Qusarda Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə xanım Əliyevanın 90 illik yubileyi qeyd olunmuşdur

 

Qusar  Mərkəzi Rayon Xəstəxanasında  Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə  xanım Əliyevanın 90 illik yubileyi münasibətilə konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransdan əvvəl xəstəxanada dünya şöhrətli oftalmoloqun 90 illik yubileyi münasibətilə yaradılmış və görkəmli alimin fotolarının əksini tapdığı guşəyə baxış olmuşdur.

Tibb müəssisəsinin akt zalında keçirilən konfransda xəstəxananın baş həkimi Mübariz Zeynalov bildirmişdir ki,  akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermişdir. Qeyd edilmişdir ki, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmış Zərifə xanım  Əliyeva elmi-pedaqojiictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.

Konfransda gənc həkimlərə görkəmli alimin həyat yolundan nümunə götürmək, çalışdıqları peşəyə dünya şöhrətli oftalmoloq Zərifə xanım Əliyeva kimi vurğun olmaq tövsiyə edilmişdir.

 

 

Azərbaycan.-2013.- 31 mart.- S.5.