Azərbaycan nümayəndə heyəti
İranın ali dini rəhbəri ilə
görüşmüşdür
Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvlərinin də təmsil olunduğu Azərbaycan nümayəndə heyəti İranda səfərdədir.
Mayın 19-da nümayəndə heyəti İranın ali dini rəhbəri Seyid Əli Xamneyi ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdıran A.Paşazadə ölkəmizin hərtərəfli inkişafı, insan hüquqlarının qorunması və dini etiqad azadlığının təmin edilməsi istiqamətində görülən işlərdən danışmışdır. Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirmişdir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün dinlərin təmsilçiləri üçün azad ibadət imkanları yaradılmışdır. O cümlədən yeni məscidlər tikilmiş, qədim məscidlər, ziyarətgahlar və pirlər əsaslı təmir edilmişdir. Bir neçə gün əvvəl Şamaxı şəhərində Prezident İlham Əliyevin iştirakı ilə böyük bir məscid kompleksi insanların istifadəsinə verilmişdir. Bundan əvvəl isə Sumqayıt və Qəbələ şəhərlərində böyük məscidlərin açılışı olmuşdur. A.Paşazadə əminliklə bildirmişdir ki, Seyid Əli Xamneyi Azərbaycan xalqı üçün ən ağrılı məsələ olan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı dualar edir.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarından məmnunluğunu ifadə edən Seyid Əli Xamneyi onun salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş etmişdir. Azərbaycan Respublikasında aparılan hərtərəfli quruculuq işlərindən və inkişafdan xəbərdar olduğunu, ölkəmizin nailiyyətlərindən qürur duyduğunu ifadə edən İranın dini lideri bildirmişdir ki, İran həmişə Azərbaycanın yanındadır, dövlətimizin ərazi bütövlüyünü tanıyır və buna hörmətlə yanaşır.
Görüşdə
iştirak edən Azərbaycan Ağsaqqallar
Şurasının sədri, Milli Məclisin deputatı Fəttah
Heydərov Azərbaycan-İran münasibətlərinin
inkişafının əhəmiyyəti barədə fikirlərini
bölüşmüşdür.
AzərTAc
Azərbaycan.-2013.- 21 may.- S.5.