Avstriya Sənaye Federasiyasının
prezidenti və iri
şirkətlərin rəhbərləri ilə
görüş
Mayın
14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Vyanada Avstriya Sənaye Federasiyasının prezidenti Georq
Kapş və iri şirkətlərin rəhbərləri ilə
görüşmüşdür.
Avstriya Sənaye
Federasiyasının prezidenti Georq KAPŞ dedi:
- Cənab
Prezident!
Cənab səfir, xanımlar və cənablar. Sizinlə
bilavasitə ünsiyyət imkanı yaratdığınız
üçün təşəkkür etdirəm. Əslində,
sizinlə Avstriya Sənaye Federasiyasında görüşməli
olsaq da, vaxtınızın az
olmasını nəzərə alaraq burada,
"İmperial" hotelində görüşürük.
Avstriyaya ilk rəsmi səfəriniz çərçivəsində
bizimlə ünsiyyət qurduğunuz üçün
çox məmnunuq. Ölkələrimiz ərazi
ölçülərinə görə çox oxşar
olsalar da, təbii ehtiyatlar nöqteyi-nəzərindən Azərbaycan
nəzərəçarpacaq dərəcədə
üstünlüyə malikdir. Son ildə
ticarət dövriyyəsi üç dəfə
artmışdır ki, bu da sizi üstün edir. İndi sizin Avstriyaya ixracınız bizim Azərbaycana
ixracımızdan çoxdur. Yenə də
vəziyyətin yaxşılaşmağını
müşahidə etməyə şadıq. Bizim şirkətlər Şərqi Avropaya və
daha da şərqdə yerləşən ölkələrə
sərmayə qoyulmasında maraqlıdırlar. Əminəm ki, sizin Vyanaya səfəriniz münasibətlərimizi
daha da dərinləşdirəcəkdir.
Bilirsiniz ki, Avropa təbii ehtiyatlardan çox
asılıdır. Bizim elə də çox təbii
resurslarımız yoxdur, xüsusilə də, Avstriyanın.
Ona görə də biz Azərbaycan tərəfdən
təminata böyük ümid bəsləyirik. Beləliklə, sizin bəzi boru kəmərlərini
dəstəkləyəcəyinizi gözləyirik, xüsusilə
də, "Nabukko"nu. Özünüz
də bilirsiniz ki, bu, bizim üçün nə qədər
vacibdir. Sizin dövlət borcunuzun az olması bizə
böyük təəssürat bağışlayır,
çünki bu borc
heç 12 faiz təşkil etmir. Bizim
dövlət borcumuz 70 faizdən çoxdur. Bu, sizə sərmayə qoyuluşu, infrastruktur və
iqtisadi layihələr üçün geniş imkanlar, yeni
üfüqlər açır. Belə ki,
bu, sənaye üçün mütləq şərtdir.
Lazım olan anlarda sizə dəstək
olacağıq. Düşünürəm,
bizim Şərq ölkələri ilə tarixi əlaqələrimiz
mövcuddur. Elə zənn edirəm ki, biz
bir-birimizin mentalitetinə yaxşı bələdik. Buna görə də Qərbi Avropa ölkələrinə
nisbətən biz daha da yaxınıq. Bu
da bizə böyük üstünlük verir. Çox sağ olun.
Sizin daha bir üstünlüyünüz vardır -
ölkəniz nəqliyyat yollarının qovuşuğunda
yerləşir. Siz Qərb ilə Şərqi birləşdirən
nəqliyyat şəbəkəsinin mərkəzində yerləşirsiniz.
Bu, həm də daşımalar nöqteyi-nəzərindən
çox gözəl məkandır. Bizə
belə imkan yaratdığınız, buraya təşrif
buyurduğunuz üçün sizə dərin təşəkkürümü
bildirirəm. Avstriya Sənaye
Federasiyası ilə əlaqə saxlamağınız bizim
üçün böyük şərəfdir.
* * *
Prezident
İlham ƏLİYEV görüşdə
çıxış edərək dedi:
- Təşəkkür
edirəm. Çox sağ olun. Sizi görməyimə çox məmnunam. Buraya, hotelə gəldiyinizə görə Sizə
minnətdaram. Sizin də qeyd etdiyiniz kimi, səfər
gündəliyim çox sıxdır. Dünən
çoxlu görüşlərim olub, onların hamısı
çox vacib və məhsuldar idi. Bu
gün də proqramımı davam etdirirəm. Dünən Prezident Fişerlə birgə biz
Avstriya-Azərbaycan biznes forumunda iştirak etdik. Bu, son
iki ildən də az vaxt ərzində
keçirilən artıq ikinci belə forum idi. Birinci
forum Prezident Fişerin 2011-ci ildə Bakıya səfəri
zaman baş tutmuşdu. Biz, eyni zamanda,
Avstriya və Azərbaycan işgüzar dairələrinin ikitərəfli
iqtisadi əməkdaşlıq sahəsində də daha fəal
olmalarını dəstəkləyirik. Çünki
belə gözəl siyasi əlaqələrə malik olaraq,
iqtisadi əməkdaşlığı genişləndirmək
üçün biz bu imkandan istifadə etməliyik.
Dünən Prezident Fişerlə dostluq və tərəfdaşlığa
dair bəyannamə imzaladıq. Bəyannamənin
adı özü-özlüyündə bunu təsdiqləyir.
Bu, doğrudan da, tərəfdaşlıq və
dostluqdur. Sizin dediyinizlə tamamilə
razıyam. Həqiqətən, ölkələrimiz
arasında çoxlu bənzərliklər vardır,
xalqlarımız bir-birini daha da yaxından tanımağa
çalışırlar. Avstriya şirkətlərinin
Azərbaycanda çox mühüm layihələrdə
iştirakı nəticəsində Azərbaycanda ölkənizə,
xalqınıza və əlbəttə ki, işgüzar dairələrə
gəldikdə, ictimai rəy ümumilikdə çox müsbətdir.
Biznes dairələri nəinki infrastrukturun
inkişafı baxımından vacib layihələri icra edirlər,
o cümlədən Bakıda yeni incəsənət əsərlərini
yaradırlar, paytaxtdakı yeni binalar zövqlü və
gözəl olması və əlbəttə, funksional
ölçüləri ilə diqqəti cəlb edir.
Siz keçmişdəki iqtisadi
inkişafımızın əsas istiqamətlərini qeyd
etdiniz. Bu isə enerji sahəsi idi. Bu da
təbiidir. Yenicə müstəqilliyini
qazanmış ölkə üçün bu, sərmayələri
cəlb etmək baxımından əsas yol idi. Bu işin öhdəsindən gəldik. Hazırda sərmayələri qeyri-enerji sektoruna cəlb
edirik. Bu, prioritetdir. Enerji
məsələlərində biz demək olar ki, bütün
strateji layihələri həyata keçirdik. Azərbaycan nefti üçün beynəlxalq
bazarlara dəhliz açdıq. Qaz
üçün regional bazarlara çıxışı təmin
etdik. Hazırda biz həmçinin Azərbaycan
tərəfindən irəli sürülmüş "Cənub
qaz dəhlizi" üzərində işləyirik.
"Cənub qaz dəhlizi"nin
reallaşdırılması üçün bir çox
praktiki addımlar atmışıq və üzərimizə
maliyyə öhdəlikləri götürmüşük. Bu layihə Avropa üçün təchizat, bizim
üçün qanunvericiliklə tənzimlənən və
çox etibarlı olan yeni böyük
proqnozlaşdırılan bazara giriş olacaqdır. Bu, Avropa və Azərbaycan üçün hər tərəfdən
uduşlu variantdır. Əlbəttə
ki, Avstriya ilə biz hökumət səviyyəsində,
şirkətlər səviyyəsində işləyirik.
Əminəm ki, biz məhsuldar əməkdaşlığımızı
davam etdirəcəyik. Siz düzgün qeyd
etdiniz ki, Azərbaycanın əlverişli coğrafi
mövqeyi vardır. Lakin nəqliyyat
infrastrukturu və logistika dəstəyi olmadan bunun o qədər
də böyük mənası yoxdur. Bakıda
qovşağın yaradılmasına böyük sərmayələr
yatırırıq. Hava ilə
daşımalar və dəmir yolu xətlərinə gəldikdə,
hazırda Azərbaycan regional əməkdaşlıqda, həmçinin
regionda mühüm rol oynayır. Çünki bizim Əfqanıstandakı missiyaya
dəstəyimizə gəldikdə, biz Əfqanıstana və
geriyə birbaşa və asan
çıxışın təmin edilməsində ən mühüm rollardan birini
oynayırıq. Hazırda biz Avropa və Azərbaycan
arasında dəmir yol əlaqəsini nəzərdə tutan
böyük infrastruktur layihəsinin həyata keçirilməsinin
sonuncu mərhələsindəyik. Ümidvarıq
ki, bu ilin sonuna qədər layihəni tam başa
çatdıracağıq və tarixi İpək Yolunu bərpa
edəcəyik. Bir tərəfdən
Çin, digər tərəfdən isə Avropa
arasındakı məsafə daha da qısalacaqdır. Təbii ki, Azərbaycan bu vəziyyətdən
yararlanacaqdır. Biz bu layihəyə
böyük sərmayələr yatırmışıq.
Hazırda əsas məqsədimiz şaxələndirmədir. Siz qeyd etdiniz
ki, çox yaxşı maliyyə durumu vardır. Xarici borcumuz qeyd etdiyinizdən də
aşağıdır. Dövlətin
xarici borcu ümumi daxili məhsulun 7 faizini təşkil edir.
Valyuta ehtiyatları xarici borcla müqayisədə
7-8 dəfə artıqdır. Başqa
sözlə, biz xarici borcu bir günə ödəyə bilərik
və heç kimin də bundan xəbəri olmaz. Lakin bu pul vəsaitlərinin müəyyən hissəsi
gələcək dövr üçün nəzərdə
tutulub və biz bundan istifadə etməliyik. Bəzi vəsaitləri hələ ki, kredit kimi
götürürük. Lakin eyni zamanda,
artıq kreditora çevrilmişik. Məsələn,
bu ilin yanvarında biz beynəlxalq maliyyə korporasiyası ilə
müxtəlif layihələr üçün 150 milyon
ABŞ dollarının kredit kimi ayrılması haqqında
saziş imzalamışıq. Bir sözlə,
maliyyə vəziyyəti, milli valyuta, sərmayə mühiti
sabitdir. Keçmiş Sovet İttifaqı ərazisində
adambaşına düşən birbaşa xarici sərmayələrin
həcminə görə birinci yerdəyik. Əlbəttə ki, bu sərmayələrin əsas
hissəsi neft və qaz sektoruna yatırılıb. Hazırda digər sahələr, xüsusilə də,
turizm, xidmətlər sahəsi inkişaf edir. Avstriya şirkətləri infrastrukturumuzu inkişaf
etdirməyə yardım edir. Başqa
sözlə, bu günə qədər
apardığımız əməkdaşlığın səviyyəsindən
razıyıq. Lakin bu əməkdaşlıq
hazırda yalnız podratçı öhdəlikləri ilə
məhdudlaşır. Avstriya şirkətləri
əsasən dövlət büdcəsi hesabına və
özəl sektorun maliyyələşdirdiyi mühüm layihələrdə
iştirak edirlər. Mən daha çox
Avstriya şirkətlərini investor kimi görmək istəyirəm.
Çünki sərmayə mühiti çox
yaxşıdır. İmkanlar da
yaxşıdır. İnşaat, turizm,
ağır sənayedə yeni layihələr vardır. Biz ağır sənayeyə sərmayələrin cəlb
edilməsinin yeni mexanizmini yaratmışıq. Burada texnoloji parkların yaradılması nəzərdə
tutulur. İnformasiya-kommunikasiya
texnologiyalarının inkişafı sürətlə gedir.
Böyük sərmayə yatıran şirkətlər üçün
çox güzəştli vergi rejimi tətbiq ediləcəkdir.
Azərbaycanda kosmos sənayesi inkişaf edir. Bu ilin
fevralında biz ilk peykimizi buraxdıq. Kənd təsərrüfatının
böyük potensialı vardır. Avropadan
bu sahəyə böyük yatırımlar vardır. Bu da çox əlverişlidir. Həm
ölkə, həm sərmayədarlar üçün
çox yaxşıdır. Başqa
sözlə, biz hər tərəfdən uduşlu vəziyyət
yarada bildik. Xarici və yerli sərmayədarlar
imkanlardan istifadə edirlər. Hökumət
də bundan istifadə edir.
Ötən
il Azərbaycana 22 milyard dollar sərmayə
yatırılıb. Bizim ölkə
üçün bu, kifayət qədər böyük məbləğdir.
Son beş il
ərzində göstəricilər oxşar olub, bir çox
işlər görülüb. Burada bildiyimiz kimi, Azərbaycanda
fəaliyyət göstərən və işləməyi planlaşdıran
şirkətlərin nümayəndələri əyləşib.
Hesab edirəm ki, bu format gördüyümüz işləri və
mövcud imkanları nəzərdən keçirmək
üçün çox səmərəli ola bilər. Burada müxtəlif sahələr üzrə məsul
olan nümayəndə heyətinin üzvləri vardır.
Fikrimcə, onların məhsuldar müzakirələri
olacaqdır. Bu görüşə görə çox sağ olun.
* * *
Sonra Avstriyanın iqtisadi sahədə tanınmış
şirkətlərinin rəhbərləri Azərbaycan
Prezidentinə təmsil etdikləri qurumların fəaliyyəti
barədə məlumat verdilər. Onlar Azərbaycanda gedən
iqtisadi inkişaf proseslərini yüksək qiymətləndirdilər.
Azərbaycan ilə Avstriya arasında yüksək
texnologiyalar, infrastruktur, kənd təsərrüfatı, əczaçılıq,
turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə
əməkdaşlığın genişləndirilməsi və
yeni sahələrin müəyyənləşdirilməsində
maraqlı olduqlarını bildirdilər.
Görüşdə əməkdaşlığın
hazırkı vəziyyətinə və perspektivlərinə
dair fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.-15 may.-S.4.