Silsilə tədbirlər keçirilmişdir

 

Suraxanı rayonunda 31 Mart  Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.

Martın 27-də və 30-da Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində şagirdlər üçün Azərbaycanlıların soyqırımı haqqında sənədli film nümayiş etdirilmişdir. Rayonun orta ümumtəhsil məktəblərində 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş xüsusi dərslər keçirilmiş, şagirdlərin rəsm sərgisi təşkil olunmuşdur.

Martın 30-da Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və təcavüz siyasətindən bəhs edən filmə baxmışlar. Film Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanmışdır.

Sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov demişdir ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 30-dan aprelin 2-dək Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar.

Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "böyük Ermənistan" dövləti qurmaqdır. Öz niyyətlərindən əl çəkməyən erməni daşnakları mərhələlərlə Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların deportasiyasına nail olmuşlar. 1988-ci ildən başlayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixinin ən müdhiş hadisələrindən biri Xocalıda baş vermiş soyqırımıdır.

Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövləti müstəqilliyinə qovuşduqdan sonra verilmişdir. 1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur.

Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət Prezident İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu bu faciələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox ciddi layihələr reallaşdırır.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Fərəc Quliyev, YAP Gənlər Birliyinin sədri Seymur Orucov və başqaları çıxış edərək XX əsrdə ermənilərin azərbaycanlılara qarşı mərhələlərlə törətdikləri vəhşiliklər barədə danışmışdır. Bildirilmişdir ki, mənfur qonşularımızın antiazərbaycan siyasəti tarixin müxtəlif mərhələlərində dünya dövlətlərinin bir çoxunun planlarına uyğun gəldiyi üçün onlar daim ermənilərə havadarlıq etmişlər.

Qeyd olunmuşdur ki, 31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün indiyədək görülmüş işlər daha da genişləndirilməli, bu sahədə virtual məkanın - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalıdır. Sonda bir fikir xüsusi vurğulanmışdır ki, birgə səylərimiz nəticəsində dünya birliyi ermənilərin bəşəriyyət üçün həm ləkə, həm də təhlükəli olduğu qənaətini qəbul edəcək və Azərbaycan xalqına qarşı tarixən törədilən cinayətlərə və soyqırımına obyektiv qiymət verəcəkdir.

 

 

Azərbaycan.-2013.- 31 mart.- S.4.