Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi açılmışdır

 

Xəbər verdiyimiz kimi, mayın 13-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Dövlətimizin başçısı mərkəzin açılışını etdi.

Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:

- Hörmətli xanımlar və cənablar!

 

Əziz dostlar!

 

Bu gün əlamətdar gündür. Bu gün Azərbaycan Prezidentinin Avstriyaya rəsmi səfəridir. Səfər zamanı biz birlikdə Vyanada Azərbaycan Mədəniyyət Mərkəzini açırıq. Bu, bizim münasibətlər tarixində əlamətdar bir hadisədir. Çünki dünya mədəniyyətinin paytaxtında belə mədəniyyət mərkəzinin açılışı həqiqətən də, bizim üçün çox əhəmiyyətlidir.

Səhər tezdən həmkarımla, cənab Prezidentlə birlikdə fəal danışıqlar, fikir mübadiləsi aparmışıq. Biz iqtisadi, siyasi, təhsil, turizm və mədəniyyət sahələrində müzakirələr apardıq və Avstriya ilə Azərbaycan arasında münasibətlərin necə inkişaf etməsi ilə bağlı tam qarşılıqlı anlaşma əldə etdik. Biz real tərəfdaşlarıq, dostlarıq.

Bu gün biz dostluq və tərəfdaşlıqla bağlı siyasi bəyannamə imzalamışıq. Bəyannamənin adı bizim ikitərəfli münasibətlərə necə yanaşdığımızı göstərir. Bizim hər iki ölkədə olduqca səmərəli  əməkdaşlıq edən çox fəal işgüzar dairələrimiz vardır.

Bu gün mən həmçinin Prezident Fişerlə birlikdə biznes forumda da iştirak etdim. Biz bir daha işgüzar qrupları yaxın olmağa, səmərəli şəkildə fəaliyyət göstərməyə, daha çox layihələr həyata keçirməyə ruhlandırdıq. Siyasi əlaqələr, güclü iqtisadi əməkdaşlıq və gələcəkdə görüləcək bir çox işlərin olması ilə yanaşı, biz ölkələrimiz arasında çox mühüm mədəni aspektləri görməkdən şadıq.

Dünən axşam nümayəndə heyətimiz Vyanaya çatan kimi biz böyük bəstəkarımız Üzeyir Hacıbəylinin 2006-cı ildə ucaldılmış abidəsini ziyarət etdik.

Mən həmçinin iki il əvvəl Prezident Fişerlə birlikdə iştirak etdiyimiz Bakının mərkəzi parklarından birində böyük Avstriya bəstəkarı Motsartın abidəsinin açılış mərasimini xatırladım. İndi biz Azərbaycan Mədəniyyət Mərkəzinin açılışını edirik.

Bugünkü müzakirələrdə, həmçinin məmnunluqla bildirdik ki, bizi təkcə infrastruktur, enerjitikinti layihələri birləşdirmir. Bu gün mən bir neçə dəfə qeyd etdim ki, Azərbaycanın, Bakının rəmzi olan Qız qalası avstriyalı mütəxəssislər tərəfindən bərpa olunur. Bu, qarşılıqlı etimadın, qarşılıqlı hörmətin və fəal əməkdaşlığın səviyyəsidir.

Mən əminəm ki, bizim müstəqilliyimiz dövründə açılan yalnız ikinci Azərbaycanın mədəniyyət mərkəzi olan bu mərkəz, ilk növbədə, Azərbaycan mədəniyyətini avstriyalılara təqdim edəcək, eyni zamanda, bu, ziyalılar, siyasətçilər, ictimai xadimlər arasında görüşlərin keçirildiyi yer olacaqdır. Bu, bir növ, Vyananın mərkəzində, özlüyündə dünya irsi olan bu gözəl şəhərdə Azərbaycan evi olacaqdır.

Azərbaycan nisbətən yeni müstəqil ölkədir. Biz 21 ildir müstəqil dövlət kimi yaşayırıq. Lakin bizim böyük tariximiz, mədəniyyətimiz, ənənələrimiz, ədəbiyyatımız, musiqimiz, xalçalarımız vardır. Yeri gəlmişkən, Bakıdakı Müasir Xalça MuzeyiAvstriya şirkətləri tərəfindən tikilir. Mən hamını burada görməyə çox şadam. Mən burada çoxlu dostlar, həmçinin Avstriyadakı Azərbaycan icmasının nümayəndələrini görürəm və ümid edirəm ki, bu mədəniyyət mərkəzi həmişə insanlarla, dostlarla dolu olacaqbizim əlaqələrin mədəni aspekti - ölkələrimiz və xalqlarımız arasında güclü dostluq və tərəfdaşlıq əlaqələrini möhkəmləndirəcəkdir.

Əlaqələrimizin tarixindəki bu əlamətdar hadisə ilə əlaqədar hamınızı təbrik edirəm və mərkəzə gələcəkdə uğurlar arzulayıram. Təşəkkür edirəm.

 

* * *

 

Ölkələrimiz arasında dostluq münasibətlərinin hökm sürdüyünü vurğulayan Avstriya parlamentinin vitse-spikeri Frids NOYQEBAUER dedi:

- Xanımlar və cənablar!

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak etmək imkanımın olması mənim üçün şərəfdir.

Ölkələrimiz arasında dostluq və səmimi münasibətlər vardır. 2011-ci ilin oktyabrında Prezident Haynts Fişerin Bakıya səfər etməsi, bu ilin martında mənim parlament nümayəndə heyəti, avstriyalı dostlarımla Bakıya səfər edərək, cənab Prezidentlə görüşmək şərəfinə nail olmağım və Zati-aliləri, Sizin Vyana səfəriniz bunun bariz nümunəsidir.

Əminəm ki, siyasiişgüzar əlaqələr çox vacibdir. Lakin ən vacibi mədəniyyət sahəsində dialoqdur. Mədəniyyət xalqları bir araya gətirir, bir-birini anlamağa yardım ediryeni üfüqlər açır.

Sizin ölkəniz və BMT Sivilizasiyalar Alyansı iki həftədən sonra - mayın sonu, iyunun əvvəlində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi ilə bağlı tərəfdaşlıq edir. Forumda əsas diqqət mədəni müxtəliflik və birgə yaşamanı təbliğ edən əməli təşəbbüslərə yetiriləcəkdir. Azərbaycan Vyanada mədəniyyət sahəsində kifayət qədər fəaldır.

Sabah Vyanada ilk dəfə "Bakıya uçuş" sərgisi açılacaqdır. Bu yer Vyananın mərkəzindədir. Yeni mədəniyyət mərkəzi müxtəlif mədəniyyət tədbirlərində fəal iştirak edəcək, mübadilə üçün yeni forum olacaq və mədəniyyət sahəsində dialoq və mübadiləyə stimul verəcəkdir. Çox sağ olun.

 

* * *

 

Mərasimdə Avstriya ictimaiyyətinin nümayəndələri, diaspor təşkilatlarımızın üzvləri, azərbaycanlı tələbələr dövlətimizin başçısı ilə görüşlərində bu mədəniyyət mərkəzinin yaradılmasının ölkəmiz üçün çox əhəmiyyətli hadisə olduğunu bildirdilər. Onlar Azərbaycanın diaspor siyasətinin həyata keçirilməsində bu cür mədəniyyət ocaqlarının açılmasının əhəmiyyətini vurğuladılar.

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi Prezident İlham Əliyevin 2012-ci il 16 noyabr tarixli sərəncamı əsasında Avstriyada ölkəmizin mədəniyyətini təbliğ etmək məqsədilə yaradılmışdır. Burada Avstriya ictimaiyyətinin Azərbaycanı yaxından tanıması üçün respublikamızın zəngin mədəniyyəti, incəsənəti və turizm imkanları barədə müxtəlif tədbirlərin təşkil olunması nəzərdə tutulmuşdur. Mərkəzin fəaliyyət istiqamətlərinə Azərbaycan dili kurslarının təşkili, müraciət edənlərə Azərbaycan müəlliflərinin əsərlərinin toplandığı zəngin kitabxanamediateka ilə xidmət göstərmək də daxildir. Bu mədəniyyət ocağının kitabxanasında qonaqlar Nizami Gəncəvinin, Nəsiminin, Məhəmməd Füzulinin və Azərbaycan ədəbiyyatının digər klassiklərinin, həmçinin müasir ədəbiyyatımızın görkəmli yazıçı və şairlərinin əsərləri ilə tanış ola biləcəklər. Mərkəzdə mütəmadi şəkildə təşkil olunacaq musiqi axşamlarının iştirakçıları Azərbaycan xalq musiqisi ilə yanaşı, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov və digər tanınmış bəstəkarların əsərlərinin səslənəcəyi konsert proqramlarını dinləmək imkanı əldə edəcək, Azərbaycan muğamlarından zövq ala biləcəklər. Mədəniyyət mərkəzində təşkil olunacaq sərgilərdə Azərbaycanın rəngkarlıq, heykəltəraşlıq və tətbiqi xalq sənətinin ən maraqlı nümunələri sənətsevərlərin sərəncamına veriləcəkdir. Mərkəzin yaradılmasında başlıca məqsədlərdən biri də Avstriyanın mədəniyyət və turizm qurumları, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı inkişaf etdirmək, eləcə də bu ölkədə fəaliyyət göstərən digər dövlətlərin mədəniyyət mərkəzləri ilə sıx əlaqələr quraraq mədəniyyətlərarası dialoqa töhfə verməkdir.

Vyanada yaradılan mədəniyyət mərkəzi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi növbəti mühüm tədbirlərdən biridir. Yeni, mədəniyyət ocağı da bu sahədə aparılan işlərin gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar açır.

Xatırladaq ki, bundan əvvəl xaricdə ilk Azərbaycan Mədəniyyət Mərkəzi ötən ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Parisdə açılmışdı.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.

Sonda xatirə şəkli çəkdirildi.   

 

 

AzərTAc

 

Azərbaycan.-2013.-15 may.-S.3.