ağa başına xeyli adam toplayıb Çardaxlıya gedəndə, qonşu İrmaşdı kəndinin camaatı da əllərinə yaba, bel götürüb onlara qoşulur. Bunu eşidən İrmaşdının sayılıb-seçilən adamlarından olan Səfixan oğlu Sarı bəy qırğına yol verməmək üçün dəstənin qabağını kəsir. Xan İsmayılla yaxın dost olduğundan üzünü ona tutub deyir:
- Sən bilirsən ki, pristav da, qarodovoy da yenə bizimkiləri günahkar biləcəklər. Onları qovsanız, qapı-bacamızda, əkin-biçinimizdə kim işləyəcək? Qasımalıların haqq-hesabını onlarla özüm tək çəkəcəm. Sabahadək möhlət verin, əgər dediyimi eləməsəm, atamın oğlu deyiləm.
Hazırda
Şəmkir rayonunun Təzəkənd kəndində
yaşayan Sarı bəyin nəvəsi, 87 yaşlı
Ağgül Bayramova deyir ki, Xan İsmayılın dəstəsinin
hücum xəbəri özündən qabaq ermənilərə
çatır. Atı-arabası olanlar ailəsini,
arvad-uşağını götürüb digər erməni
kəndinə qaçırlar. Bir qismi də silahlanıb
pusquda durub morulluları gözləyirdi. Babam Xan İsmayılla
yaxın dost olduğundan sözünü yerə salmır.
İsmayıl ağa dəstəni geri qaytarır. Atam onu da
deyirdi ki, Sarı bəy sonralar ermənilərin
alçaqlığını, xəyanətini görəndə
həmişə özü-özünə deyərdi: "Səhv
elədim, gərək o vaxt morullular onların dərsini verəydi".
Demokratik
düşüncəli İsmayıl ağa, qardaşları Əşrəf
bəy, İsfəndiyar ağa,
eləcə də bir neçə həmkəndlisi
1907-ci ilin əvvəllərində Gəncədə gizli fəaliyyət
göstərən
"Difai" özünümüdafiə təşkilatına
üzv yazılır, sonralar bu təşkilatın Şəmkirdə özəyini yaradırlar.
Həmin
dövrdə nəinki Gəncəbasarda, Azərbaycanın hər
yerində həyat öz məcrasından
çıxmışdı, ictimai-siyasi hadisələr,
çar Rusiyası tərəfindən ermənilərin əli
ilə Azərbaycan torpaqlarının işğalı, azərbaycanlılara
qarşı aparılan soyqırımı hamını girinc
etmişdi. Bir yandan da ermənilərin dəyirmanına
bolşeviklərin su tökməsi qırğınlara, qarətlərə,
hərc-mərcliyə səbəb olurdu. Kasıblara, kimsəsizlərə
havadarlıq etmək üçün Xan İsmayıl
vaxtının çoxunu Səfixan oğlu Sarı ilə
birlikdə Şəmkirlə Gədəbəy arasındakı
erməni kəndlərində çəkişmələrdə
keçirirdi.
Az sonra Xan İsmayıl Müsavatın dəstəyindən bəhrələnərək fəaliyyətini daha da genişləndirdi. Xalqımızın azadlığı və milli dövlət quruculuğu uğrunda mücadilədə fəal iştirak edən İsmayıl ağa Bədirbəyli Xalq Cümhuriyyətinin qurucularından olan Xudadat bəy Rəfibəylinin və Aslan bəy Səfikürdskinin tapşırığı ilə Türkiyənin şərqindən - döyüş cəbhəsindən (9 yanvar 1918-ci il) zirehli qatarların müşayiəti ilə Rusiyaya qayıdan ordunun tərk-silah edilməsində, eləcə də Morul camaatının bu əməliyyata səfərbər olunmasında əlindən gələni etmişdi. Cümhuriyyət liderlərinin qarşıya qoyduğu əsas məqsəd rus ordusundan alınan silahlarla Qafqaz islam ordusunu təmin etmək idi. Bu silah-sursat yollarda bolşeviklərin, Bakıda isə ermənilərin əlinə keçsəydi, qurulmaqda olan Xalq Cümhuriyyətinə qarşı istifadəsi qaçılmaz idi. "Şəmkir davası"nda əməlli-başlı kara gələn, İrmaşdı Səfixan oğlu Sarının pulomyotunu gecəykən at arabasına qoyub Şəmkir stansiyasına, Şəmkirçayın sol sahilindəki Qala yerinə gətirən, əlverişli mövqe tutaraq oradakı dəstəyə rəhbərlik edən də İsmayıl ağa olmuşdu.
İstiqlal mübarizəsi tarixində, böyük itkilər hesabına olsa da, şərəfli qəhrəmanlıq səhifələri yazmış "Şəmkir davası"nda tərksilah edilən çar ordusunun on dörd eşalon silah-sursatı təhvil alınaraq Qafqaz könüllü ordu hissələrinə paylandı. Onu da qeyd edək ki, Xan İsmayıl Bədirbəyli həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı könüllü müdafiə dəstəsinin üzvü idi. "Şəmkir davası"nda əldə edilən silahlar hesabına Azərbaysan Milli Şurasının rəhbərliyi ilə bolşeviklərin Lənkəran və Şamaxı qarnizonlarının hücumlarının qarşısının alınmasında Xan İsmayıl Bədirbəyli iştirak etmiş, verilən taşırıqları uğurla yerinə yetirmişdir. Bunlarla yanaşı, İsmayıl ağa imkanlı olduğundan müstəqil dövlətimizin ordu quruculuğuna kifayət qədər maliyyə yardımı göstərmişdi.
Oğlu Fərmanın Şəmkirdə 4 sinifli rus-alman liseyini bitirdikdən sonra, 1911-ci ildə Gəncədə 6 sinifli gimnaziyanı yarımçıq qoymağa da İsmayıl ağa təhrik etmişdi. Atasının "Xalqımıza, təzə hökumətə yaxşı əsgər gərəkdir, hərbçi lazımdır" sözündən sonra Fərman oxuyaraq peşəkar hərbçi olmuşdu.
1920-ci il aprel ayının 28-də Azərbaycan sovet Rusiyası tərəfindən işğal olunanda Fərman Gəncədəki hərbi məktəbi yenicə bitirib Şəmkir Hərbi Komissarlığında işləyirdi. 1921-ci ildə atasının və özünün arzusunda olduğu Bakıya hərbi məktəbə oxumağa göndərilir. 1923-cü ildə hərbi məktəbi müvəffəqiyyətlə başa vuran Fərman bolşeviklərin "quruculuğundan", atası və əmiləri kimi bəylərə, ağalara münasibətindən ağlı bir şey kəsmir. Bakıda qalıb, hərbi hissələrdən birində əvvəlcə klub müdirinin köməkçisi, sonralarsa klub müdiri işləyir. Daha sonra Rusiyada Hərbi Akademiyanı bitirib müxtəlif hərbi hissələrdə xüsusi şöbədə məsul vəzifələrdə çalışır.
Xan İsmayılın daha yeddi övladı olub: Fərhad, Bahadur, Zəmhər, Fikrət, Həmidə, Nəzakət və Lətafət.
Fərhad SSRİ hərbi hava qüvvələrində qulluq edib. Bakıda hərbi məktəbi, Moskvada Hərbi Akademiyanı bitirib. Rusiyada və Azərbaycanda hava hücumundan müdafiə qüvvələrində məsul vəzifələrdə çalışıb. Polkovnik rütbəsində istefaya çıxıb, dəfələrlə orden və medallara layiq görülüb.
Bahadur əvvəl Tiflisdə hərbi məktəbdə oxuyub, sonra Leninqradda Hərbi Akademiyanı bitirib. Rusiyanın müxtəlif regionlarında qarnizon komandiri və digər hərbi vəzifələrdə çalışıb. Polkovnik rütbəsinədək yüksələn Bahadur Bədirbəyov uzun müddət Azərbaycan Respublikası Hərbi Komissarlığında idarə rəisi olub.
Atası 1937-ci ildə "xalq düşməni" adı ilə həbs olunanda Zəmhər Azərbaycan Tibb İnstitutunun II kursunda təhsil alırdı. Onu həmin il "xalq düşməninin oğluna aramızda yer yoxdur" adı ilə institutdan xaric ediblər. Sonralar Gəncədə H.Zərdabi adına Pedaqoji İnstitutu bitirib. Ömrünün sonuna kimi Şəmkirdə orta məktəbdə sinif müəllimi işləyib.
Qardaşların ən kiçiyi Fikrət orta məktəbi bitirdikdən sonra əsgəri xidmətə yollanıb. Hərbi xidməti başa vurub, Leninqradda qalıb, orada Politexnik İnstitutunda energetik-mühəndis ixtisasına yiyələnib.
Həmidə xanım Bakıda Pedaqoji İnstitutu bitirib, Şəmkirdə uzun müddət orta məktəb müəllimi işləyib.
Nəzakət və Lətafət orta məktəbi bitirdikdən sonra ailə həyatı qurublar, Nəzakət Gəncədə, Lətafət isə Gürcüstanda yaşayıb.
Azərbaycan işğal edilib külli-ixtiyar bolşeviklərə veriləndə 50-51 yaşlı İsmayıl ağanın əkin sahəsi, mal-qarası, Şəmkirin mərkəzi bazarındakı ət dükanı, Gəncə və Zəyəmdəki parça mağazaları əlindən alındı. Sonra özü və qardaşları səsləri alınanların "qara siyahı"sına salındılar.
Bəy əsilli olduğu üçün "kulak" adı ilə 1937-ci il avqust ayının 10-da NKVD-nin IV şöbəsi tərəfindən həbs olunan 67 yaşlı Xan İsmayıl Bədirbəyliyə 365 N-li "cinayət işi" açılır. Ondan beş gün qabaq kiçik qardaşı Əşrəf bəyi həbs etmişdilər. Hər ikisi Şəmkir milisinin zirzəmisində ayrı-ayrı kameralarda saxlanılırdı. Bundan 9 gün sonra Dövlət Təhlükəsizliyinin müstəntiqi Dudiyevin arayşına əsasən Xan İsmayl Bədirbəyli Gəncə türməsinə, haqqında tərtib etdiyi arayış isə Fövqəladə Üçlüyüə göndərilir.
NKVD müstəntiqi yazmışdı ki, 1870-ci il təvəllüdlü Bədirbəyli Xan İsmayıl Süleyman ağa oğlu 1930-cu ildə sovet hökumətinə qarşı üsyanın fəal iştirakçısı olub, amma həbs edilməyib.
Təhlükəsizlik müstəntiqi Dudiyev arayışda aşağıdakıları xüsusi vurğulayırdı: "Nəzərinizə çatdırım ki, Xan İsmayıl Bədirbəyli sovet hökumətinə qarşı daim düşmənçilik əhval-ruhiyyəsində olub, əksinqilabi fəaliyyətlə məşğul olub.
a) əhali arasında mütəmadi olaraq əks təbliğat aparıb.
b) kolxozçular arasında təbliğat aparıb ki, kolxozdan çıxsınlar, kolxoza üzv yazılmasınlar.
v) camaat arasında yalandan şayiə yayıb ki, guya tezliklə sovet hökumətinə qarşı hücum olacaq.
Qeyd olunanlar dindirmə zamanı şahidlər vasitəsi ilə sübut olunsa da, müqəssir deyilənləri boynuna alsa da, özünü günahkar bilmir.
SSRİ Cinayət Məcəlləsinə əsasən vətəndaş Bədirbəyli Xan İsmayıl Süleyman ağa oğlunun adına açılmış 365 N-li işi baxılmaq üçün Fövqəladə Troykaya təqdim edirik.
5.
YIII. 1937-ci il.
Əməliyyat
qrupunun
müstəntiqi
DUDİYEV".
Bu arayışdan sonra "əhali arasında daima sovet hökumətinin və kolxoz quruculuğunun əleyhinə təbliğat apardığına və tezliklə sovet hökumətinə hücumlar olacağı barədə söhbətlər etdiyinə görə" fövqəladə üçlüyün (katib: Koqan) 23 avqust 1937-ci il tarıxli qərarına əsasən 67 yaşlı Bədirbəyli Xan İsmayıl Süleyman ağa oğlunun əmlakı müsadirə olunmaqla barəsində güllələnmə hökmü çıxarılır.
Bədirbəylilər ailəsinə, yaxınlarına İsmayıl ağanın həbs edildiyi məlum olsa da, uzun illər onun nə səbəbə tutulduğu, güllələndiyi, ya sürgünə göndərildiyi barədə məlumatları olmayıb. Yalnız 1953-cü ildə Stalin öləndən sonra İsmayıl ağanın ailəsi, nəslindən sağ qalanlar, yaxınları bildilər ki, Xan İsmayıl "xalq düşməni" kimi güllələnib.
Aradan
28 il keçəndən sonra - 1965-ci il sentyabrın 25-də
Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri
üzrə məhkəmə kollegiyası Bədirbəyli Xan
İsmayıl Süleyman ağa oğlunun işinə yenidən
baxmış, barəsində "cinayət işi"
sübuta yetirilmədiyi üçün Fövqəladə
Üçlüyün 23 avqust 1937-ci il tarixli qərarını
ləğv edərək ona bəraət vermişdir.
Rəhman SALMANLI
Azərbaycan.-2013.- 30 mart.- S.5.