Ombudsman 31 mart - Azərbaycanlıların
Soyqırımı
Günü ilə əlaqədar
bəyanat yaymışdır
Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili
Elmira Süleymanova 31 mart - Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar bəyanat
yaymışdır.
Bəyanat
BMT-nin baş katibi, onun müavini, təşkilatın insan
hüquqları üzrə ali komissarı, Avropa Komissiyası,
Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar
İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq
Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif
ölkələrin ombudsmanları, Azərbaycanın xarici
ölkələrdəki, xarici dövlətlərin
respublikamızdakı səfirlikləri və Azərbaycanın
diaspor təşkilatlarına ünvanlanmışdır.
Bəyanatda erməni millətçilərinin
və onların havadarlarının son iki əsrdə azərbaycanlılara
qarşı məqsədyönlü şəkildə həyata
keçirdikləri soyqırımı, etnik təmizləmə
və deportasiya siyasəti nəticəsində
xalqımızın ağır məşəqqətlərlə
üzləşdiyi, soydaşlarımızın insan
hüquqlarının kobudcasına, kütləvi surətdə
pozulduğu diqqətə
çatdırılmışdır. Bu mənfur siyasətin məqsədi
azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə
erməni tarixçilərinin və ideoloqlarının
uydurduqları "Böyük Ermənistan" dövləti
yaratmaq olduğu qeyd edilmişdir.
Bildirilmişdir
ki, XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan
torpaqları olan Qarabağa, Zəngəzura, İrəvan
quberniyasına, Naxçıvana və digər bölgələrə
İran və Türkiyədən
minlərlə erməni ailəsi
köçürülmüşdür.
Keçmiş
Sovet İttifaqının dağılması ərəfəsində
yaranmış xaosdan istifadə edən Ermənistan 1988-ci ildən
başladığı növbəti təcavüz nəticəsində
Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə
də ona bitişik yeddi rayonu işğal etmiş, beləliklə
ölkəmizin 20 faiz ərazisi zəbt olunmuş, yüz minlərlə
soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür.
Ermənilərin
azərbaycanlılara qarşı həyata keçirdikləri
soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə
xüsusən genişlənmiş və onların Azərbaycanda
törətdikləri milli qırğınla bağlı
tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada,
Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan
quberniyasında və digər ərazilərdə azərbaycanlıların
amansızlıqla qətlə yetirildiyini, şəhər və
kəndlərin talan edilərək
dağıdıldığını sübut edir.
Qeyd
olunmuşdur ki, bu qanlı faciələrin daha dəhşətlisi
1918-ci il martın 31-də azərbaycanlılara qarşı
törədilmiş soyqırımı hadisələridir. Həmin
il martın 30-da erməni-bolşevik birləşmələrinin
Bakını gəmilərdən yaylım atəşinə
tutması ilə başlanan hadisələrin ardınca
martın 31-də və aprelin 1-2-də qırğınlar
kütləvi şəkil almış, silahlanmış erməni
əsgərləri dinc əhalini amansızcasına qətlə
yetirmişlər.
Qırğınların
davam etdiyi dövrdə Azərbaycan ərazisində on minlərlə
soydaşımız, o cümlədən Bakıda və ətraf
kəndlərdə 30 minə yaxın azərbaycanlı qəddarlıqla
öldürülmüş, məscidlər, məktəb
binaları yandırılmışdır.
Mart
qırğınları zamanı ermənilər bir çox qədim
binaları, o cümlədən ziyarətgahları, Cümə
və Təzəpir məscidlərini, dünya
memarlığının incilərindən sayılan
İsmailiyyə binasını top atəşinə tutaraq
dağıtmışlar. Təkcə Quba qəzasında erməni
hərbi hissələri 122 kəndi yandırmış, 60
kişi, qadın və uşağı qətlə
yetirmiş, 53 nəfər isə yaralanmışdır.
Son
dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin
törətdikləri kütləvi insan qətllərini
aşkarlayan faktlar üzə
çıxarılmışdır.
Tapılmış saysız-hesabsız insan sümükləri
bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən
əyani dəlillərdir. Bu ərazidə minlərlə
insanın qətlə yetirilməsinin sübutu və
onların xatirəsinə ehtiram əlaməti olaraq hazırda
Quba Soyqırımı Muzeyi yaradılmaqdadır.
Bəyanatda
vurğulanmışdır ki, beynəlxalq hüquqa görə,
soyqırımı ən ağır beynəlxalq cinayət
olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi
əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə,
müharibə və beynəlxalq terrorizm kimi cinayətlər
qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası
BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə
qəbul edilmiş "Soyqırımı cinayətinin
qarşısının alınması və cəzalandırılması
haqqında" Konvensiya ilə müəyyən olunmuşdur.
Konvensiyaya görə, soyqırımı hər hansı
milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək
məqsədi ilə törədilən hərəkətlərdir.
İnsanlıq əleyhinə cinayətin tərkib hissəsini
təşkil edən və bu sənəddə göstərilən
əməllərdən hər biri 1918-ci ilin mart hadisələri
zamanı ermənilər tərəfindən azərbaycanlılara
qarşı törədilmişdir və hüquqi baxımdan
soyqırımı kimi qiymətləndirilməlidir.
Ermənistan
indi də dünyanın nadir ölkələrindəndir ki,
terroru öz dövlət siyasətinin tərkib hissəsinə
çevirmişdir. 1918-ci il mart qırğınları və
törədilmiş digər soyqırımları zamanı yüz
minlərlə azərbaycanlının qatili olmuş şəxslər
bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə
yüksəldilmiş, onların xatirəsinə abidə-komplekslər
ucaldılmışdır.
Qeyd
edilmişdir ki, zəbt olunmuş Dağlıq Qarabağ və
ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib
hissəsidir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın
işğal olunmuş torpaqlarının qeyd-şərtsiz
azad edilməsi barədə dörd qətnamə, BMT Baş Məclisi
"Azərbaycanın işğal olunmuş ərazilərində
vəziyyət" adlı 2008-ci il 14 mart tarixli qətnamə,
Avropa Şurası Parlament Assambleyası Azərbaycan ərazilərinin
erməni hərbi qüvvələri tərəfindən
işğal edildiyini və Dağlıq Qarabağ regionunun
separatçı qüvvələr tərəfindən idarə
olunmasını təsdiq edən 1416 və 1690 saylı qətnamə
və tövsiyə qəbul etsə də, Ermənistan bunları
hələ də yerinə yetirmir.
Halbuki
bu qətnamələrdə Ermənistan
işğalçı dövlət kimi tanınmış,
birmənalı olaraq Ermənistandan öz hərbi qüvvələrini
işğal etdiyi Azərbaycan ərazilərindən
çıxarması, bir milyon azərbaycanlı
qaçqın və məcburi köçkünün öz
doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb
olunmuşdur.
Ümummilli
lider Heydər Əliyevin "Azərbaycanlıların
soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanında
bu hadisələrə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər
tərəfindən soyqırımına məruz
qaldıqları ilk dəfə rəsmi surətdə bəyan
olunmuşdur. Artıq on beş ildir ki, martın 31-i Azərbaycanlıların
Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində
qeyd edilir. Azərbaycan tərəfi bu münaqişənin
sülh yolu ilə həllinə daim səy göstərir. Azərbaycan
Prezidenti İlham Əliyev ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpasına,
soyqırımını həyata keçirənlərin,
insanlar və xalqlar arasında nifaq və düşmənçilik
salanların ifşasına nail olacağımızı dəfələrlə
bəyan etmişdir.
Diqqətə
çatdırılmışdır ki, Avropa İttifaqı
Dağlıq Qarabağ münaqişəsinin həllində,
xüsusilə tərəflər arasında etimadın
qurulması sahəsində daha fəal iştirak etmək istəyini
dəfələrlə bəyan etmişdir.
ABŞ-dakı Azərbaycan və
türk diasporlarının nümayəndələri 31 mart -
Azərbaycanlıların Soyqırımı Günü ilə
əlaqədar bu ölkənin Konqresinə müraciət
ünvanlamış, həmin günün yad edilməsi
üçün dəstək verməyi və dünya
ictimaiyyətini bu istiqamətdə geniş məlumatlandırmağı
xahiş etmişlər.
Bu
günlərdə ABŞ-ın Nyu-Cersi ştatının
Dövlət Assambleyası 31 mart - Azərbaycanlıların
Soyqırımının 95 illiyi ilə bağlı qətnamə
qəbul etmişdir.
Bəyanatda
qeyd olunmuşdur ki, nüfuzlu beynəlxalq təşkilatların
məlum münaqişənin həllinə yönəlmiş
səyləri ikili standartlara yol vermədən, beynəlxalq
hüququn normaları və prinsiplərinə tam uyğun həyata
keçirilməlidir. İşğalçı dövlət
olan Ermənistan ərazi iddialarından əl çəkərək,
münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq
sənədlərin müddəalarını yerinə yetirməli,
Azərbaycanın ərazi bütövlüyü tam bərpa
edilməli, azərbaycanlı qaçqın və məcburi
köçkünlərin pozulmuş hüquqları bərpa
edilərək onlar öz doğma yurdlarına
qayıtmalı, əsir və girovlar azad olunmalıdır.
AzərTAc
Azərbaycan.-2013.- 31 mart.- S.4.