Mətbuat konfransı
Azərbaycan Prezidenti İlham Əliyevin
Avstriyaya rəsmi səfəri
Xəbər verdiyimiz
kimi, mayın 13-də imzalanma mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya
Respublikasının Prezidenti Haynts Fişerin mətbuat
konfransı olmuşdur.
Dövlət
başçıları əvvəlcə bəyanatlarla
çıxış etdilər.
Prezident Haynts Fişerin bəyanatı
- Cənab
Prezident! Sizi və nümayəndə heyətinizi burada,
Avstriyada rəsmi səfər çərçivəsində
salamlamaqdan olduqca məmnunam.
Azərbaycana,
Bakıya 2011-ci ilin payızında etdiyim səfər
yaxşı xatirimdədir. Bizim o vaxt Bakıda, indi isə
Vyanada çox məhsuldar müzakirələrimiz oldu. Əməkdaşlığımız
üçün bir çox sahələr mövcuddur.
İndicə imzaladığımız bəyannamədə
ölkələrimiz arasındakı dostluq münasibətlərimiz
və tərəfdaşlığımız əksini
tapıb. Məsələn, bəyannamədə hər iki
ölkədə demokratiyaya, insan hüquqlarına hörmətlə
yanaşmaya, qanunun aliliyinin təşviqinə sadiqlik
vurğulanır. Sənəddə həmçinin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüququn prinsiplərinə uyğun olaraq sülh yolu ilə
həllinin vacibliyi qeyd edilir.
Mən
uzun sürən bu problem, münaqişə ilə
bağlı vəziyyətin daha da
yaxşılaşdırılmasına nail olmaq
üçün növbəti mümkün addımların
atılmasına dair söylədiyiniz rəyə, verdiyiniz təqdimata
görə Sizə olduqca minnətdaram.
Əlbəttə
ki, müzakirələrimizin əsas mövzusu iqtisadi əməkdaşlığa
da aid idi. Çox əlamətdar haldır ki, Bakıya səfərimdən,
apardığımız danışıqlardan və
Bakıdakı biznes forumdan bir il sonra ölkələrimiz
arasında ixrac, idxal əməliyyatları böyük həcmdə
artmışdır. Bu, çox yaxşı göstəricidir.
Biz bunun davam etdirilməsinə çalışırıq.
Avstriya tərəfi şirkətlərinin tərtib etdiyi və
müxtəlif sahələri və təklifləri əhatə
edən siyahını Prezidentə və onun əməkdaşlarına
təqdim etdi. Burada neft, səhiyyə, texnologiyalar sahələrinə,
yeni hava limanına, turizm sahəsindəki əməkdaşlığa
dair təkliflər vardır. Dəmir yolları
üçün avadanlıq, infrastruktur, mehmanxana işi,
konsaltinq və digər məsələlər də öz əksini
tapmışdır. Bizim bir çox ümumi layihələrimiz,
bu cür layihələr üçün təkliflərimiz
vardır. Bundan çox məmnunuq.
Azərbaycanda
olarkən mən Prezidentə Avstriyada və Lüksemburqda beynəlxalq
əsaslarla təsis edilmiş Antikorrupsiya Akademiyası
haqqında məlumat verdim. Bir neçə ay sonra Azərbaycanın
Antikorrupsiya Akademiyasına qoşulması haqqında məlumatı
almaqdan çox məmnun oldum. Bu qurum korrupsiyaya qarşı
uğurlu mübarizə aparmaq üçün dövlət
idarəçiliyi sahəsində təlim kursları
keçir. Dünyanın bütün ölkələri
iqtisadiyyatın şəffaflığını təmin etmək və təkmilləşdirmək
üçün bu və ya digər dərəcədə
buna ehtiyac duyurlar. Bu sahədə aparılan əməkdaşlıqdan
çox məmnunuq.
Biz
BMT çərçivəsində qarşılıqlı
surətdə namizədlər üzərində
razılığa gəlmişik. Avstriya BMT-nin irqi
ayrı-seçkiliyin aradan qaldırılması üzrə
komitəsinə Azərbaycanın namizədliyini dəstəkləyir.
Azərbaycan isə BMT-nin qadınlara qarşı
ayrı-seçkiliyin aradan qaldırılması komitəsinə
Avstriyanın xanım namizədini dəstəkləyir.
Görüşümüz
olduqca müsbət, mehriban və konstruktiv mühitdə keçdi.
Əlbəttə ki, biz "Nabukko" məsələsini də
müzakirə etdik. Bu məsələdə biz eyni mövqedəyik,
ümumi və oxşar maraqlarımız vardır. Növbəti
qərar bir neçə həftədən sonra qəbul ediləcəkdir.
Bu, iyunda baş verə bilər. "Nabukko"nun qərb
istiqamətinə və ya TANAP layihəsinə
üstünlüyün verilməsindən asılı
olmayaraq, qəbul olunacaq istənilən qərar enerji sahəsində
önəmli əməkdaşlığımız
üçün imkan açacaqdır.
Sizə
söyləmək istədiyim mülahizələr bu qədər.
Çox sağ olun.
Azərbaycan.-2013.-15 may.-S.1.