Yaddaşlara yazılan tarix
Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 31 mart Azərbaycanlıların soyqırımının növbəti ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Solmaz Rüstəmova-Tohidi erməni vandalizminin zaman-zaman xalqımızın başına açdığı dəhşətli bəlalardan söz açıb.
Bir daha xatırladılıb ki, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstəriblər. Bakı Kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayıb. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik-erməni koalisiyası cəbhə boyu hücuma keçib. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilib. Təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürüb, körpələrə və qocalara aman verilməyib. Qadınlar daha ağır şəkildə qətlə yetirilib. Arxiv materiallarına əsasən, qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının cəsədi tapılıb.
S.Şaumyan başda olmaqla, Bakı bolşevikləri "Bakı Sovetini Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına" çevirmək yolunu seçdilər. Onlar daşnaklarla birlikdə "antisovet qiyamına", "əksinqilaba qarşı mübarizə" adı altında 1918-ci il mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil ediblər. Bu, müsəlmanlara, xüsusilə azərbaycanlılara qarşı soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı on minlərlə günahsız azərbaycanlını qanına qəltan etdilər. Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi "Qızıl Qvardiya" dəstələri xüsusilə fərqləniblər.
Çıxışlarda vurğulanıb ki, 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər minlərlə azərbaycanlını qətlə yetirib, on minlərlə insan öz torpaqlarından qovulub.
Özlərinin ərazisinə və dövlətlərinə malik olmayan ermənilərin "Böyük Ermənistan" yaratmaq üçün vaxtilə imperiya siyasətindən alət kimi istifadə etmələri, həmçinin Azərbaycanın XIX-XX əsrlərdə baş verən, silsilə xarakteri almış faciələri, torpaqlarının zəbti və həmin şovinizmə qarşı dünya birliyinin loyal münasibəti tədbirdə birmənalı şəkildə və qətiyyətlə pislənib.
Prezident
Qvardiyasının, Daxili Qoşunların əsgərlərinin
və digər qonaqların iştirak etdiyi tədbirlərdə Bakı soyqırımına həsr
olunmuş sənədli film göstərildi.
Azərbaycan.-2013.- 31 mart.- S.2.