«İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində dəyişikliklər və transformasiyalar. İƏT üzv ölkələrin beyin mərkəzlərinin 3-cü Forumu» kitabı nəşr olunmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində dəyişikliklər və transformasiyalar. İƏT üzv ölkələrin beyin mərkəzlərinin 3-cü Forumu" (Change and Transformation in the Organization of Islamic Cooperation (OIC) Countries. 3rd Think Tank Forum OİC Member States. Baku, 2-3 March  2012.480 p.) adlı kitab ingilis dilində nəşr olunmuşdur.

SAM-dan AzərTAc-a bildirmişlər ki, kitabda  Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunda edilən məruzələr, 40-dan çox ölkəni təmsil edən dövlət xadimləri, alimlər, deputatlar, beyin mərkəzlərinin rəhbərləri, tanınmış yerli və beynəlxalq ekspertlər, diplomatik nümayəndələrin çıxışları əksini tapmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciəti ilə başlayan kitabda "Açılış nitqləri" və 5 bölmə üzrə - "Sosial-iqtisadi və siyasi dəyişikliklərin dinamikası", "Milli və beynəlxalq siyasətin inkişafına baxış", "İdarəetmədə və dövlət idarəçiliyində innovasiyalar", "İslam ölkələrində sülhyaratma və münaqişələrin nizamlanması missiyası" və "Yeni beyin mərkəzlərinin yaradılması, dəstəklənməsi və inkişafı" mövzularında məruzələr əhatə edilmişdir;

Bütövlükdə forumda təqdim edilən 64 məruzə, eləcə də İƏT-yə üzv ölkələrin "beyin mərkəzləri"nin 3-cü Forumunun "Bakı Bəyannaməsi" də kitabda yer almışdır.

Kitabın "Açılış nitqləri" bölməsində Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, İslam Əməkdaşlıq Təşkilatı baş katibinin xüsusi nümayəndəsi Ömür Orhunun, Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin sədri Süleyman Şensoyun "Beyin mərkəzləri daha fəal olmalıdırlar", Ərəb Dövlətləri Liqasının Avropa departamentinin rəhbəri xanım Omniya Tahanın "İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində dəyişikliklər və transformasiyalar", Malayziyanın Beynəlxalq İslam Universitetinin rektoru Zaleha Kamaruddinin "İslam ölkələrinin ali təhsil  müəssisələrində islahatların metodologiyası", Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun "Beyin mərkəzləri diplomatiyası" mövzularında məruzələri əksini tapmışdır. "Sosial-iqtisadi və siyasi dəyişikliklərin dinamikası" adlanan 1-ci bölmədə 15 məruzəçinin çıxışları ilə tanış olmaq olar. Həmin məruzələrdə İƏT-yə üzv ölkələrdə cərəyan edən sosial-iqtisadi və siyasi transformasiyanın bütün aspektlərinə toxunulmuşdur.

Müxtəlif ölkələrin elmi, strateji və siyasi araşdırma mərkəzlərinin nümayəndələrinin İƏT-yə üzv dövlətlərdəki dəyişikliklər və islahatlar, Azərbaycanın sosial-iqtisadi transformasiyasında irihəcmli biznesin rolu, transformasiya prosesi, milli və regional təhlükəsizlik üçün yeni çağırışlar, respublikamızda regional inkişafın dövlət proqramları ilə idarə edilməsi təcrübəsi, "Ərəb baharı"nın regionda yaratdığı siyasi dəyişikliklər, bundan sonrakı siyasi sabitlik və digər məsələlərlə bağlı məruzələrində maraqlı mövqelər yer almışdır.

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfiri Adel Mohammad Adailenin "İordaniyada baş verən  dəyişikliklər və islahatlar",  Əli Ağanın "Azərbaycanın sosial-iqtisadi transformasiyasında iri həcmli biznesin rolu: "Azercell" nümunəsi", Bosniya və Herseqovina Təhlükəsizlik Araşdırmaları Mərkəzinin direktoru, doktor Bisera Turkovicin "Bosniya və Herseqovinada QHT sektoru", İordaniyanın Yaxın Şərq Araşdırmaları Mərkəzinin baş direktoru Cavad əl-Hamadın "Misir, İordaniya, Tunis və Liviyadakı dəyişikliklərin siyasi nəticələri", Türkiyənin Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin direktoru, Hasan Kanpolatın "Ərəb baharı" nəticəsində regionda yaşanan siyasi dəyişikliklər və onların Türkiyəyə təsiri", Tacikistanın "Şərq" İnformasiya-Analitik Mərkəzinin direktoru, doktor Müzəffər Olimovun "Tacikistanda insan kapitalının transformasiyası: dinamika və perspektivlər", Mavritaniya Strateji Araşdırmalar və Tədqiqat Mərkəzinin direktoru Məhəmməd Mahmud Sidiqin "İƏT daxilindəki regional blokların gələcəyinə bəzi üzv dövlətlərdə baş verən dəyişikliklərin təsiri (Ərəb Məğrib Birliyi nümunəsində)", Uqanda Ədalət Fondunun sədri Məhəmməd Mayanjanın "İƏT-yə üzv ölkələrdəki dəyişikliklər və transformasiya: Uqanda nümunəsi", Albaniya Strateji Araşdırmalar İnstitutunun böyük məsləhətçisi, səfir Şaban Muratinin "Demokratikləşmə, Avropalaşma və dini ierarxiya: Albaniya təcrübəsinin mürəkkəb üçbucağı", Qətərin Əl-Cəzirə Araşdırmalar Mərkəzinin Asiya araşdırmaları bölməsinin rəhbəri Çafik Çoukairin "Şura və idarəetmə: ərəb inqilablarına baxışın yenidən nəzərdən keçirilməsi", Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlının "Orta sinif: transformasiyanın nəticəsi və hərəkətverici qüvvəsi", Qırğızıstanın Dövlət Siyasəti İnstitutunun eksperti Şeradil Baxtıqulovun "Qırğızıstanda iqtisadi və siyasi transformasiya" mövzularında məruzələri əksini tapmışdır.

Kitabın "Milli və beynəlxalq siyasətin inkişafına baxış" adlanan 2-ci bölməsində müxtəlif ölkələrin elmi, strateji və siyasi araşdırma mərkəzlərinin nümayəndələrinin gender siyasəti, qloballaşmanın müasir tendensiyaları, sülhyaratma yolları və sair mövzularda 12 məruzəsi ilə tanış olmaq olar.

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Hicran Hüseynovanın "Milli inkişafın gender aspektləri: əldə edilmiş nəticələr və aktual vəzifələr", İslam İnkişaf Bankının qrup strateji planlaşdırma departamentinin direktoru Məhəmməd Rafee bin Yusifun "Dəyişkən, qeyri-müəyyən və mürəkkəb vaxtda  inkişaf üçün baxış", Bruneyin Duraman Strateji və Siyasi Araşdırmalar Mərkəzinin icraçı direktoru  Hacı İsmayıl  bin Hacının "Strateji və Siyasət Araşdırmaları Mərkəzinin Bruneyin Milli İnkişaf Planına töhfəsi", Türkiyənin Ankara Universiteti Avropa Araşdırmalar Mərkəzinin direktoru Çağrı Erhanın "Milli və beynəlxalq siyasi baxışların inkişaf etdirilməsi", Mərakeşin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin prezidenti, doktor Əbdülhak Əzizin "Ərəb baharı"nın  Məğrib üçün nəticələri", Türkiyənin Qafqaz Araşdırmalar Mərkəzinin direktoru  Hasan Oktayın "Qafqazda milli və beynəlxalq siyasi baxışın inkişafı prosesi", Xarici işlər Nazirliyinin Diplomatik Araşdırmalar üzrə Milli Mərkəzinin Xarici Siyasət Araşdırmaları Departamentinin rəhbəri Əbdülrəhman Məhəmmədin "İslam əməkdaşlığının gələcəyi baş verməkdə olan siyasi və strateji dəyişikliklər kontekstində", Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasətin təhlili şöbəsinin müdiri Rövşən İbrahimovun "İslam dini nümunəsində dinə əsaslanan terrorizm müasir beynəlxalq münasibətlər sisteminin nəticəsi kimi", İordaniya Universitetinin Siyasi Elmlər Departamentinin sədri, Fulbrayt alimi, İordaniyanın sabiq mədəniyyət naziri, doktor Feysəl əl-Rfouhun "İordaniyada dövlət və din", ABŞ Silahlı Qüvvələrin Hərbi Kollecinin Strateji Araşdırmalar İnstitutunun elmi işçisi Azim İbrahimin "İƏT-yə üzv olan ölkələrdə çağırışlar və imkanlar" və s. məruzələrində aktual məsələlərdən bəhs edilir.

Kitabın "İdarəetmədə və dövlət idarəçiliyində innovasiyalar" adlı 3-cü bölməsində Oman Diplomatiya İnstitutunun rektoru Əhməd bin Səlim Ba Ömərin "İslam dünyasındakı diplomatik institutlarda innovativ idarəetmənin rolu - çağırışlar və fəaliyyət arasında", Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru Urxan Ələkbərovun "Davamlı inkişafdan ekoloji sivilizasiyaya doğru: innovativ planlaşdırma və idarəetmə", Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirovun "Dövlət qulluğunda informasiya və kommunikasiya texnologiyaları", İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Ədalət Muradovun "Azərbaycanın sosial-iqtisadi transformasiyası", Misirin İnformasiya və Qərarların Dəstəklənməsi Mərkəzinin sədri Hatəm əl-Kadinin "Dövlət idarəçiliyində innovasiya: səmərəli idarəetmə üçün açar", DİA-nın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Əli Nuriyevin "Azərbaycanda regional inkişafın dövlət proqramları ilə idarə edilməsi təcrübəsi: innovasiyalılıq, varislik və çeviklik", Qafqaz Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri Fərhad Mehdiyevin "Elektron hökumət vasitələrinin tətbiqi və onların dövlət quruculuğunda rolu", Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun İKT və innovasiya iqtisadiyyatı şöbəsinin müdiri Aydın Hüseynovun "İnformasiya və kommunikasiya texnologiyalarında innovasiyalar", Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Rəcəb Rəhimlinin "Dövlət idarəetmə sistemində islahatlar", Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Kamal Makili-Əliyevin "İnsan hüquqları ilə açıq münasibətdə olan dövlət idarəçiliyi" mövzularında çıxışları  əksini tapmışdır.

Dördüncü bölmə "İslam ölkələrində sülhyaratma və münaqişələrin nizamlanması missiyası" adlanır. Bu bölmədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın "Sivilizasiyaların mövcud birgəyaşayış modelləri: Şərq və Qərbin təcrübəsinə komparativ yanaşma", İraqın əyalət məsələləri üzrə dövlət naziri Torhan əl-Muftinin "İraq: hazırkı və gələcək çağırışlar",  Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: hazırkı vəziyyət və perspektivlər", Pakistan İslamabad Siyasi Araşdırmalar İnstitutunun icraçı prezidenti Maqsudul Həsən Nurinin "İslam ölkələrində münaqişələrin nizamlanması", Türkiyədəki TÜRKSAM-in rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı   Sinan Oğanın "İslam ölkələrində sülhyaratma fəaliyyəti və münaqişələrin nizamlanması",  Mərakeş İnkişaf Administrasiyasının Afrika Təlim və Tədqiqat Mərkəzinin baş direktoru Simon Mamosi Lelonun "Terrorizmə qarşı mübarizədə yeni strateji texnologiyalardan istifadə olunması", Milli Məclisin deputatı Rövşən Rzayevin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və siyasi aspektləri", Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Mesut Özcanın "İslam ölkələrində sülhyaratma fəaliyyəti və münaqişələrin nizamlanması" və başqa mövzular üzrə çıxışlar yer almışdır.

Forumun "Yeni beyin mərkəzlərinin yaradılması, dəstəklənməsi və inkişafı" mövzusunda 5-ci bölməsində edilən çıxışlar da müvafiq olaraq son bölmədə əksini tapmışdır. Burada islam ölkələrində rəqabətədavamlı innovativ düşüncə mərkəzlərinin təşkilinin prioritet rolu, onların model variantları, islahatçıların yeni nəslinin hazırlanmasının vacibliyi və digər mövzular ətrafında tanınmış türkiyəli ekspert, BİLGESAM-in sədri Atilla Sanıklının "Türkiyədə strateji araşdırmalar mərkəzləri: BİLGESAM nümunəsi", Misirin Beynəlxalq Gələcək və Strateji Araşdırmalar Mərkəzinin direktoru Adil Solimanın "Yeni beyin mərkəzlərinin qurulması və dəstəklənməsi", SAM-in  şöbə müdiri Tahirə Allahyarovanın "XXI əsrdə islam ölkələrində rəqabətədavamlı beyin mərkəzlərinin yaradılması strateji prioritet kimi", Misirin İnformasiya və Qərarların Dəstəklənməsi Mərkəzinin beynəlxalq əməkdaşlıq departamentinin direktoru Əmirə Xalifanın "İslam ölkələrində yeni beyin mərkəzləri: çağırışlar və imkanlar", Qırğızıstan Strateji Araşdırmalar üzrə Milli İnstitutunun elmi işçisi Dinarə Murzayevanın "İctimai qərarların qəbul edilməsində beyin mərkəzlərinin rolu" və s. məruzələrdə regionda gedən prosesləri dərindən öyrənən mərkəzlərin yaradılmasının zəruriliyini vurğulanmışdır.

İslam dünyasının beyin mərkəzlərinin bir araya gəlməsi ilə bu böyük məkanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmək üçün qüvvələrin səfərbər edilməsi cəhdlərinin dəstəklənməsi  fikri də məruzələrdə əsas vurğulanan fikirlərdəndir.

Kitabda son olaraq forumda qəbul edilən "Bakı Bəyannaməsi" də əksini tapmışdır.

 

 

Azərbaycan.-2013.- 30 mart.- S.7.