Erməni millətçilərinin Azərbaycan
xalqının başına gətirdikləri müsibətlər heç vaxt
unudulmayacaqdır
Martın
29-da Azərbaycan Texniki Universitetində (AzTU) 31 mart - Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar anma mərasimi
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, əvvəlcə faciə
qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə
AzTU-nun rektoru, professor Havar Məmmədov 1918-ci ilin mart-aprel aylarında erməni
millətçilərinin Azərbaycan xalqına qarşı
törətdikləri kütləvi
qırğından, silahlı erməni dəstələrinin
dinc əhalini amansızcasına qətlə yetirməsindən
danışmışdır. Bildirmişdir ki, Bakı, Gəncə
quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran,
Muğan qəzalarında və digər bölgələrdə
də bu cür qanlı faciələr törədilmişdir.
Erməni
millətçilərinin əsrlər boyu türklərə
qarşı soyqırımı siyasəti həyata
keçirdiyini vurğulayan H.Məmmədov 31 mart hadisələrinin
dünyada ən qanlı soyqırımı kimi
tanınmasının vacibliyini qeyd etmişdir. Azərbaycan
xalqının dəfələrlə deportasiyaya,
soyqırımına məruz qaldığını diqqətə
çatdıran rektor bu məkrli siyasətin ermənilərin
havadarlarının köməyi ilə
reallaşdırıldığını bildirmişdir.
XIX əsrin
əvvəllərində Azərbaycanın Rusiya və
İran arasında bölüşdürülməsi, həmin
dövrdən başlayaraq çar Rusiyasının siyasi dəstəyi
və himayəsi ilə ermənilərin Şimali Azərbaycan
torpaqlarına köçürülməsi, erməni
ekspansionizminin geniş vüsət alması və
türk-müsəlman əhalisinə qarşı törədilən
təxribat, soyqırımı aktları tarixi faktlarla mərasim
iştirakçılarının diqqətinə
çatdırılmışdır.
H.Məmmədov
azərbaycanlıların soyqırımına hüquqi-siyasi
qiymətin yalnız ümummilli lider Heydər Əliyev tərəfindən
verildiyini qeyd etmişdir. Ulu öndərin 1998-ci ildə
imzaladığı fərmanla
martın 31-i rəsmən "Azərbaycanlıların
soyqırımı günü" kimi qəbul edilmişdir.
Rektor xalqımızın başına gətirilən
müsibətlərin dünya ictimaiyyətinə
düzgün çatdırılmasının, maarifləndirmə
və təbliğat işlərinin aparılmasının
vacibliyini xüsusi vurğulamış, Prezident İlham Əliyevin
bu sahədə uğurlu və ardıcıl siyasət
yürütdüyünü bildirmişdir.
Milli
Məclisin deputatı Fəzail İbrahimli, Yeni Azərbaycan
Partiyası Yasamal rayon təşkilatının sədri,
professor Fikrət İsmayılov tədbirdə
çıxış edərək soyqırımı
faktorunun birdən-birə yaranmadığını diqqətə
çatdırmışlar. Avropa dövlətlərinin Osmanlı
imperiyasına qarşı ermənilərdən istifadə etmək
planlarının sonradan acı nəticələr verdiyini qeyd
edən natiqlər ermənilərin zaman-zaman öz məkrli
siyasətini həyata keçirmək üçün məqam
axtardıqlarını bildirmişlər. Çar
Rusiyasının Qafqaz siyasətindən, imperiya rəhbərlərinin
ermənilərin himayə olunması ilə bağlı
verdikləri qərarlardan geniş
danışılmışdır.
Tədbirdə
1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən
törədilən cinayətlərin Azərbaycan
xalqının yaddaşında silinməz iz qoyduğu, təkcə
milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlının
məhv edildiyi, evlərin yandırıldığı,
insanların diri-diri oda atıldığı, milli memarlıq
abidələrinin, məscidlərin və digər tikililərin
dağıdıldığı, azərbaycanlıların
soyqırımının Bakı ilə yanaşı, Azərbaycanın
digər ərazilərində də xüsusi qəddarlıqla
həyata keçirildiyi vurğulanmışdır.
Qeyd
olunmuşdur ki, 1992-ci il fevralın 26-da Xocalıda
günahsız dinc Azərbaycan əhalisinə qarşı
törədilmiş soyqırımı hadisəsi müasir dövrdə
erməni millətçi ideologiyasının qanlı təzahürlərindən
biri və 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən həyata keçirilmiş qətliamın
davamı kimi qiymətləndirilməlidir.
Azərbaycan.-2013.- 30 mart.- S.5.