«TOUR d\'AZERBAIDJAN» 2013
beynəlxalq velosiped turunun təqdimatı
keçirilmişdir
Dünən
"Hyatt Ragency" mehmanxanasında 1-5 may 2013-cü il tarixdə
ölkəmizdə keçiriləcək "TOUR
d'AZERBAIDJAN" beynəlxalq velosiped turunun təqdimatı
olmuşdur. Tədbiri giriş sözü ilə Velosiped
İdmanı Federasiyasının vitse-prezidenti və turun təşkilat
komitəsinin sədri Sahib Ələkbərov açaraq
bildirmişdir ki, "TOUR d'AZERBAIDJAN" - Bakı şəhərində
start götürəcək və ölkənin yeddi rayonunun ərazisində
keçiriləcək UCI Europe Tour çərçivəsində
2.2 kateqoriyalı veloyürüşdür. O qeyd etmişdir
ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin
Prezidenti İlham Əliyevin idmanın bütün növlərinin
inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində
velosiped idmanının inkişafına da böyük təkan
verilmişdir. S.Ələkbərov bu istiqamətdə
görülən işlər barədə ətraflı məlumat
vermiş, 2012-ci ilin may ayında Azərbaycanda ümummilli
lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş U23
kateqoriyalı beynəlxalq velosiped turu, ilk milli velosiped
komandası olan "Sinerjy Baku Cycling Project"in
yaradılmasından keçən qısa müddət ərzində
qazanılmış nailiyyətlərdən, velotrekdə, eləcə
də yeni yaradılan velosiped parkında aparılan yenidənqurma və
abadlıq işlərindən danışmışdır.
Sonra
S.Ələkbərov velotur barədə məlumat verərək
ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunan "TOUR d'AZERBAIDJAN" beynəlxalq velosiped turunun Azərbaycan
Velosiped İdmanı Federasiyası tərəfindən Gənclər
və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq
Velosipedçilər İttifaqının dəstəyi ilə təşkil olunduğunu, turun
açılışının
və iştirakçı komandaların təqdimatının
aprel ayının 30-da Dənizkənarı Milli Parkda
keçiriləcəyini bildirmişdir.
Turun
təşkilat komitəsinin üzvü, Almaniyanın
"Freunde event Logistic GmBH" şirkətinin direktoru Albrext
Röeder veloturun marşrutları barədə məlumat
vermişdir. Qeyd edilmişdir ki, yarışın 1-ci mərhələsi
may ayının 1-də Heydər Əliyev Mərkəzinin
yanından start götürərək
ümummilli liderin adını daşıyan mərkəzi
prospektlə metronun "Koroğlu" stansiyası arasında
11 dəfə dövrə vurduqdan sonra Heydər Əliyev Mərkəzinin
yanında başa çatacaq. Marşrutun ümumi uzunluğu
157 km-dir.
Növbəti
gün velosipedçilər yeni yaradılmış velosiped
parkından start götürərək Böyük Qafqaz
sıra dağları istiqamətində yola düşəcəklər
və 183 kilometr məsafə qət etdikdən sonra
İsmayıllı şəhərində finiş xəttini
keçəcəklər. May ayının 3-də
yarış iştirakçıları Qəbələ
şəhərindən start götürərək Oğuz
rayonundan keçməklə Şəki şəhərinə
yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə
(165 kilometr) qayıdacaqlar.
May
ayının 4-də tur iştirakçıları Qəbələdən
start götürərək İsmayıllı rayonundan
keçməklə Şamaxı şəhərinə
yollanacaqlar. İdmançılar 116 kilometr məsafə qət
edib, dəniz səviyyəsindən təxminən 1450 metr
hündürlükdə yerləşən Pirqulu rəsədxanasının
yaxınlığında, Azərbaycan Respublikası Vergilər
Nazirliyinin Tədris Mərkəzinin qarşısında
finiş xəttini keçəcəklər.
146
kilometr uzunluğu olan son mərhələ Azadlıq
meydanından başlayaraq, Bakı şəhərinin mərkəzi
küçələri və prospektlərindən keçərək
Hökumət evinin qarşısında başa
çatacaqdır.
Təqdimat
mərasiminin sonunda KİV nümayəndələrinin
sualları ətraflı cavablandırılmışdır.
Azərbaycan.-2013.- 30 mart.- S.6.