Heydər Əliyev Fondunun
mədəniyyət diplomatiyası Azərbaycanı Fransada tanıtmaqda mühüm
rol oynayır
Heydər
Əliyev Fondunun mədəniyyət diplomatiyası Azərbaycanı
Fransada tanıtmaqda mühüm rol oynayır. Bu sözləri Fransanın Orn
departamentindən senator seçilən Natali Qule Heydər Əliyev
Fondunun yardımı ilə Fransada bərpa edilən kilsələrdə
keçirilən yığıncaqlarda səsləndirmişdir.
Xanım
senator demişdir ki, Fransanın Versal qəsrində iki tarixi
abidənin və Strasburqun mərkəzindəki katedral kilsədə
bərpa işlərinə yaxından yardım göstərən
Heydər Əliyev Fondu artıq ölkə ictimaiyyəti tərəfindən
yaxşı tanınır və xeyirxah addımları
yüksək qiymətləndirilir. Fond Fransada yaddaqalan növbəti
humanitar aksiya həyata keçirmişdir. Ölkənin Orn
departamentində X-Xll əsrlərin yadigarı olan 7 kilsənin
bərpasında yaxından iştirak etmiş, yerli təşkilatlarla
birlikdə bərpa işlərinə yardım göstərmişdir.
Departamentin
Santiyi, Fresnay o Sovaj, San-İler la Jerar, Tanvil, Kurjust, Revoyon və
Mal qəsəbələrində bərpa işlərinin
görüldüyü kilsələrə vurulan Heydər Əliyev
Fondu lövhəsinin açılış mərasimində
iştirak etmiş Azərbaycanın Fransadakı səfiri
Elçin Əmirbəyov, senator Natali Qule və digər
qonaqlar yerli icra strukturlarının rəhbərləri və
sakinlərlə görüşmüşlər.
Sen-İler la Jerar qəsəbəsindəki
görüş daha yaddaqalan
olmuşdur. Üzərində Azərbaycanın və Fransanın bayraqları
dalğalanan kilsənin
qarşısında qonaqları əllərində hər iki
ölkənin və Avropa İttifaqının
bayraqlarını tutan uşaqlar qarşılamışlar.
İkinci Dünya müharibəsində həlak olan sakinlərin
xatirəsinə ucaldılan abidənin önünə əklil
qoyulmuş, Fransanın və Azərbaycanın dövlət
himni səsləndirilmişdir.
Yerli
rəsmilər rəhbərlik etdikləri qəsəbələr
və orada yerləşən kilsələrin tarixi barədə
məlumat vermiş, kilsələrin artıq mədəni irsə
çevrildiklərini, dili, dini müxtəlif olan xalqların
öz mədəniyyətlərini inkişaf etdirmək
üçün bir-birilərindən bəhrələnməsinin,
köməyə ehtiyacı olan
mədəni sahələrə yardım göstərmələrinin
vacibliyini vurğulamış, Heydər Əliyev Fondunun Orn departamentinin 7 kilsəsinin
fasadında aparılan bərpa işlərinə
yardımı yüksək qiymətləndirmiş, fondun
prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya
təşəkkürlərini bildirmişlər.
Görüşlərdə
mədəniyyətlərin sərhəd
tanımadığını diqqətə
çatdıran səfir
Elçin Əmirbəyov Azərbaycanın Fransa ilə əməkdaşlığa
xüsusi önəm verdiyini, iki xalq arasında dostluq əlaqələrinin
inkişaf etdiyini, bunun bariz nümunəsi kimi Azərbaycan
üçün tarixi məqam olan Leql və Azərbaycanın
Naftalan şəhərləri arasında qardaşlaşmaya
dair sənədin imzalandığını xüsusi
vurğulamış, Heydər Əliyev Fondunun Fransada bir
neçə tarixi abidənin bərpasında yaxından
iştirak etdiyini xatırlatmış, bəşəriyyətə
məxsus abidələrin qorunub saxlanması istiqamətində
birgə əməkdaşlığın davam etdirilməsinin
vacibliyini qeyd etmiş və yaxın vaxtda Leql şəhərində
Heydər Əliyev Fondunun təşkilatçılığı
və səfirliyin dəstəyi ilə "Qafqazın
mirvarisi olan Azərbaycanın mədəni dəyərləri"
layihəsi çərçivəsində Azərbaycan
günlərinin keçiriləcəyini bildirmişdir.
Senator
Natali Qule Azərbaycanın Fransanın yaxın dostu
olduğunu, hələ İkinci Dünya müharibəsində
azərbaycanlıların
Müqavimət hərəkatında alman faşistlərinə
qarşı çiyin-çiyinə vuruşduqlarını,
Rodezdə Fransanın azadlığı uğrunda
döyüşlərdə həlak olan azərbaycanlıların
şərəfinə abidə ucaldıldığını
xatırlatmışdır.
Yüksək
və çoxşaxəli mədəni dəyərlərə
malik Azərbaycanın muğam musiqisinin UNESCO-nun qeyri-maddi mədəni
irs siyahısına daxil edildiyini xatırladan senator Heydər Əliyev
Fondunun mədəniyyət diplomatiyasının Azərbaycanın
Fransada tanınmasında mühüm rol
oynadığını, bu istiqamətdə daha bir tədbirin
həyata keçirildiyini, Heydər
Əliyev Fondunun təşkilatçılığı və
Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə
"Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri"
layihəsi çərçivəsində Fransanın 13
şəhərində Azərbaycan günləri ilə
bağlı sərgi və konsertin təşkil edildiyini
bildirmişdir.
Səfir
Elçin Əmirbəyov, senator Natali Qule və merlər bərpa
işləri aparılan kilsələrin fasadlarına vurulan,
üzərində fondun emblemi həkk olunmuş və
"Heydər Əliyev Fondu" sözləri
yazılmış lövhələri
açmışlar.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Leql
Azərbaycan.-2013.-14 may.-S.5.