Dərs vəsaitindən dərsliyə doğru

 

Filologiya elmləri doktoru, professor Əmirxan Xəlilov uzun illərdir ki, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Dünya ədəbiyyatı kafedrasında çalışır. Müxtəlif ali məktəblərdə dünya ədəbiyyatı ilə əlaqədar mühazirələr oxuyur. Təqdirəlayiq haldır ki, Əmirxan Xəlilov yeddi cilddən ibarət "Dünya ədəbiyyatı" dərs vəsaitini hazırlayaraq tələbələrin ixtiyarına vermək üçün  son illər səmərəli fəaliyyət göstərir. Bu seriyadan birinci cild işıq üzü görüb. Bu günlərdə isə həmin dərs vəsaitinin IV, V, VI cildləri çap edilib. Qalanları isə çap prosesindədir. Dərs vəsaiti bütün ali məktəblərin humanitar fakültələri üçün nəzərdə tutulmuşdur. Müasir ədəbi estetik prinsiplər nəzərə alınaraq yazılan dərs vəsaitlərində təqdim olunan yazıçı və şairlərin yaradıcılığı, ədəbi proseslərin bütün məqamları geniş təhlil edilib.

"Dünya ədəbiyyatı"nın IV cildi "XX əsr Qərb ədəbiyyatı" bölümü ilə açılır. Müəllif haqlı olaraq bildirir ki, Azərbaycan Avrasiya ölkəsi olaraq təkcə Şərqlə bağlı olmayıb, həm də Qərb dünyası ilə yaxından təması, yeni inkişaf və vüsət yolu seçməyi əsas götürmüşdür. Əlbəttə, XX əsr Qərb ədəbiyyatı çox geniş və məzmunludur. Bu dövrün bütün şair və yazıçılarının yaradıcılığını əhatə etmək qeyri-mümkündür. Məhz bu baxımdan müəllif ən tanınmış, dünya  ədəbiyyatına mühüm töhfələr vermiş sənətkarları ön plana çəkməkdə haqlıdır. Bu baxımdan istər Amerika, istər alman, fransız, ingilis ədəbiyyatlarında mühüm yer tutan, adları tarixə düşmüş, milyonlarla dünya oxucusunun qəlbinə yol tapmış ədiblər haqqında tələbələrə ətraflı və dolğun məlumat çatdırıb. Bəlkə də bəziləri söyləyər ki, kitabda dünya ədəbiyyatı olduğu kimi öz əksini tapmayıb. Müəllifin təbirincə desək, bu dəryadan damla götürməyə bərabərdir. Gərəklidir ki, bizlərdə XX əsr dünya ədəbiyyatı haqqında müəyyən təsəvvür yaranır. Əlbəttə, damlaların birləşib ümmana çevrildiyi günolacaq.

Dərs vəsaitinin V cildində Amerika, Latın Amerikası, alman-Avstriya, ingilis, fransız, Portogez, İtaliya, ispan, Norveç və yenə də XX əsr rus ədəbiyyatından nümunələr verilib. Təbii ki, XX əsr dünya ədəbi prosesi mürəkkəb olduğu qədər də çox zəngindir. Dünya xalqlarının mənəvi aləmini bütün dərinliyi ilə ifadə edən məşhur ədib, yazıçı və şairlər haqqında dolğun təsəvvürə malik olmaq üçün bu cildi diqqətlə oxumaq yetər. Müəllif çalışıb ki, hər bir xalqın ədəbiyyatından qısa xülasələr təqdim etməklə barəsində söz açdığı yazıçı və şairi oxucusuna yaxından tanıtsın.

Müəllif haqlı olaraq qeyd edir ki, bu kitabla dərslik deyil, dərs vəsaiti yaratmağa çalışmışıq. Əmirxan Xəlilov oxuculara bir incə məqamı nəzərə almağı da tövsiyə edir: "Bu vəsait gələcəkdə dərslik yaratmaq üçün yalnız bir vasitədir. Deməli, gərgin yaradıcılıq işi - dərslik yazmaq və tələbələrin ixtiyarına vermək məsələsi hələ qabaqdadır". Çox güman ki, müəllifin dediyi kimi, bu zəruri ehtiyac yaxın gələcəkdə öz həllini tapacaq. Müasir dövrün estetik prinsiplərinə cavab verə biləcək dünya ədəbiyyatı dərsliyinin yaradılması həqiqətən də vacibdir. Vaxtilə tanınmış şəxsiyyətlər dünya ədəbiyyatının dilimizə çevrilməsində əvəzsiz görüblər. Gərəkdir ki, onların hamısının əməyindən bəhrələnərək müəllifin dediyi kimi, dərslik yaradılmasına start verilsin. Hələlik bu bünövrənin ilk təməl daşlarını qoyan Əmirxan Xəlilov bir alim kimi çox faydalı görüb.

"Dünya ədəbiyyatı"nın VI cildi isə iki hissə və altı bölmədən ibarətdir. Müəllif ön sözdə yazır: "XX əsr dünya ədəbiyyatında məhz bəşəri xarakterli ədiblər, şairlər, filosoflar kifayət qədərdir. Haqlarında söhbət gedən elə yazıçılar var ki, indiki qloballaşma dövründə onların tədqiq edilməsi və tədrisinə zəruri ehtiyac duyulur. Ən görkəmli şəxsiyyətlər barədə yığcam da olsa müəyyən təsəvvür yaratmağı vacib bilmişik". Təqdirəlayiq cəhətlərdən biribudur ki, Əmirxan Xəlilov bu dərs vəsaitini hazırlayarkən özündən əvvəl ədəbiyyatşünaslığımıza müqtədir tərcümələri ilə xidmət etmiş bir sıra alimlərin adlarını çəkərək onların bu sahədəki uğurlu fəaliyyətlərini də minnətdarlıqla xatırlayır.

Müəllif hər bir xalqın milli ədəbiyyatı barədə ümumi və qısa xülasələr qələmə almaqla bərabər, ayrı-ayrı yazıçıların yaşadığı dövr haqqında da tələbələrə müəyyən bilgilər verib. Bütün bunlar isə oxucuların maraq göstərdiyi ədiblər haqqında geniş məlumata səbəb olmasına yönəlib. Bu cildə Amerika, alman, ingilis, fransız, İtaliya və XX əsr rus ədəbiyyatından nümunələr salınıb. Kitabda elə müəlliflərin yaradıcılığına müraciət edilib ki, onların barəsində, ümumiyyətlə, azərbaycanlı oxucuların o qədər də geniş məlumatı yoxdur. Məsələn, dərs vəsaitində XX əsr rus ədəbiyyatının görkəmli nümayəndələri olan Şoloxov, Tvordovski, Simonov və digərləri haqqında oçerklər var. Bu şəxsiyyətləri Azərbaycan oxucusu çox gözəl tanıyır. Lakin Boris Pasternak, Vladimir Nabokov, Aleksandr Soljenitsın, Anna Axmatova, Marina Svetaya kimi sənətkarların yaradıcılığı oxucularımıza nisbətən az məlumdur.

Ali məktəb tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulan "Dünya ədəbiyyatı"nın hər üç cildində mühazirələr, ədəbi oçerk və portretlər toplanıb. Doğrudur, dünya ədəbiyyatından dilimizə vaxtaşırı tərcümələr edilib. Amma bu cildlərdə Əmirxan Xəlilovun özünəməxsus yeniliyi ondan ibarətdir ki, həm bir sıra yazıçı və şairlər oxuculara ilk dəfə təqdim edilib, həm də müqayisəli təhlil aparılıb. Bu paralellikmaraq doğurur. Ədəbi oxşarlıqlar, cüzi fərqlər, ədiblərin bir-birinə yaxınlığı təbii ki, oxucunu ciddi düşünməyə vadar edir. Şübhəsiz ki, bu da kitabın əsas məziyyətlərindən sayılmalıdır. Xüsusilə də sonet janrı və onun estetik prinsipləri barədə Əmirxan Xəlilov geniş elmi söhbət açır. Hər bir ədibə münasibətdə də müasir aspektdən yanaşma özünü göstərir. Elə ədəbi hadisələr də var ki, onlar bu cildlərdə məhz ilk dəfə öz əksini tapıblar. Uzun illər xarici ölkə ədəbiyyatından mühazirələr oxuyan Əmirxan Xəlilov indi bu tezislərin kitab şəklində tələbələrə çatdırılmasında, sözün əsl mənasında, fədakarlıq göstərir. Cildlər işıq üzü gördükcə müəllifin necə sevindiyinin şahidi oluruq. Çünki zəhməti hədər getmir. Bəşəriyyətin ən böyük kəşfi olan kitabda bəşəri ədəbiyyat haqqında, onun inciləri barəsində Azərbaycan oxucusuna geniş məlumat vermək, tələbələrin faydalanması üçün gözəl və müfəssəl mənbə yaratmaq Əmirxan Xəlilovun bu sahədəki ən dəyərli xidmətlərindən biridir.

Bu kitabların elmi redaktorları mərhum akademik Bəkir Nəbiyev və professor Qorxmaz Quliyevdir. Növbəti cildlərdə də dünyanın digər görkəmli ədəbi şəxsiyyətlərinin yaradıcılığı barədə oçerk və ədəbi portretlər veriləcəkdir. Bu cildlər kitab rəfimizdə sıralandıqca onların müəllifinə, filologiya elmləri doktoru, professor Əmirxan Xəlilova yeni yaradıcılıq uğurları diləyirik! Dərs vəsaitindən dərsliyə doğru uzanan yolun mənzil başına çatacağına əminik!

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 31 mart.- S.6.