Vyanada Avstriya-Azərbaycan
biznes forumu keçirilmişdir
Azərbaycan və Avstriya prezidentləri
biznes forumda iştirak etmişlər
Xəbər verdiyimiz
kimi, mayın 13-də Vyanada Avstriya-Azərbaycan biznes forumu
keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Avstriya Respublikasının Prezidenti Haynts Fişer biznes
forumda iştirak etmişlər.
Avstriya
İqtisadi Palatasının sədri Kristof LAYTL
çıxış edərək dedi:
- Zati-aliləri!
Hörmətli
Prezident Əliyev!
Federal
Prezident Haynts Fişer!
Xanımlar
və cənablar!
Hörmətli
qonaqlar!
Azərbaycanın nüfuzlu nümayəndə heyətinin
üzvləri.
Mən sizi
Avstriyanın İqtisadi Palatasında səmimi qəlbdən
salamlayıram. Mən sizin hamınıza
xoş gəlmisiniz deyirəm və çox minnətdaram.
Ölkənizin və Avstriyanın
işgüzar dairələri arasında əməkdaşlıq
ruhlandırıcı tempdə inkişaf edir.
Əvvəlcə, cənab Prezident, Sizi ölkənizin
son onillikdə əldə etdiyi uğurlar münasibətilə
təbrik edirəm. Bu məqamda, atanızın ölkəmizə
səfərini xatırlayırıq. On il
öncə o, burada olmuşdur. O, buranı ziyarət etdi. Nümayəndə heyətinizin bəzi üzvləri
onunla gəlmişdilər. Ata Əliyevin səfərinin
fotoları həmin anları bizə bir daha xatırladır.
Hesab edirəm
ki, ölkənizdə bu siyasətin davam etdirilməsi biz
avstriyalılar üçün də mühüm məsələdir.
Çünki bu siyasət qarşılıqlı etimad və inam yaradır. İqtisadi qərarlar etimad və inama əsaslanır.
Bu gün ölkənizdə müzakirə
etdiyimiz və müzakirə edəcəyimiz bir çox layihələr
mövcuddur. Ümid edirəm ki,
çoxsaylı təmaslar qurulacaq və reallaşacaqdır.
Şəxsi təmasların layihələrin icrasına
yönəlməsi mühüm əhəmiyyət kəsb
edir. Bu səbəbdən bildirmək istəyirəm ki, həmin
layihələrdə turizm, idman, nou-hauya malik olduğunuz və
Avstriyanın sərmayə qoyduğu enerji, infrastruktur kimi nəhəng
layihələr və sair nəzərdə tutulmuşdur.
Cənab
Prezident, Siz qeyd etdiniz ki, əməkdaşlıq etdiyimiz sahələrdən,
istifadə etmədiyimiz sahələri sadalamaq daha asan
olardı. Bu, hər iki ölkənin işgüzar dairələrinin
gördüyü işə verilən yüksək
qiymətdir. Bu münasibətlə Sizi təbrik
edirəm.
Əslində,
bu palatada biz
ikinci böyük zalı seçmişdik. Sonradan
isə ən böyük zalı seçməli olduq. Buna baxmayaraq, burada divar boyunca bir çoxları hələ
ayaq üstə də dayanıb. Bu, əməkdaşlıq
etmək üçün böyük maraq və iradəni
göstərir. Hesab edirəm ki, Avstriyanın
iqtisadi gücləri üçün bu, çox yaxşı
mesajdır və biz bu istiqamətdə işləyə bilərik.
Bu yolda biz sizi müşayiət edə bilərik.
Bu işə çox sadiqik.
Birinci cərgədə əyləşən sədr
müavini ölkənizin yaxın dostudur və bir neçə
dəfə səfər edib. Bu, onu göstərir ki, biz nəinki
belə böyük səfərlərdə maraqlıyıq,
həm də istər
ticari, istər sərmayə, istərsə də memarlıq
sahələrində layihələri icra edirsinizsə, biz
bir-birimizi daimi olaraq müşayiət etməyə
hazırıq. Buna yalnız bir-birimizlə
mütəmadi təmasda olaraq, qarşılıqlı
prioritetləri, istəkləri öyrənməklə nail
olmaq mümkündür. Bu səbəbdən
biz həmin işləri görürük.
Avstriya Avropa İttifaqının üzvüdür və
Sizi burada görməkdən şərəf hissi duyur. Biz Dunay
strategiyasında, həmçinin Sizin ölkənizi də
görürük. Avstriyanın siyasəti
baxımından Sizin bazar diqqət mərkəzindədir, nəinki
iqtisadiyyatınız, həmçinin siyasətiniz bizi
maraqlandırır. Biz həmçinin bu regionun sabitləşməsinə
çalışmalıyıq. Fikrimcə,
bu fəlsəfə iqtisadiyyatımızın arxasında
dayanıb. Biz xalqlarımıza və
ölkələrimizə xidmət etməyə və
dünyada daha çox sülh və əməkdaşlığın
bərqərar olunmasına töhfə verməyə
hazırıq.
Çox sağ olun və bir daha Azərbaycandan gəlmiş
dostlarımızı və tərəfdaşlarımızı
səmimiyyətlə salamlayıram.
* * *
Avstriya Prezidenti
Haynts FİŞER çıxış edərək dedi:
- Hörmətli
Prezident Əliyev, Zati-aliləri!
Azərbaycanlı və avstriyalı
qonaqlar, hörmətli Avstriya İqtisadi Palatasının sədri,
xanımlar və cənablar!
Mən
Avstriya və Azərbaycan işgüzar dairələrinin çox sayda aparıcı
nümayəndələrini bir araya gətirən Avstriya-Azərbaycan
biznes forumunda Prezident Əliyevlə birgə iştirak etməkdən
böyük məmnunluq duyuram.
Avstriyanın və Azərbaycanın mədəni və
tarixi kökləri nə qədər fərqli olsa da, bir o qədər
də oxşarlıqlar vardır. Məsələn, ölkələrimizi ərazisi və əhalisinə
görə müqayisə etmək və hətta oxşar
hesab etmək olar. Hər iki ölkə medallarla
təltif olunmaqda uğur qazanıb. Fərq kiçik
olsa da, bu oxşarlıq Olimpiya oyunlarında
müşahidə edildi. Avstriya Qış
Olimpiya Oyunlarında medalları qazandığı halda, Azərbaycan
Yay Oyunlarında böyük uğurlar əldə etmişdir.
Fikrimcə, bu, əməyin ədalətli
qaydada bölünməsidir.
Hər iki ölkə
"Eurovision" mahnı müsabiqəsində uğur
qazanmışdır. Azərbaycan bu nailiyyəti
2011-ci ildə, Avstriya isə bir nəsil əvvəl
qazanmışdır. Düzdür, demirəm
nə vaxt, lakin uzun illər öncə.
İqtisadi sahədə
ölkələrimiz bir-birini tamamlayır. Azərbaycan neft-qaz hasil və ixrac edən zəngin
ölkədir. Avstriyanın iqtisadiyyatı
isə yüksək texnologiyalara, bir çox sahələri əhatə
edən sənaye istehsalına və əlbəttə ki,
turizmə əsaslanır. Mən hər zaman qonaqlara fərəh
hissi ilə deyirəm ki, əhalisi səkkiz milyondan bir az
artıq olan Avstriyaya gələn turistlər istirahət yerlərində
və obyektlərində ümumilikdə 120 milyon sutka
keçirirlər.
İkitərəfli iqtisadi və enerji əlaqələri
xüsusən də, son illər ərzində yüksələn
xətlə inkişaf edir. Avstriyanın Mərkəzi
Avropada qovşaq rolu oynadığını nəzərə
alaraq, Azərbaycan Avstriya üçün Cənubi Qafqazda
aparıcı ticarət tərəfdaşıdır. Son on illik ərzində gözəçarpan iqtisadi
inkişafı ilə Azərbaycan xüsusən də turizm
sahəsində fəaliyyət göstərən - yeri gəlmişkən,
palata sədri Laytl bunu qeyd etdi, - infrastruktur layihələri ilə
məşğul olan Avstriya şirkətləri
üçün cəlbedici ölkəyə
çevrilmişdir.
2011-ci ilin oktyabrında Bakıya son səfərim
zamanı şəxsən müşahidə etdim ki, Bakı
öz infrastrukturunun müasirləşdirilməsinə
böyük sərmayələr yatırır. İnanıram
ki, bu amillərə görə Avstriya şirkətlərinə
Azərbaycanda açılan imkanlar artır. Buna görə mən Avstriya şirkətlərini
Azərbaycanın iqtisadi potensialını daha dərindən
öyrənməyə dəvət edirəm. Eyni zamanda,
əminəm ki, Azərbaycan iqtisadiyyatını şaxələndirməklə
və xaricdə, o cümlədən Avstriyada çoxşaxəli
sərmayə fürsətlərindən istifadə edərək,
daha geniş biznes imkanlarını sərgiləyəcəkdir.
Mən Azərbaycan
tərəfini uzunmüddətli əməkdaşlıq
üçün etibarlı tərəfdaş sayılan
Avstriya şirkətlərinin ekspert biliklərinə və
innovativ imkanlarına inamla yanaşmağa
çağırıram. Avstriya ekspertlərinin
yaradıcı fəaliyyətinə dair bir misal gətirim. Bəlkə də Avstriya tərəfi hələ
bilmir ki, Avstriya vətəndaşı Robert Kalina nəinki
avro əskinazlarının, həmçinin Azərbaycan
valyutasının yeni əskinazlarının dizaynını tərtib
edib. Beləliklə, mən azərbaycanlı
dostlarımızı mallar və xidmətlərin
qarşılıqlı mübadiləsi üçün
çox faydalı olacaq Avstriyanın innovativ məhsullarının
təqdim edildiyi digər sahələri də öyrənməyə
dəvət edirəm.
Bundan
başqa, qeyd etməliyəm ki, Avstriya Avropanın mərkəzində
olmaqla əlverişli
coğrafi mövqeyə malikdir. Sağlam iqtisadi
durum, Avropa İttifaqında ən aşağı işsizlik
səviyyəsi, sabit sosial tərəfdaşlığımız
- bu haqda bir neçə dəqiqə bundan əvvəl
bir-birimizə məlumat verdik, - yüksək dərəcəli
əmək qüvvəsi və ümumi daxili məhsulun
yüksək artım tempi bunları deməyə əsas
verir. Bir sözlə, Avstriya biznes
üçün sərmayə qoymaqda ideal məkandır.
Avstriyanın coğrafi mövqeyini xatırlatdıqda bildirməliyəm
ki, uzun məsafəyə baxmayaraq, Mərkəzi Asiyadan olan
insanlar sadəcə, təsəvvür edə bilməzlər ki, qonşu Slovakiyanın paytaxtında
kiminlə isə görüş təyin etmək istəyirsənsə
deyə bilərsən: "İndi saat beşdir. Gəlin altıya 15 dəqiqə qalmış
görüşək". Siz
Slovakiyanın paytaxtına 40 dəqiqəyə
çatırsınız. Əgər sizin
Macarıstanda, Budapeştdə işiniz varsa, saat birdə
naharda iştirak etməlisinizsə, on birin yarısında
maşınınızla yola düşməyiniz kifayətdir.
Sürəti artırmadan iki saat yarımdan sonra
siz Budapeştə çata bilərsiniz. Mənə
inanmırsınızsa özünüz sınayın! Dəmir
sədlər dövründə vəziyyət tamamilə başqa cür idi.
Çünki sərhəddə iki, iki saat
yarım, bazar günlərində hətta üç saat
gözləməli idin. Ümumiyyətlə,
işlər çox çətin gedirdi.
Yekun olaraq mən Avstriya İqtisadi Palatasının sədri
Laytla bugünkü forumu təşkil etdiyinə görə
minnətdarlığımı bildirmək istəyirəm. Mən 2011-ci
ilin oktyabrında Bakıda keçirilmiş ikitərəfli
iqtisadi forumda iştirak etmişəm. Əminəm
ki, bu cür görüşlər ikitərəfli ticarətin
və sərmayə siyasətinin mühüm informasiya mənbəyidir.
Belə tədbirlər biznes tərəfdaşları
arasında yeni əlaqələrin qurulması
üçün faydalı platforma rolunu oynayır və ciddi
ticarət imkanları yaradır. Əlbəttə
ki, sədr Laytla bir-birimizi tanımağımızın
vacibliyini və əhəmiyyətini, əgər siz bizneslə
məşğul olursunuzsa, şəxsən görüşməyin
vacibliyini haqlı olaraq qeyd etdi. Çünki
siz bu halda bir-birinizə etibar edə bilirsiniz və etimad
göstərirsiniz.
Əminəm ki, bugünkü forum Avstriya ilə Azərbaycan
arasında iqtisadi və enerji əməkdaşlığının
daha da dərinləşməsinə xidmət edəcək və
hər iki ölkəyə fayda gətirəcəkdir.
Mən bu zalda əyləşən bütün biznes adamlarına
və ekspertlərə, eləcə də şirkət
nümayəndələrinə gələcək biznes fəaliyyətində
böyük uğurlar arzulayıram. Yaxşı siyasi
münasibətlərimiz, Azərbaycandan Avropanın bu hissəsinə
hava uçuşları ilə biz gələcək əməkdaşlığımıza
nikbinliklə baxa bilərik.
Çox sağ olun və sizə böyük uğurlar
arzulayıram.
* * *
Azərbaycan
Prezidenti İlham ƏLİYEV çıxış edərək
dedi:
- Hörmətli cənab Prezident
Fişer!
Hörmətli
sədr Laytl!
Əziz
dostlar!
Mənə
ölkənizə səfər etmək, fəal siyasi dialoqu
davam etdirmək və işgüzar dairələrlə
görüşmək fürsəti yaratdığına görə Prezident Fişerə
bir daha minnətdarlığımı bildirmək istəyirəm.
Bu gün bizim bir çox məsələləri, o
cümlədən iqtisadi əməkdaşlığı
müzakirə etdiyimiz çox məhsuldar görüş və
müzakirələrimiz oldu. Nəticələrimiz
yaxşıdır. Ümidvaram ki, bu görüşdən
sonra iqtisadi iş birliyimiz daha fəal olacaqdır.
Coğrafi
baxımdan biz bir-birimizə o qədər də yaxın
deyilik. Lakin deyə bilərəm ki, Avstriya və
Azərbaycan arasında məsafə o qədər də
böyük deyildir. Ümumiyyətlə,
siz səhər yeməyini Bakıda, naharı Vyanada, şam
yeməyini isə yenidən Bakıda yeyə bilərsiniz.
Lakin əlbəttə ki, təyyarəyə
minmək şərti ilə. Lakin qəlblərimiz
arasında məsafə lap qısadır, çünki həqiqətən,
biz Avstriyada özümüzə əsl dost və tərəfdaş
qazanmışıq. Biz onlarla əlaqə
saxlayırıq, işləyirik, gələcək layihələrimizi
planlaşdırırıq, iqtisadi əməkdaşlıq
qururuq. Müsbət iqtisadi əməkdaşlığa dair bir çox
misallar gətirə bilərik. Biz yeni Azərbaycan manatının dizaynını tərtib
etmiş cənab Kalinaya çox minnətdarıq. Ölkəmizdə pul islahatı həyata
keçirildi və yeni dizaynlı əskinazlar dövriyyəyə
buraxıldıqdan sonra manat gücləndi. Hazırda 1 manat 1 avroya bərabərdir. Ola bilsin ki, ikitərəfli əməkdaşlığımızın
buna da təsiri olub.
Hazırda
Azərbaycanda çoxlu sayda Avstriya şirkəti
işləyir və ölkəmiz üçün
mühüm layihələri uğurla həyata keçirir. Burada olduqca geniş sahələri əhatə edən
layihələr nəzərdə tutulur. Bu gün biz bu
mövzunu qısaca müzakirə etdik və bildirdik ki, əməkdaşlıq
etdiyimiz çoxsaylı sahələri yox, iş aparmadığımız
az sayda sahələri qeyd etmək daha
asandır. Avstriya şirkətləri peşəkar,
bacarıqlı şirkətlərdir və çox gözəl
zövqləri ilə seçilirlər. Onların Azərbaycanda
layihələndirdikləri və tikdikləri memarlıq binaları adi
binalar deyildir. Bunlar elə binalardır ki,
hamı onları görə biləcəkdir. Məsələn, bu, Bakının yeni beynəlxalq
hava limanıdır, yaxud bu, Bakı Xalça Muzeyidir. Azərbaycanın rəmzi
olan Qız qalasının bərpası və yenilənməsi
də Avstriya mütəxəssisləri tərəfindən
aparılır. Bu, aramızda olan ən yüksək
etimad səviyyəsidir, çünki Qız qalası bizim
üçün böyük məna daşıyır.
O, özünəməxsusluğumuzun,
memarlığımızın və mədəniyyətimizin
əsl rəmzidir.
Əməkdaşlığımız üçün
sahələr çoxdur. Avstriya şirkətləri
mehmanxanalar, xizəksürmə və istirahət yerləri tikirlər,
müxtəlif layihələrdə iştirak edirlər.
Ümid edirik ki, gələn illərdə biz ölkəmizdə daha
çox şirkət görəcəyik,
çünki gələcək üçün
planlarımız az deyildir.
Dövlət
sərmayə proqramımız genişlənir. Ötən
il Azərbaycana 22
milyard dollar məbləğində sərmayə
yatırılmışdır. Biz
adambaşına düşən birbaşa xarici sərmayələrin
həcminə görə keçmiş sovet məkanında
aparıcı ölkəyik. Sərmayə
mühiti olduqca müsbətdir. Biz daha
çox Avstriya şirkətini sərmayədar və
podratçı kimi görmək istərdik.
İnfrastruktur layihələri ilə bağlı məsələlərin
həllində də biz həmin şirkətlərlə birgə
işləyə bilərik, çünki Azərbaycan
hazırda sürətlə müasirləşən
ölkədir. İnfrastruktur, xidmətlər
modernləşir və avstriyalı həmkarlarımızın
yaxşı idarəçilik təcrübəsi və ekspert
bilikləri bizim üçün çox qiymətlidir.
İqtisadi
göstəricilərə gəldikdə, hazırda
iqtisadiyyatımız əvvəlkindən daha çox şaxələndirilmişdir.
Enerji sektorundan asılılığın aradan
qaldırılması işi uğurla aparılır. 2013-cü ilin ilk üç ayında qeyri-enerji
sektorunda ümumi daxili məhsulun artımı 11 faizdən
çox olmuşdur. Azərbaycan ümumi daxili məhsulla
nisbətdə bəlkə də ən az
xarici borcu olan ölkələrdəndir və onun səviyyəsi
cəmi yeddi faizdir. Sabit maliyyə sistemi
mövcuddur. Valyuta sabitdir. Yaxşı sərmayə imkanları və iqtisadiyyatın
sürətli artımı müşahidə olunmaqdadır.
Son on il ərzində inanılmaz iqtisadi
artım olmuşdur. Bu, əsasən, enerji
sektoru ilə şərtlənir. Lakin tək
bu deyildir. Biz iqtisadiyyatımızı
üç dəfə artıra bildik. Bu,
bizə əvvəlcə üzləşdiyimiz işsizlik və
yoxsulluq problemini əsasən həll etməkdə
yardımçı olmuşdur. On il əvvəl
əhalimizin 50 faizi yoxsulluq şəraitində
yaşayırdı. Hazırda, bu, cəmi
altı faizdir. İşsizlik 5,2
faizdir. Biz həmçinin Dövlət Neft Fondunu yaratmaqla,
milli sərvətlərin ədalətli
bölüşdürülməsinə nail olmuşuq. Yeri gəlmişkən,
bu fond dünyada ən şəffaf fondlardan biridir və o,
hazırda xaricdə
də sərmayə yatırmağa başlayıb.
Biz Azərbaycanda olduqca şəffaf maliyyə vəziyyətini
yarada bilmişik. Gələcək planlarımıza gəldikdə,
biz müasirləşdirməni davam etdirəcəyik. Hazırda Azərbaycanın bütün
rayonlarında böyük infrastruktur layihələrini həyata
keçiririk. İqtisadiyyatımızın
yeni sektorlarına fəal qaydada sərmayə
yatıracağıq. Məsələn,
informasiya və kommunikasiya texnologiyaları sahəsi nəzərdə
tutulur. Bu ilin fevralında "Azərspace-1"
adlanan ilk Azərbaycan peykini fəzaya buraxdıq. O,
artıq orbitdədir. Hazırda kosmos sənayesini
inkişaf etdiririk. Başqa sözlə, biz nəzərimizi
regionun hüdudlarından, neft və qaz sektorundan kənara
yönəltmişik, enerjinin inkişafımıza
verdiyi təkan əvvəllər
bəzi təhlilçilərin
proqnozlaşdırdığı "holland sindromu"ndan və
neft bəlasından bizi sığortaladı.
İqtisadi
strategiyamızı elə planlaşdırırıq ki, sanki
neft və qazımız yoxdur. Bu, bizə şaxələndirmək
və davamlı inkişafı təmin etməyə
yardım edir. Enerji əməkdaşlığına gəldikdə, bu halda da biz, həmçinin
Avstriya ilə Azərbaycan şirkətləri arasında fəal
və məhsuldar münasibətlərə malikik. Ümid edirik ki, gələn illər ərzində
bu əlaqələr strateji xarakter alacaqdır.
Bizim çox yaxşı qarşılıqlı
anlaşmamız vardır. Avropa İttifaqı-Azərbaycan
anlaşması da əvvəllər daha çox enerji ilə
bağlı idi. Hazırda bu, daha geniş
vüsət alıb, lakin başlanğıcda enerji əməkdaşlığı
dayanırdı. Azərbaycan öz neftini
Avropa bazarlarına nəql edir. Bu, bəzi
ölkələrin enerji balansında önəmli yer tutur, yəni,
30-40 faiz təşkil edir. Qazın nəqlinə
gəldikdə, əgər əlbəttə ki, hər şey
planlarımıza uyğun gedərsə, Azərbaycan qazı
4-5 ildən sonra Avropa İttifaqının bazarına
çıxarılacaqdır. Bu isə
regionun enerji xəritəsini tamamilə dəyişəcəkdir.
Daşıma, neft və qaz boru kəmərləri
layihələri ilə bağlı təşəbbüslərimiz regional əməkdaşlığa,
sabitliyə və proqnozlaşdırmaya xidmət edir. Fikrimcə, biz hasilatçılar, tranzit ölkələr
və istehlakçıların maraqları arasında yaxşı
tarazlıq tapmışıq. Enerji siyasətimiz
və diplomatiyamız əməkdaşlıq formatına əsaslanır.
Tam əminik ki, rəqabət və ədalətsiz
yarışma ilə deyil, yalnız əməkdaşlıq
yolu ilə məqsədlərimizə çata bilərik.
Avropa
İttifaqı Azərbaycanı "Cənub qaz dəhlizi"nin əsas qüvvəsi və töhfə verən
tərəf hesab edir. Bir daha qeyd edirəm, biz bu
layihələri Xəzərdə
başlamağımızdan, Xəzər dənizinin enerji
resurslarını dünyada ilk dəfə olaraq əməkdaşlığa
açıq etməkdən fərəhlənirik.
Hazırda isə biz Avropadakı tərəfdaşlarımızla,
o cümlədən avstriyalı dostlarımızla
dünyanın ən mürəkkəb, mühüm və
perspektivli enerji layihələrindən birinin - "Cənub
qaz dəhlizi"nin həyata keçirilməsi
üçün çalışırıq.
Eyni zamanda, bir daha qeyd etmək istəyirəm, bizim üçün və hökumətimiz üçün qeyri-enerji sektoru prioritetdir. Mən Azərbaycanda hələ işləməyən yeni Avstriya şirkətlərini bizimlə işləmək üçün ölkəmizə dəvət etmək istəyirəm. Böyük planlarımız vardır. Gələcək üçün iri sərmayə proqramlarımız vardır. Avstriya şirkətləri artıq bizim etibarlı, etimadlı tərəfdaşlarımıza çevriliblər. Peşəkarlıq, keyfiyyət, zövq, gözəllik və yaradıcılıq fəaliyyəti. Fikrimcə, Avstriya şirkətlərinə biz bu meyardan baxırıq. Onlar Azərbaycanda xüsusi yer tuturlar. Azərbaycanın bəzi rəmzləri ilə bağlı ən mürəkkəb və mühüm layihələr avstriyalı mütəxəssislər tərəfindən həyata keçirilir. Biz bu dəstəyə, Azərbaycanın müasirləşdirilməsinə yönələn səylərə görə minnətdarıq. Ümidvaram ki, bu məhsuldar əməkdaşlıq uğurla davam edəcəkdir. Xüsusən də, hər iki Prezident iki ildən az müddətdə artıq ikinci dəfədir ki, işgüzar dairələri bir-birinə yaxın olmağa həvəsləndirir. Çox sağ olun.
AzərTAc
Azərbaycan.-2013.-15 may.-S.2.