«Şərqi-rus» qəzetinin 110 illik yubileyi qeyd olunmuşdur

 

Martın 29-da Azərbaycan Mətbuat Şurasında "Şərqi-rus" qəzetinin 110 illik yubileyi qeyd olunmuşdur. AzərTAc xəbər verir ki, tədbirdə milli mətbu irsimizin araşdırılmasında xidmətləri olan mütəxəssislər, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ali məktəblərin jurnalistika fakültələrinin müəllimləri və tələbələri iştirak etmişlər.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov XX əsrin əvvəllərində dünyada və ölkəmizdə baş verən ictimai-siyasi vəziyyəti təhlil etmiş, bu tarixi dövrdə mütərəqqi ziyalıların xalqımızın tərəqqisi naminə gördükləri işlərdən söz açmışlar.

Bildirilmişdir ki, "Kəşkül" qəzeti bağlandıqdan sonra Tiflisdə Azərbaycan dilində mətbuat orqanı yaratmaq üçün bir neçə dəfə təşəbbüs olmuşdur. 1902-ci ildə Məhəmməd Ağa Şahtaxtinski xaricdən Rusiyaya qayıtdıqdan sonra öz doğma Şahtaxtı kəndindəki ata mülkünü sataraq Tiflisə köçüb mətbəə təşkil etmişdir. Yeni qəzet çıxarmaq haqqında hökumətə ərizə vermişdir. 1903-cü ilin əvvəllərində Məhəmməd Ağa Şahtaxtinskinin təşəbbüsü müsbət nəticələnmişdir.

 "Şərqi-rus"un ilk nömrəsi 1903-cü il martın 30-da işıq üzü görmüşdür. Azərbaycanda ictimai fikrin inkişafı tarixində mühüm yer tutan bu mətbu nəşr XX əsrdə çapdan çıxmış ilk ana dilli milli qəzetimizdir.

Əvvəllər həftədə üç dəfə, 1904-cü il iyunun 8-dən isə gündəlik yayımlanan qəzetin səhifələrində mədəniyyət, ədəbiyyat, dil məsələlərinə xüsusi yer verilmişdir.

Bildirilmişdir ki, "Şərqi - rus" qəzeti Azərbaycanda ictimai fikrin inkişafı tarixində mühüm yerlərdən birini tutur. "Şərqi - rus" həm inqilabi mübarizənin qızışdığı, həm də mürtəce hakim təbəqələrin təzyiqinin artdığı bir zamanda buraxılırdı.

Çıxış edənlər ana dilli mətbuatın xalqımızın maariflənməsi və tərəqqisi istiqamətində gördüyü çoxsaylı mütərəqqi  işləri yüksək qiymətləndirmişlər.

 

 

Azərbaycan.-2013.- 30 mart.- S.7.