«Yeni Daşkəsən» layihəsi
qurub-yaratmaq əzmini artırıb
Cari il dağlar diyarında xoş bir xəbərlə başladı. Yanvar ayının 10-da "Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" respublika Prezidentinin sərəncamı ilə rayon üçün iki milyon manat pul ayrıldı. Bundan bir neçə ay əvvəl isə 3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çiraqlı avtomobil yolunun tikintisi məqsədilə rayon üçün ilkin olaraq 3 milyon manat pul ayrılmışdı.
Ölkənin hər bir bölgəsi kimi, Daşkəsən də həmişə dövlətin diqqət mərkəzindədir. Dağların dəyərli sərvəti, əvəzsiz neməti üzə çıxdıqca Daşkəsən yeni həyata qədəm qoyur. Bəllidir ki, Gəncədə alüminium zavodu yenidən qurulur, genişmiqyaslı "DET-Al" kompleksi yaradılır. Buna görə də Daşkəsən filisaflaşdırma ASC-nin istehsal gücü artır, Zəylik alunet mədəninin fəaliyyəti bərpa olunur, əhəng, mərmər və qranit istehsalı çoxalır, Çovdar qızıl yatağının fəaliyyəti genişlənir.
"Yeni Daşkəsən" ideyası da məhz bu yüksəlişdən yaranıb. Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli qərarı ilə "Yeni Daşkəsən" layihəsinin həyata keçirilməsi məqsədilə konkret olaraq ayrı-ayrı tədbirlərin icrası üçün kifayət qədər maliyyə vəsaitinin ayrılması qərara alınmışdır. İctimai və fərdi obyektlərin müasir üslubda təmiri, küçə və parkların abadlaşdırılması, istinad divarlarının bərpası əsas diqqət mərkəzindədir. Rayon icra hakimiyyəti üçün yeni binanın tikilməsi, daha doğrusu, ətrafında inzibati mərkəzin yaradılması Daşkəsən üçün çox önəmli hadisədir. "Yeni Daşkəsən" layihəsində bu cür işlər çoxdur. Gənclər evinin, şahmat məktəbinin, şəhər stadionunun yenidən qurulması, Daşkəsən şəhərində, Quşçu, Əmirvar, Bayan, Mollahəsənli, Əhmədli, Müşavaq kəndlərində və digər yerlərdə müasir quruluşlu məktəb binalarının, uşaq idman məktəbinin, mədəniyyət və səhiyyə-sağlamlıq ocaqlarının tikintisi, Zağalı-Kollu-Çiraqlı avtomobil yolunun əsaslı təmiri, digər sosial problemlərin sistemli surətdə həlli nəzərdə tutulub.
İllər boyu lazımi qayğı və tələbkarlıq göstərilmədiyinə görə "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulan bir sıra tədbirlər yerinə yetirilməmişdir. Rayonun ən böyük problemi qaz çəkilişi və yol təsərrüfatı ilə bağlıdır. Bu vacib məsələlər dövlət proqramında nəzərdə tutulsa da, müvafiq icra orqanlarının laqeydliyi üzündən həmin tədbirlərə əməl olunmamışdır. Məsələn, 45 kəndin cəmi dördü qazlaşdırılıb. Bayan, Quşçu, Kəmərqaya, Aşağı Daşkəsən, Qazaxyolçular, Zağalı kəndləri və digər yaşayış məntəqələri magistral qaz kəmərinin yaxınlığında yerləşməsinə baxmayaraq həmin yaşayış məntəqələrinə bu günə kimi qaz çəkilməmişdir. Təkcə bu fakt təəssüf və təəccüb doğurur. 2011-ci ilin iyun ayında Xoşbulaq kəndində təntənəli surətdə qaz xəttinin açılışı mərasimi keçirilsə də, bu günə kimi mənzillərə mavi yanacaq verilməmişdir. Yol problemi də laqeydliyin qurbanı olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında inşası nəzərdə tutulmuş 31 kilometrlik Daşkəsən-Xoşbulaq-Astaf yolunda son vaxtlara kimi heç bir iş görülməmiş, bu sahədə dövlət proqramının tələbinə əməl olunmamışdır.
Doqquz
yaşayış məntəqəsini birləşdirən
Daşkəsən-Əmirvar-Qabaqtəpə yolu da yararsız
haldadır. İcra hakimiyyətində dedilər ki, "Yeni
Daşkəsən" layihəsi ilə əlaqədar olaraq əhalini
narahat edən bütün sosial məsələlərin
sistemli surətdə həllinə xüsusi diqqət yetiriləcəkdir.
Hazırda bu və ya digər məsələlərin həlli
üçün əsaslı tədbirlər
görülür. "Yeni Daşkəsən" layihəsi
də məhz bu cür həlli vacib məsələlərdən
yaranmışdır. Odur ki, daşkəsənlilər bu
mühüm layihəni dağlar diyarında yeni həyatın
başlanğıcı hesab edirlər.
Son vaxtlarda Zağalı-Kollu-Çiraqlı yolunun çəkilişində görülən işlər hamının ürəyindən xəbər verir. Rayonun digər yollarına da məhz bu cür münasibətin bəslənilməsi vacibdir.
"Yeni Daşkəsən" layihəsi həm də turizmin inkişafına xidmət edir. Xoşbulaq ölkəmizin ən səfalı guşələrindən biridir, Qoşqar, Murovdağ və Şahdağ silsiləsinin yamaclarında yerləşir. Zəngin təbiəti, bir-birindən baxımlı abidələri, büllur bulaqları, sərin yaylaqları ilə şöhrət qazanıb. Məşhur Narzana, Nağara bulağına, Daşkəsən qalasına, Turşu bulağına, Qabaqtəpə vadisinə gələnlərin sayı ilbəil artır. Elə buna görə də Xoşbulaq yaylağına həmişə xüsusi fikir verilməliydi. Vaxtilə burada olimpiya idman kompleksi tikilirdi. İsti yay aylarında inşaat materialları daşınır, müəyyən hörgü işləri görülür, payız gələn kimi isə guya sel-su nə varsa yuyub aparır. Halbuki obyekt talan olunur, hər şey silinib gedirdi. Yenidən layihə tərtib olunur, yenidən material gətirilir, sonra da yenidən yoxa çıxırdı. İndi hamı bu dəyərli obyektə ürəklə yanaşır, nəzarət, intizam möhkəmlənir. İnşaat işlərinin vaxtında başa çatdırılması üçün ciddi səy göstərilir.
Xoşbulaq yaylağının mərkəzində irili-xırdalı xeyli satış obyekti yaradılıb. Amma yüzlərlə adamın yığışdığı bu yerdə səliqə-sahmandan əsər-əlamət yoxdur. Kimi harda gəldi heyvan kəsir, kimi at çapır, kimi alış-veriş edir, payızda-yazda palçıq, yayda isə toz-torpaq dizə qalxır. Bu qədər qanuni-qanunsuz ticarət obyektlərinin qurulduğu bir meydana asfalt döşənilməsinin, səliqə-sahman yaradılmasının qeydinə qalan yoxdur. Hər bir iş adamı, hər bir sahibkar bircə maşın asfalt gətirsəydi meydan səliqə-sahmanlı bir mərkəzə çevrilərdi.
Yəqin ki, "Yeni Daşkəsən" layihəsində bu və ya buna bənzər digər "unudulan" işlərin nizama salınması üçün tədbirlər görüləcəkdir. Axı yeni layihə təkcə şəhərin mərkəzini yox, bütövlükdə rayonun ərazisini, qəsəbə və kəndləri əhatə edir, daha doğrusu, əhatə etməlidir.
Daşkəsən bu xoş əhvalla 65 illiyini qeyd etməyə hazırlaşır. "Yeni Daşkəsən" layihəsindən bəlli olur ki, dövlət dağlar diyarının tərəqqisi üçün hər cür qayğı və kömək göstərir. Bu qayğı və köməkdən səmərəli istifadə etmək isə hər bir sakinin borcudur. Təcrübəli yol ustası Nəriman Süleymanov deyir ki, yeni layihə bizə qol-qanad verib.
Əhməd İSAYEV
Azərbaycan.-2013.- 31 mart.- S.6.