Ölkəmizdə əhalinin 92 faizi hökumətə etimad
göstərir
Azərbaycan
üzrə "Avropa Qonşuluğu
Barometri" çərçivəsində
keçirilən sorğunun nəticələri bunu bir daha təsdiq
edir
Azərbaycan Prezident İlham Əliyevin
rəhbərliyi altında sürətlə inkişaf edir,
qarşıya qoyduğu hədəflərə doğru inamla
irəliləyir. Respublikamız ümumbəşəri dəyərlərə
əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə
demokratikləşmə, insan hüquq və
azadlıqlarının təminatı sahəsində ciddi
nailiyyətlərə imza atır. Dövlət
başçısı cənab İlham Əliyev respublikanın
sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə
prosesini bir-birindən təcrid olunmuş şəkildə
götürmədən hər iki xətti Azərbaycanın gələcək
yüksəlişinin mühüm şərti hesab edir.
Ölkə
həyatının bütün sahələrində əldə
olunan uğurlar beynəlxalq təşkilatların
hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən
vaxtaşırı keçirilən rəy sorğularında,
eləcə də jurnallarda təqdir olunur və
respublikamızın davamlı inkişaf yolunda olduğu
xüsusi vurğulanır. Prezident İlham Əliyevin ölkəmizin
davamlı inkişafı sahəsində həyata
keçirdiyi tədbirlərlə bağlı
vaxtaşırı olaraq nüfuzlu jurnallarda geniş məqalələr
dərc olunur.
Bir
müddət əvvəl Böyük Britaniyanın məşhur
"The Times" qəzetində və saytında Azərbaycan
Prezidenti İlham Əliyevin adı 2012-ci ildə dünyada
diqqəti ən çox cəlb edən və nüfuz sahibi
sayılan 100 nəfərin siyahısına daxil edilmişdi.
"The Times" qəzeti yazmışdı ki, Prezident
İlham Əliyevin apardığı siyasət nəticəsində
Azərbaycan dünyada ən sürətlə inkişaf edən
ölkələr sırasında yer alıb.
Məqalədə
həmçinin göstərilmişdi ki, Bakıda ticarət
mərkəzlərinin və beşulduzlu hotellərin sayı
artır, bu isə onu "Xəzər sahilində Dubay"
adlandırmağa əsas verir. Qəzetin reytinqinə siyasətçilərdən
Azərbaycan Prezidenti ilə yanaşı, ABŞ Prezidenti Barak
Obama, AFR Kansleri Angela Merkel, Böyük Britaniyanın Baş
naziri Devid Kemeron daxil edilmişdi.
"Caspian"
İnformasiya Mərkəzinin təşəbbüsü ilə
Böyük Britaniyanın nüfuzlu "Populus Limited"
şirkətinin Azərbaycanda min respondent arasında
keçirdiyi rəy sorğusunun nəticələri də
maraq doğurmuşdu. Respondentlərin 95 faizi Azərbaycan
Prezidenti İlham Əliyevə etimad göstərdiklərini,
96 faizi isə onun siyasətini bəyəndiklərini
vurğulamışdılar. Qurumun rəhbəri qeyd
etmişdi ki, indiyədək Qərb ölkələrində
keçirilən rəy sorğularında dövlət
başçısına bu dərəcədə etimad
göstərilməsi faktı qeydə
alınmamışdır. Respondentlərin böyük əksəriyyəti
Azərbaycanda nəqliyyat infrastrukturunun, səhiyyənin, təhsilin
və digər sahələrin inkişaf etdiyini bildirmişlər.
Müstəqil şəkildə aparılmış
sorğunun nəticələrinə əsasən ümumilikdə
respondentlər Azərbaycanın təhlükəsiz,
uğurla inkişaf edən, güclü bir ölkə
olduğu qənaətinə gəlmişlər.
Böyük
Britaniyanın nüfuzlu "The Business Year" jurnalı bu
yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevi dünyada "İlin adamı" elan etdi. Ölkə
başçısı "İlin adamı"
mükafatına son beş ildə Azərbaycanın dinamik
inkişafına, dünyanın geosiyasi məkanda fəal
iştirakına, BMT-nin Təhlükəsizlik
Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin
təmin olunmasına, "Azərspace" ilk telekommunikasiya
peykinin orbitə buraxılması ilə Azərbaycanda,
bölgədə və dünyada internetin,
informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına
verdiyi önəmli töhfələrə, habelə Azərbaycanın
mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar
forumların, konfransların, idman yarışlarının
keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə
görə layiq görüldü. Prezident İlham Əliyev
Böyük Britaniyanın nüfuzlu "The Business Year"
jurnalına müsahibəsində ölkəmizin davamlı
inkişafını belə xarakterizə etmişdi: "Azərbaycan
bu gün iqtisadi potensialı baxımından regionun lider
ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80
faizdən artıqdır. Biz artıq dayanıqlı
iqtisadiyyata malik ölkəyə çevrilmişik. Qətiyyətlə
demək olar ki, 2003-cü ildə qarşıya qoyduğumuz
bütün məqsədlərə nail olduq. Dünyanın
aparıcı iqtisadi və maliyyə qurumuları hazırda Azərbaycanın
uğurlarını qeyd edir, bütün hesabatlarda biz
öncül mövqelər tuturuq. Keçən il
dünyanın aparıcı "Fitch", "Moody's" və
"Standart & Poor's" reytinq agentlikləri əksər
inkişaf etmiş ölkələrin kredit reytinqini
aşağı saldıqları halda ölkəmizin reytinqini
artırmışlar. Azərbaycan BMT-nin İnkişaf
Proqramının insan inkişafı ilə bağlı
hesabatına əsasən "yüksək insan
inkişafı" ölkələri qrupuna yüksəlmişdir.
Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik
Hesabatı"nda ölkəmiz dünyada 46-cı, MDB məkanında
isə 1-ci yerdədir.
Gördüyünüz
kimi, ötən 10 ildə əldə edilmiş
uğurların, xalqımız üçün qürur mənbəyi
olan hadisələrin siyahısı çox genişdir. Azərbaycan
tarixində ilk dəfə olaraq 2011-ci ildə yüksək rəqabət
şəraitində BMT Təhlükəsizlik Şurasına
üzv seçildi, 2012-ci ilin mayında isə təşkilata
sədrlik etdi. Hesab edirəm ki, bu, müstəqillik illərində
ölkəmizin davamlı inkişafına, dünyada qazandığı
hörmətə, qlobal təhlükəsizliyə töhfələrinə
verilən beynəlxalq qiymət olmuşdur".
2012-ci
ilin sonunda Azərbaycan üzrə "Avropa Qonşuluğu
Barometri" çərçivəsində keçirilən
sorğunun nəticələri də böyük qürur
hissi doğurur. Qeyd edək ki, sorğu Avropa Qonşuluq Siyasəti
ölkələrində ictimai rəyin öyrənilməsi
üzrə Avropa İttifaqı (Aİ) tərəfindən
maliyyələşdirilən layihə çərçivəsində
2012-ci ilin noyabr-dekabr aylarında 1000 respondent arasında
keçirilib. Rəyi soruşulanların 65 faizi öz həyatlarından
razı olduqlarını bildiriblər. Həyatından məmnunluq
səviyyəsi gənclər və təhsil alan respondentlər
arasında daha yüksəkdir. Rəyi soruşulanların
böyük əksəriyyəti öz hökumətinə
(92 faiz) və parlamentə (68 faiz) inanır.
Həmçinin
rəyi soruşulanlar ölkəmizin inkişaf istiqamətindən
razıdırlar: 48 faiz hesab edir ki, Azərbaycan düzgün
istiqamətdə hərəkət edir və yalnız 17 faiz
bununla razılaşmır. İqtisadi əhval-ruhiyyə
indeksi də yüksəkdir: rəyi soruşulanların 69
faizi iqtisadi vəziyyətin yaxşı olduğunu hesab edir.
60 faiz isə ölkədə gedən demokratik proseslərin nəticələrindən
razıdır.
Cənab
İlham Əliyev çıxışlarında hər zaman
bildirib ki, hər hansı ölkənin inkişafı
heç də təbii sərvətlərin zənginliyi ilə
deyil, demokratikləşmə proseslərindən, qanunun
aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının
inkişafından asılıdır. 2003-2012-ci illərdə
qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar
cənab İlham Əliyevin daim xalqın mənafeyindən
çıxış etdiyini, habelə verdiyi vədlərin əməli
fəaliyyətə, praqmatizmə söykəndiyini,
reallığa adekvat olduğunu göstərmişdir.
İqtisadi
sahədə keçid dövrünü başa vuran Azərbaycan
bu gün özünəməxsus milli inkişaf modeli ilə
tanınır. Bu modelin üstün cəhətləri ilə
bağlı beynəlxalq maliyyə qurumlarında geniş
müzakirələr, təhlillər aparılır.
Respublikamız son illərdə bütün investisiya layihələrini
daxili resursları hesabına reallaşdırmaqla
yanaşı, regionda sərmayədar dövlət kimi
çıxış edir. Ukrayna, Gürcüstan, Moldova,
İçveçrə, Rusiya və digər dövlətlərin
iqtisadiyyatına sərmayə qoyur. Bütün bunlar həm də
respublikamızın inkişaf etməkdə olan ölkədən
inkişaf etmiş ölkəyə çevrilmək əzmini
nümayiş etdirir. Əslində, Azərbaycan bu gün
adambaşına düşən 7000 dollarlıq milli gəlirlə
orta inkişaf etmiş ölkələr qrupunda yer alır.
2003-2012-ci
illərdə ümumi daxili məhsulun (ÜDM) orta illik
artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil
etmişdir. ÜDM 3 dəfə, onun adambaşına
düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə,
əsas kapitala yönəldilən investisiyaların həcmi
7,3 dəfə artmışdır. Bu dövrdə ölkənin
iqtisadiyyatı 3 dəfədən çox artmış və
onun inkişafına 132 milyard dollar məbləğində sərmayə
qoyulmuşdur. Dövlət büdcəsi 19 dəfə,
strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın
kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin
gəlirləri, orta aylıq əməkhaqları və
pensiyaların orta məbləği müvafiq olaraq 6,9, 6,3 və
6,4 dəfə yüksəlmişdir. Bu müddətdə bir
milyondan artıq yeni iş yeri açılmış, yoxsulluq
səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir. Əldə
olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın
"yuxarı orta gəlirli" ölkələr
sırasında mövqeyi daha da möhkəmlənmişdir.
2012-ci
ildə ölkədə ümumi daxili məhsulun istehsalı
2,2 faiz artmış, prioritet təşkil edən qeyri-neft
sektoru üzrə isə artım 9,7 faiz olmuşdur.
İqtisadiyyata bütün maliyyə mənbələri
hesabına 25,8 milyard ABŞ dolları məbləğində
investisiya yönəldilmişdir və bunun da 75 faizi qeyri-neft
sektorunun payına düşür. İllik inflyasiyanın 1,1
faiz həddində saxlanılması sosialyönümlü
siyasət üçün əlverişli zəmin
yaratmışdır.
Prezident
İlham Əliyev ölkədə makroiqtisadi inkişafı təmin
etməklə yanaşı, Azərbaycan üçün bir
sıra taleyüklü məsələlərin yoluna
qoyulmasına da nail olmuşdur. Ümummilli liderin yeni neft
strategiyasının tərkib hissəsi olan
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri,
Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmiş,
vaxtilə bir çoxlarına əfsanə kimi görünən
bu layihələr reallığa çevrilərək Xəzərin
karbohidrogen ehtiyatlarının dünya bazarlarına
daşınmasını təmin etmişdir. Azərbaycanın
bu gün Avropanın enerji təhlükəsizliyi sisteminin əsas
təminatçısı qismində çıxış etməsi
danılmaz faktdır.
Dövlət
başçısının dünya siyasi
arxitekturasının tələblərinə maksimum dərəcədə
cavab verən bu mütərəqqi inkişaf konsepsiyası
kifayət qədər təkmil səciyyə daşımaqla
inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən
qaynaqlanır. Azərbaycanın bugünkü dinamik iqtisadi
inkişafı deməyə əsas verir ki, respublikamız
yaxın gələcəkdə bütün sahələrdə
dünyanın qabaqcıl ölkələrindən birinə
çevriləcəkdir. Ötən 10 ilə yaxın müddətdə
Azərbaycan cəmiyyətində qəti olaraq belə rəy
formalaşmışdır ki, Prezident İlham Əliyev ulu
öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
prioritetlərin varisliyini uğurla təmin etmiş alternativsiz
liderdir.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 1 may.- S.1.