Ermənilərin bütün
dövrlərdə ölkəmizə qarşı
apardıqları millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları
tarixi torpaqlarından qovmaqla bu əzəli ərazilərimizdə
«Böyük Ermənistan» xülyasını
reallaşdırmaq olmuşdur
Martın
29-da "Azərbaycan Respublikası Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı İcması" İctimai
Birliyi 31 mart - Azərbaycanlıların soyqırımı
günü ilə əlaqədar
toplantı keçirmişdir.
İctimai
Birliyin analitik-informasiya şöbəsindən AzərTAc-a
bildirmişlər ki, əvvəlcə Ermənistanın
dövlət terrorizmi siyasətini özündə əks
etdirən "Yalan və həqiqət" filmi
nümayiş etdirilmişdir.
Tədbirdə
çıxış edən "Azərbaycan Respublikası
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon
İcra Hakimiyyətinin başçısı Bayram Səfərov
son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri
tərəfindən məqsədyönlü şəkildə
həyata keçirilən etnik təmizləmə,
soyqırımı və təcavüzkarlıq siyasətindən
danışmışdır. Natiq
bu siyasətin Azərbaycan tarixinin faciələrlə, o
cümlədən qanlı hadisələrlə dolu çox
ağrılı mərhələlərini təşkil
etdiyini bildirmişdir.
İcma
rəhbəri qeyd etmişdir ki, bu millətçi-şovinist
siyasətin əsas məqsədi azərbaycanlıları
tarixi torpaqlarından qovmaqla bu əzəli Azərbaycan ərazilərində
ermənilərin uydurduqları "Böyük Ermənistan"
dövləti yaratmaq olmuşdur. XX əsrin əvvəllərində
Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur,
Naxçıvan, Lənkəran bölgələrində və
başqa ərazilərində azərbaycanlıların
soyqırımı xüsusi qəddarlıqla həyata
keçirilmişdir.
B.Səfərov
bütün dövrlərdə olduğu kimi, ermənilərin
həyata keçirdikləri bu soyqırımı siyasətinin
də kütləvi qırğınlarla müşayiət
olunduğunu diqqətə çatdırmışdır. O,
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin
75 min nəfərdən çox azərbaycanlı əhalisinin
adından bəyan etmişdir ki, biz beynəlxalq birliyi
xalqımıza qarşı bu gün də davam edən təcavüz
hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin
verilməsi üçün Azərbaycanın haqlı
mövqeyini dəstəkləməyə
çağırırıq.
Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının dosenti, İctimai Birliyin analitik-informasiya
şöbəsinin müdiri Elçin Əhmədov
bildirmişdir ki, ermənilərin azərbaycanlılara
qarşı törətdikləri qanlı faciələrin
daha dəhşətlisi 1918-ci il martın 31-də və
aprelin 1-2-də törədilmiş soyqırımı hadisələridir.
Həmin günlərdə təkcə Bakıda 12 min azərbaycanlı
qətlə yetirilmişdir. Ümumiyyətlə, aprel və
may aylarında ermənilər Bakıda və ətraf kəndlərdə
30 minə yaxın azərbaycanlını xüsusi qəddarlıqla
öldürmüşlər.
Elçin
Əhmədov qeyd etmişdir ki, hazırda terrorizmi dövlət
səviyyəsində dəstəkləyən Ermənistanın
bu cinayətkar siyasətinin davamlılığını
sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə
azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci,
1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə
erməni millətçiləri tərəfindən törədilən
soyqırımı və etnik təmizləmələrə məruz
qalmışlar. Çox təəssüflər olsun ki, Ermənistanın
yürütdüyü etnik təmizləmə və
soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin
gözü qarşısında baş verir. Halbuki
soyqırımı ən ağır beynəlxalq cinayət
olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh
və təhlükəsizliyə qarşı yönələn
cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin
hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr
tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul
edilmiş "Soyqırımı cinayətinin
qarşısının alınması və cəzalandırılması
haqqında" Konvensiya ilə müəyyən olunmuşdur.
Münaqişənin
nizama salınması prosesində Azərbaycanın ilk növbədə
sülh variantına üstünlük verdiyini deyən E.Əhmədov
qeyd etmişdir ki, Prezident İlham Əliyev Azərbaycan
xalqı və dövlətinin bu işğal, etnik təmizləmə
siyasəti və ərazilərimizin müvəqqəti olaraq
itirilməsi ilə heç vaxt
barışmayacağını bildirməklə
yanaşı, öz torpaqlarımızı azad etmək
üçün tam əsasımızın olduğunu və
bunun beynəlxalq hüquq normaları ilə təsdiq etdiyini
vurğulamışdır.
Digər
çıxış edənlər də ermənilərin
zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri
soyqırımı siyasətinin mərhələlərindən
danışaraq hazırda Azərbaycanın nəzarətində
olmayan Dağlıq Qarabağ ərazilərinin və digər
yeddi rayonun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə tezliklə işğaldan azad olunacağına və üçrəngli
bayrağımızın həmin torpaqlarda
dalğalanacağına əmin olduqlarını bildirmişlər.
Sonda
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin
Azərbaycanlı İcmasının adından 31 mart - Azərbaycanlıların
soyqırımı günü ilə əlaqədar dünya
ictimaiyyətinə müraciəti qəbul edilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 30 mart.- S.6.