«Azərbaycan» qəzetinin 95 il əvvəl dərc etdiyi məxfi sənəd

 

Cənubi Qafqazda ermənilər həmişə vassal, əlaltı olmuşlar. Regionda da öz siyasətlərini, onlara arxa duranların köməyi ilə həyata keçirmişlər. 1918-ci il hadisələri zamanı da belə olmuşdur. Yeni qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini qorumaq, yenidən Rusiyanın əsarəti altına düşməmək üçün mübarizəyə atılmışdı. Bu qanlı döyüşdə qancanbir qardaşlarımız olan türklər əllərindən gələn köməyi Azərbaycana göstərirdilər.

Sovet Rusiyasında yaxşı bilirdilər ki, ermənilər azərbaycanlılara qarşı həmişə düşmənçilik mövqeyi tutublar. Odur ki bolşevik hökuməti qoşunlarının tərkibini əsasən erməni zabit və əsgərlərindən formalaşdırdı. Daşnakların əlinə yaxşı fürsət düşmüşdü. Hadisələrin gedişinə nəzər salaq. 1918-ci ilin mart ayında - Novruz bayramı ərəfəsində ermənilər Bakıda dinc müsəlman əhaliyə qarşı kütləvi qırğın törətdikdən sonra vəhşi əməllərini Azərbaycanın digər ərazilərində də davam etdirmişlər. "Azərbaycan" qəzetinin 3 noyabr 1918-ci il tarixli nömrəsində "Maraqlı bir sənəd" başlığı altında Mərkəzi Kaspi Diktaturasının üzvü Leymleynin Kaspi Donanmasının baş komandanı Xaçikova təqdim etdiyi məxfi sənəd dərc olunmuşdur. Yazının sonunda belə məlum olur ki, rus dilindən tərcümə edilmiş "Ərzi-hal" adlı həmin sənədi Məhəmməd Sadiq adlı polis müfəttişi Bahəddin bəydən əldə etmişdir. Sənədin əslinin polis dairəsində saxlanıldığı da qeyd edilir.

Xaçikova təqdim edilmiş "Ərzi-hal" erməni-rus hərbi birləşmələrinin SalyanNeftçalada əhaliyə qarşı törətdikləri qırğını təsdiq edən tarixi sənəddir. "Ərzi-hal"ın əvvəlində qeyd olunur ki, Leymleyn donanma komandanı Zaleskini döyüşdən sonra iki dəfə - birinci dəfə iyul ayının 2-də günorta "Krasnovodsk" gəmisi Bakıya qayıtdıqdan sonra hərbi komissar Şebuldayevin yanında, ikinci dəfə isə Mərkəzi Komitədə dindirərək Kür çayı cəbhəsində məğlub olaraq geri dönmələrinin səbəbini araşdırır və "Ərzi-hal"ı da Zaleski ona - Leymleynə bu məqsədlə yazmışdır.

Bu sənəd bir neçə cəhətdən maraq doğurur. Təxmin olunurdu ki, erməni-rus birləşmələri iki gəmi ilə bu talançılığı etmişlər. Sənəddən məlum olur ki, Mərkəzi Kaspi Diktaturası 1918-ci ilin iyun ayında Kür çayının aşağı hissəsini nəzarətdə saxlamaq üçün təpədən-dırnağadək silahlanmış əsgərlərlə, hərbi sursatla dolu "Krasnovodsk", "Yelets", "İraq", "Bakinets", "Salyanets" və "Demosfen" adlı 6 gəmi ilə Bakıdan Salyana yola düşmüşdür. Kür çayı ilə Bankə qəsəbəsindən üzüyuxarı irəliləyən gəmilər Salyana qədər gəlib çatmış, burada onlar yerli əhalidən ibarət olan dəstələrin də qoşulduğu milli qoşun hissələrimizlə üzbəüz gəlmişlər. 900 nəfərədək əsgəri qüvvəsi olan düşmənə qarşı 400-ə qədər döyüşçüsü olan nizami qoşun hissələrimiz güclü müqavimət göstərmiş və erməni-rus birləşmələri böyük itkilər verərək geri dönmüşlər. Bu döyüşdə düşmən gəmilərindən biri - "Demosfen" vurularaq tamam sıradan çıxmış və Kür çayında batmışdır.

Belə məlum olur ki, hadisələrin sonrakı inkişafı zamanı 6 gəmi ilə Salyanın Ərəbqardaşbəyli kəndinə qədər gəlib çıxmış düşmən, gəmilərdən birini burada itirmiş, 3-ü ağır, 2-si isə yüngül zədələnərək geri - Bakıya qayıdarkən erməni quldur dəstələri imkan tapıb yolüstü Kür çayının sağsol sahilindəki kəndlərdə yaşayan yerli əhaliyə amansız divan tutmuşlar.

Zaleski izahatında göstərir ki, bizim hərbi qüvvələrimiz ruslardan təşkil olunmuş dənizçilər, makinalı tüfəngçilər (pulemyotçular) və bir də silahlı erməni əsgərlərindən ibarət idi. İxtiyarımızda 4 ədəd çaplı top, 14 ədəd makinalı tüfəng (pulemyot) olduğu halda, 400-dən az müsəlman əsgərləri qarşısında məğlub olduq. Zaleski bildirir ki, məğlubiyyətin başlıca səbəblərindən biri rus dənizçilərindən fərqli olaraq, erməni silahlılarının heç bir əmrə tabe olmaması, yerli əhalini qarət edib qətlə yetirməklə məşğul olması idi. Ermənilər gəmilərdə gecələyir, gündüzlər isə talançılıq edib yaramaz əməllərlə məşğul olurdular.

Zaleski yazırdı ki, bizim qoşunda heç bir nizam-intizam yox idi. Kəşfiyyat aparmadan irəli gedirdik. Müharibə zamanı nə alayların, nə də piyada qoşunla dənizçilər arasında rabitə saxlanılırdı. Piyada qoşun tələb edirmiş ki, döyüşə qabaqda dənizçilər getsin. Dənizçilər isə tələb edirmiş ki, əvvəlcə döyüşə piyadalar getsin. Lakin çox halda döyüşə birinci dənizçilər gediblər. Bu səbəbdən də dənizçilər daha çox tələfat vermişlər.

Zaleskinin izahatından məlum olur ki, onların qoşunları Salyan bölgəsində iki həftədən çox qalmışdır. Belə ki, səngərlər qazılmış, gündüzlər səngərlərdə 200-250 soldat olmuşdur. Daha sonra Zaleski öz məğlubiyyətlərini ört-basdır etmək üçün bildirir ki, "düşmən"in 6 tökmə topu vardı və Zaleski burada türklərin yerli qoşunlara kömək etdiyi faktını da gizlətməmişdir. Bu, bir tarixi faktdır ki, Salyan müdafiəçilərinin 2 topu olmuş və onları da türklər cəbhə xəttinə gətirmişlər. Daha sonra sənəddə erməni-rus birləşmələrinin 800 top mərmisindən 700-nün atıldığı qeyd edilir. Bu da onların Salyanda nə qədər dağıntılar törətdiyini sübut edir.

Donanma komandanı Zaleskinin yazdığı "Ərzi-hal" bu yerlərdə erməni vəhşiliyinin tam reallığını göstərən danılmaz faktdır. Yerli əhali baş vermiş həmin hadisələri uzun zaman unutmamışdır. Bu müsibətlər yaddaşlardan-yaddaşlara keçərək yaşamaqdadır. Yaşlı adamlar deyirlər ki, Kür çayının sahilində yaşayan dinc əhali arvad-uşaqlarını ermənilərin əlindən xilas etmək üçün öz evlərini, həyət-bacalarını sahibsiz qoyub uzaq yerlərə çəkilmişdilər. Kürün sol sahilindəki  Pirəbbə, Yuxarı Qaramanlı və İkinci Qaralı kəndlərinin əhalisi isə hər tərəfi düzəngah olan Dirovdağı etibarlı sığınacaq bilib orada gizlənmişdilər. Bundan xəbər tutan ermənilər geri dönərkən Dirovdağda gizlənənlərin hamısını qətlə yetirmişlər.

Beləliklə, "Azərbaycan" qəzetinin 3 noyabr 1918-ci il tarixli nömrəsində  dərc olunmuş "Maraqlı bir sənəd" yazısı 1918-ci ilin iyun ayında erməni-rus quldur dəstələrinin Salyan bölgəsində törətdikləri qanlı hadisələrə aydınlıq gətirmək baxımından böyük əhəmiyyət kəsb edir.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.-2013.- 30 mart.- S.5.