Beynəlxalq Atom Enerjisi Agentliyi Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür.

Görüşdə baş direktor Yukiya Amano Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini, ölkəmizin nüvə təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğunu bildirdi. Qeyd etdi ki, indiki dövrdə nüvə təhlükəsizliyinin qorunması xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev nüvə təhlükəsizliyinin təkcə Azərbaycan üçün deyil, region və dünya üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi və qeyd etdi ki, Ermənistandakı Atom Elektrik Stansiyasının fəaliyyəti bu baxımdan narahatlıq doğurur.

Dövlət başçısı həmin atom elektrik stansiyasının region üçün böyük təhlükə doğurduğunu bir daha diqqətə çatdırdı.

BMT-nin Vyana ofisində görüşlərini başa çatdıran Prezident İlham Əliyevi baş direktor Yuri Fedotov yola saldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.-15 may.-S.5.