Qanlı səhifələr

 

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Ayrı-ayrı dövrlərdə aparılan  qeyri-insani siyasət nəticəsində azərbaycanlılar Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınmış, kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus tarixi abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir.

XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazi deyil, Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağ, Zəngəzur və Naxçıvanda da qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni qatilləri həmin ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuşlar.

 Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmişdir. Həmin illərdə ermənilərin Azərbaycanda törətdiyi qırğınlar haqqında tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərı talan edilərək dağıdıldığını sübut edir.

Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə azərbaycanlıların soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılıb viran edilmişdir. 1918-ci il mart ayının son üç günü ərzində yalnız Bakıda 30 mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Mart qırğınları haqqında məlumat verən mənbələr az deyil, onlardan biri də müstəqil tədqiqatçı Kulqenin yazdıqlarıdır: "Ermənilər musəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər".

Həmin mənbədə ermənilər tərəfindən üzü divara çevrilərək itlərə gəmirdilən azərbaycanlıların şəkilləri də verilmişdir. Bu faktlar erməni daşnak qaniçənlərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsi olmaqla, ancaq 1918-ci il mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir.

1918-ci ildə erməni silahlı quldurları insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə yeksan edirdilər. Məhz mart qırğınlarında ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən fotoşəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir.

Ötən əsrdə dörd dəfə (1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illər) ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə sanki təkrarlayır. Bu, həm də onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi düşmənçilik münasibəti dəyişməyib.

1918-ci ilin mart soyqırımı zamanı yalnız Bakıda 15 min türk-müsəlman öldürülmüşdür ki, onların da çoxunun meyitləri  tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırmışlar ki, cinayətin izini itirsinlər.

Daşnak quldurları təkcə insanlara qənim kəsilməmişdilər. Şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdur.  Bir çox ziyarətgahlar və tarixi abidələr yerlə yeksan edilmişdir.

Şamaxı da o illərdə dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxı şəhəri və qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət materiallar toplanıb. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulub, 13 məhəllə və məşhur müqəddəs ocaq - Cümə məscidi yandırılmışdı. Şamaxı qəzasının 53 kəndində ermənilər 8077 azərbaycanlını qətlə yetirmişdilər ki, onlardan 4190 nəfəri kişi, 2560-ı qadın və 1277-si uşaq olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,8 milyon manat olmuşdur.

Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə dəhşətli qırğın törətmişlər. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i Yer üzündən silinib.

Daşnak-bolşevik birləşmələri nəinki Quba qəzasında, hətta Cənubi Dağıstanda, Bakıdan Dərbəndə kimi böyük bir ərazidə müsəlmanların soyqırımını həyata keçirmək niyyətində olublar.

1918-ci ilin yazından başlayaraq, Ermənistanda (Qərbi Azərbaycan) yaşayan azərbaycanlılar da erməni bolşevik dəstələri tərəfindən soyqırımına məruz qaldılar. Erməni cəlladları "böyük Ermənistan" yaratmaq üçün, ilk növbədə, Qərbi Azərbaycandakı müsəlman əhalisini oradan çıxarmağa və bu məkrli planın reallaşmasına çalışırdılar. Təkcə aprelin sonunda bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatırdı.

1948-1953-cü illərdə 100 min azərbaycanlının Ermənistan SSR-dəki tarixi yurdlarından qovulması, 1987-1989-cu illərdə Ermənistandan son deportasiya və nəhayət, erməni qəsbkarlarının torpaqlarımıza təcavüzü onların mənfur siyasətinin - uydurma, qondarma "böyük Ermənistan" dövləti yaratmaq xülyası ilə bağlıdır.

Doğrudur, Azərbaycan Demokratik Respublikası 1918-1920-ci illərdə ermənilərin törətdikləri soyqırımı tədqiq etmək üçün fövqəladə komissiya yaratmışdı. Komissiya 36 cildlik geniş material hazırlamışdı. Bu materialların ingilis, alman, fransız, rus və Azərbaycan dillərində çap edilərək Qərb dövlətlərinə göndərilməsi nəzərdə tutulmuşdu. Lakin 1920-ci ilin 28 aprelində sovet ordusu Azərbaycan Xalq Cümhuriyyətini süquta uğratdıqdan sonra həmin məsələyə xitam verildi.

Xalqımızın haqq səsini ucaltmaq, tarixi həqiqəti dünyaya çatdırmaq sahəsində də ümummilli lider Heydər Əliyev öz müdrikliyini göstərdi. Onun 18 dekabr 1997-ci il tarixli "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi - etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" və 28 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanları ilə uzun illər gizli saxlanılan bu ümumxalq faciəsi öz hüquqi-siyasi qiymətini aldı.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 31 mart.- S.3.