Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli əlaqələrin inkişafıməsələləri müzakirə olunmuşdur

 

Aprelin 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Yunanıstanın xarici işlər naziri Dimitrios Avramopoulos ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Bakıya ikinci dəfə səfərə gəldiyini və ötən müddət ərzində paytaxtın simasının tanınmaz dərəcədə dəyişərək daha da gözəlləşdiyini deyən yunanıstanlı qonaq ümumən son illərdə sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatının, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını məmnunluqla qeyd etmişdir.

O, qlobal maliyyə böhranından sonra Yunanıstan iqtisadiyyatının tədricən dirçəliş mərhələsinə qədəm qoyduğunu xatırladaraq ölkəsinin Azərbaycan ilə ikitərəfli siyasi, iqtisadi, mədəni əlaqələrin qurulmasında maraqlı olduğunu nəzərə çatdırmışdır. Dimitrios Avramopoulos digər sahələrlə yanaşı, enerji daşıyıcılarının nəqli istiqamətində birgə üçün böyük potensialın mövcudluğunu bildirmişdir.  Daha sonra Azərbaycan hökumətinin turizmin inkişafına göstərdiyi böyük diqqət və qayğıdan söhbət açan xarici işlər naziri, Yunanıstanın bu sahədə kifayət qədər təcrübəsi olduğunu nəzərə almaqla turizm sahəsində də geniş əməkdaşlıq potensialının olduğunu demişdir.

Dostluq və səmimilik şəraitində keçən görüşdə belə qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafına təkan verdiyini vurğulayan Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə xalqımız və ölkəmiz üçün ağrılı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat vermişdir. Baş nazir münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini yunanıstanlı qonağın diqqətinə çatdırmışdır.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2013.- 1 may.- S.1.