Erməni vəhşiliyi iki əsrdir davam edir

 

Təəssüf ki, dünya birliyi bunun qarşısını almır

 

 Faşizm Almaniyası milyonlarla insanın qanı bahasıyla nəticələnən İkinci Dünya müharibəsini bir neçə il davam etdirmişdirsə, ermənilərin törətdikləri vəhşiliklərin tarixi 200 ildir. Azərbaycan xalqına qarşı 1905-1907, 1917-1918-1920-ci və 1948-1953-cü illərdə törədilən soyqırımılarına Qaradağlı, Xocalı da əlavə olundu, aranlı-dağlı Qarabağ işğal edildi.

Erməni  quldurlarının rus hərbi birləşməsinin köməyi ilə törətdiyi Xocalı soyqırımı nəticəsində bir şəhər günahsız insanları, bələkdəki körpələri, hamilə qadınları, əsasına söykənən qocaları ilə birlikdə Yer üzündən silindi. İnsanlığa qarşı növbəti cinayət törədildi. Xocalı faciəsi təsadüfi deyil, türk dünyasına və Azərbaycana qarşı yürüdülən erməni siyasətinin tərkib hissəsidir. Azərbaycanın tarixində soyqırımı kimi siyasi və hüquqi qiymətini almış hadisələr kökü etibarilə Osmanlı imperiyasının torpaqlarının bölüşdürülməsi-Şərq məsələsinin həyata keçirilməsi üçün uydurulmuş, əslində, mövcud olmayan "erməni məsələsi" ilə bağlıdır. Şərq məsələsinin həyata keçirilməsindən bəhrələnmək istəyən erməni millətçiləri XVIII əsrin sonlarından başlayaraq Türkiyə, XIX əsrdən isə Azərbaycan torpaqları hesabına "böyük Ermənistan" yaratmaq xülyasına düşmüş və bunadan sonra məqsədlərinə çatmaq üçün müxtəlif yerlərdə milli zəmində qırğınlar törətmişlər. Zaman-zaman həm silahlı, həm də dinc təcavüz üsulları ilə Azərbaycan torpaqlarını işğal etmiş, insanları amansızlıqla qətlə yetirmişlər. Faciələrimiz bir-birinə o qədər bənzəyir ki, onları yalnız rəqəmlər ayırır. Məsələn, 1906-1907-ci illərdə Qarabağda baş verən hadisələrlə 1988-ci ildən indiyə qədər baş verən hadisələr, törədilmiş qırğınlar bir-birinin təkrarıdır. Bu siyasətin acı nəticəsi olaraq bu gün biz Dağlıq Qarabağın və ətrafında olan digər Azərbaycan torpaqlarının təcavüzkar Ermənistan tərəfindən işğalının şahidiyik.     

Tarixdən bəllidir ki, 1918-ci ilədək ermənilərin dövləti və dövlətçiliyi olmayıb. "Böyük Ermənistan" dövləti yaratmaq məqsədilə ermənilər dünyanın iri dövlətlərinə müraciət edib, niyyətlərini həyata keçirmək üçün onların əlində alətə  çevrildilər. Dağlıq Qarabağ və Naxçıvan bölgələri isə hər zaman erməni ərazi iddialarının mərkəzi olub. Bəzi dövlətlər Yaxın Şərqdə hökmranlıq etmək  məqsədilə ermənilərdən yetərincə istifadə etmiş, əvəzində niyyətlərini dəstəkləmişlər.

Rus çarı I Pyotr Yaxın Şərqdə işğalçılıq siyasətinə başlayarkən ermənilərdən istifadə etməyi, İran, Türkiyə və Azərbaycan kimi müsəlman ölkələrinin arasında xristian erməni dövləti yaratmağı planlaşdırmışdı. Tarix necə vardısa yenə təkrar olundu. Sonuncu sovet diktatoru Qorbaçov da 1987-ci ilin noyabrında ABŞ-da olarkən arvadı erməni lobbisi nümayəndələri ilə görüşmüş, Dağlıq Qarabağla əlaqədar gizli danışıqlar aparmışdı.

XIX əsrin əvvəllərində 30 illik müharibə apardıqdan sonra 1813-1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycanı iki yerə böldü. Çar Rusiyası Cənubi Qafqazda möhkəmlənmək üçün ermənilərdən yetərincə yararlandı. Nəticədə bir tərəfdən milli zülm gücləndi, digər tərəfdən sənaye və kənd təsərrüfatında ermənilərin mövqeyi möhkəmləndi. 1872-ci ildə iltizam sisteminin ləğvinə qədər neft sənayesinin 88 faizi azərbaycanlı sahibkarlara məxsus idisə, 1901-ci ildə Bakıda 167 neft şirkətindən 49-u azərbaycanlıların, 55-i isə ermənilərin sərəncamında oldu. Çar Rusiyasının himayəsi altında Bakı neftindən həddən artıq varlanan ermənilər ərazi iddialarını həyata keçirmək üçün partiyalar, silahlı quldur dəstələri yaratmağa başladılar. Kapitalistlər böyük həvəslə erməni canilərini maliyyələşdirir, Londonda erməni milli bankı yaradırdılar. 

1905-ci ildə rus inqilabının başlanması ilə ölkədə yaranan hərc-mərclikdən istifadə edən erməni millətçiləri ərazi iddialarını gerçəkləşdirmək üçün İrəvanda, Bakıda, Şuşada, Gəncədə, Qazaxda və digər yerlərdə milli qırğınlar törətməyə başladılar. Bakıda 1905-ci il fevralın 6-9-da və avqustun 20-25-də erməni başkəsənləri minlərlə azərbaycanlını qətlə yetirdilər. Çar generalı Mayevski hələ yüz il əvvəl söyləmişdi: "Hər yerdə qanlı işlər məhz ermənilərin təşəbbüsü ilə başlanmışdır". Erməni kapitalisti Lalayanın təşkil etdiyi silahlı quldur dəstəsi azərbaycanlıların öldürülməsində xüsusi fəallıq göstərirdi. Hadisələr cərəyan edərkən onun Ağakərim adlı qeyrətli döyüşçü öz dəstəsi ilə daşnak başçısının yaraqlılarını məhv edərək özünü əsir götürür. Lalayan xilas olmaq üçün çoxlu pul-qızıl təklif edir, bunun da yaramadığını görüncə Hacı Zeynalabdin Tağıyevdən bağışlanmasını xahiş edir. Böyük messenat isə ona belə cavab verir: "Bu, mənə dəxli olmayan işdir. Baş verən hadisə millət məsələsidir". Və Lalayan layiq olduğu cəzanı alır.

12 iyul 1906-cı ildə rus əsgərlərinin və kazakların köməyi ilə 10 mindən artıq erməni silahlı dəstəsi azərbaycanlıları qırmağa başlayır. Qeyri-bərabər savaşda azərbaycanlılar cəsurcasına vuruşurdular. Vəziyyətin getdikcə gərginləşdiyini görən çar Rusiyası 1906-cı ilin fevralında Tiflisdə guya barışıq toplantısı təşkil edir. Əhməd bəy Ağayev həmin toplantıda çıxış edir: "Bir halda ki, 15 ildən bəri fəaliyyət göstərən daşnak partiyasının qoşunu, xəzinəsi, silahlı dəstələri var, onda biz də başımıza çarə qılmalıyıq. Bizim də gərək mükəmməl və müsəlləh partiyalarımız olsun". Tiflis görüşündən bir az sonra -1906-cı ildə Əhməd bəyin rəhbərliyi ilə yaradılan "Difai" partiyası bəyan edir ki, heç bir vaxt biz öz millətimizin külü və xarabazarlığı üzərində erməni millətinin səadət və xoşbəxtlik qurmasına yol verməyəcəyik".

1917-ci ildə sovet Rusiyasına arxalanan Şaumyanın başçılığı ilə bolşevik güruhu Bakıda hakimiyyəti ələ keçirdi. Azərbaycanın şərq hissəsində Bakı soveti qurularkən qərbində Gəncə mərkəz olmaqla müstəqil dövlətçiliyin təşəkkül  prosesi yaranmağa başladı. Lenin xalqımızın istiqlal hərəkatını boğmaq üçün Şaumyana daha geniş səlahiyyətlər verərək 16 dekabr 1917-ci ildə onu Qafqaz işləri üzrə fövqəladə komissar təyin edir. Şaumyanın bolşevik-daşnak hökuməti Azərbaycanda yüksələn istiqlal hərəkatına son qoymaq və "böyük Ermənistan" yaratmaq məqsədini həyata keçirmək üçün soyqırımı törətməyi ən əlverişli vasitə hesab edir. Bu məqsədlə sovet Rusiyasından çoxlu miqdarda silah, hərbi sursat və maddi yardım alır. Məqsəd aydın idi: Azərbaycan torpaqlarında kiçik erməni anklavları yaratmaq, əlverişli tarixi şərait ələ düşən kimi onları Ermənistana birləşdirməkdir.

Bu günlərdə vaxtilə ABŞ prezidenti olmuş Ronald Reyqanın tapşırığı ilə onun müşaviri olmuş Bryus Feynin "1915-ci il erməni soyqırımı" ilə bağlı apardığı araşdırmanın nəticəsi dünyaya bəyan edildi. Dünyanın bir çox ölkələrinin arxivlərində aparılan araşdırmalardan sonra B.Feyn bildirir ki, o vaxt öldürülən türklərin sayı ermənilərin sayından daha çox olub.

Araşdırma nəticəsində məlum olub ki, "erməni soyqırımı" barədə söhbətlər əsassızdır və 1915-ci ildə öldürülmüş türklərin sayı daha çox olub: "Ronald Reyqanın tapşırığına əsasən biz o vaxt araşdırma aparmışdıq. Avropa ölkələrinin hərbi arxivlərində və Osmanlı imperiyasının arxivlərində saxlanılan sənədlər aşkar edilmişdi. Araşdırma nəticəsində müəyyən edildi ki, o zaman öldürülən türklərin sayı ermənilərdən daha çox olub. "Erməni soyqırımı" barədə nağıllar erməni tarixçilərinin şəxsi təxəyyülünün məhsuludur. Erməni quldur dəstələri Anadoluda 2 milyondan çox türkü öldürüblər".

B.Feyn onu da əlavə edib ki, Osmanlı dövründə bütün dini və etnik azlıqlar türklərlə eyni hüquqlara malik idilər: "Türkiyədə o vaxt yaşayan yunanlar, kürdlər, çərkəzlər, ərəblər, ermənilər kifayət qədər yüksək vəzifələr tuturdular. Birinci Dünya müharibəsi başlayanda ermənilər vətənə xəyanət edib Osmanlı imperiyasının düşmənlərinə qoşulublar. Ermənilər Qafqaz cəbhəsində ruslarla çiyin-çiyinə döyüşürdülər. Onlar türk və gürcü kəndlərini qarət edib insanları qırırdılar. Bizim apardığımız araşdırma zamanı türklər öz arxivlərindən istifadə etməyə icazə veriblər, erməni tərəfi isə qətiyyətlə öz arxivlərini açmaq istəmirdi. Düşünürəm ki, əgər bu arxivlər açılsa, bütün həqiqət üzə çıxacaq. Bu halda ermənilər dünya qarşısında, xüsusilə türklər qarşısında tarixi yalana yol verdikləri üçün üzr istəməli olacaqlar".

İki yüz il öncə başlanan tarix elə başladığı yerdən davam etdi, təkrar-təkrar faciələri yaşayan isə xalqımız oldu. Təəssüf ki, dünya birliyi iki əsrdir davam edən erməni vəhşiliyinin qarşısını almır. Millətimizin taleyinə yazılan bu faciəli və təkrar olunan tarixi yalnız biz özümüz taleyimizdən silə bilərik.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.-2013.- 31 mart.- S.3.