«Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması»
İctimai Birliyi 31 mart - Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar dünya
ictimaiyyətinə müraciət etmişdir
Martın 29-da "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar toplantı keçirmişdir.
Toplantıda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edilmişdir. Müraciətdə deyilir: "Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla bu əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olmuşdur.
Bu cinayətkar siyasətin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışlar. XX əsrdə Azərbaycanın Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran bölgələrində və başqa ərazilərində azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilmişdir.
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı faciələrin daha dəhşətlisi 1918-ci il 31 mart və 1-2 aprel tarixlərində törədilmiş soyqırımı hadisələridir. Belə ki, həmin günlərdə təkcə Bakıda 12 min azərbaycanlı qətlə yetirilmişdir. Aprel və may aylarında ermənilər Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlını xüsusi qəddarlıqla öldürmüşlər.
Eyni zamanda, Zəngəzur qəzasında 10 min, Şamaxı qəzasında 8 min, Quba qəzasında 16 min, İrəvan quberniyasında isə 132 min azərbaycanlı amansızlıqla qətlə yetirilmişdir. Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 157 kənd dağıdılmış və yandırılmış, Şuşa şəhərində dəhşətli qırğınlar törədilmişdir.
Bu dövrdə Quba qəzasında 122, Şamaxı qəzasında 72, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılmış, dağıdılmış və talan edilmişdir. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir.
XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilmişdir. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Bu proses Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhalinin öz doğma torpağından qaçqın və məcburən köçkün düşməsinə gətirib çıxarmışdır.
Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdikləri bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 100 min nəfərdən çoxu yaralanmış, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur. Eyni zamanda, 1988-1994-cü illərdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən, ümumilikdə, müxtəlif səpkili 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır.
Çox təəssüf ki, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" konvensiya ilə müəyyən olunmuşdur. Dövlətimiz bu konvensiyanı rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir.
Azərbaycan
Respublikası Dağlıq Qarabağ bölgəsinin 75 mindən
çox olan azərbaycanlı əhalisi beynəlxalq birliyi Azərbaycan
xalqına qarşı bu gün də davam edən təcavüz
hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin
verilməsi üçün Azərbaycanın haqlı
mövqeyini dəstəkləməyə
çağırır".
AzərTAc
Azərbaycan.-2013.- 31 mart.- S.4.