Milli Məclis Avropa Parlamentinin bir qrup
deputatının Azərbaycanın
işğal olunmuş ərazilərinə səfərinə
kəskin etiraz etdi
Aprelin 30-da Milli Məclisin növbəti plenar iclası
keçirildi.
İclası açıq elan edən Milli Məclisin Sədri Oqtay Əsədov
dedi ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban Əliyeva yeni amnistiya aktının qəbul
olunması ilə bağlı parlamentə müraciət
etmişdir. Həmin müraciətə Milli Məclisin
mayın 7-də ulu öndər Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş iclasında baxılacaqdır.
Spiker
Oqtay Əsədov daha sonra Avropa
Parlamentinin bir qrup deputatının, o cümlədən
Fransadan, Cənubi Kiprdən və digər ölkələrdən
olan deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə
qeyri-qanuni səfərlərinə münasibət bildirdi. BMT
və Avropa Şurasının Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləməsi, erməni
işğalçılarının torpaqlarımızdan
çıxması ilə bağlı qətnamələrinin
olduğunu xatırladan Oqtay Əsədovun sözlərinə
görə, Avropa Parlamentinin bəzi deputatlarının
davranışı suallar doğurur: "Hətta Cənubi
Kiprin Avropa Parlamentindəki deputatı qondarma separatçı
rejimin qarşısında deyib ki, sizin xidmətçilərinizik.
Bu şəxs ölkənin ərazi
bütövlüyü məsələsinə baxmayaraq,
xalqların müqəddəratını təyin etmə
hüququnu hər bir şeydən üstün sayır. Fransız deputatı Valeri Buaye dostluq qrupu yaradıb
və Dağlıq Qarabağa səfər edib. O bildirib
ki, məqsədləri Dağlıq Qarabağda yaşayan
xalqın müstəqilliyini təmin etməkdir. Bu, beynəlxalq hüquq prinsiplərinin kobud surətdə
pozulmasıdır. Eyni zamanda, ikili
standartların, Avropada islamofobiyanın göstəricisidir".
AP sədrinə bununla bağlı etiraz məktubu
göndərəcəyini deyən spiker Oqtay Əsədov Azərbaycan
xalqının vətənpərvər nümayəndələrini
də aktiv olmağa, bu məsələyə təpki göstərməyə
çağırdı. Qeyd etdi ki, bu məsələyə
bütün vətənpərvər qüvvələr,
deputatlar, jurnalistlər, bir sözlə, hamı öz
münasibətini bildirməlidir. Tək
deputatlar yox, vətəndaşlarımızın
hamısı aktiv olmalıdır. Oqtay Əsədov gənclərə
xüsusilə səsləndi, onları fəal olmağa,
bütün sahələrdə ermənilərə
qarşı iş aparmağa çağırdı.
Milli Məclisin
Sədri müxalifətyönlü mətbuatın bu məsələdə
heç bir təşəbbüs göstərmədiyini də
dedi: "Deyin görək, hansı müxalifət
yönlü saytlar, insanlar bu milli məsələ haqqında
təşəbbüsləri ortaya atıblar?"
Bu məsələyə Milli Məclis Sədrinin
müavinləri və deputatlar da münasibət bildirdilər. "Azərbaycan
parlamenti olaraq Avropa Parlamentinin bəzi deputatlarının
işğal olunmuş Dağlıq Qarabağa səfərlərini
pisləyirik. Həmin deputatların səfər
zamanı çıxışları və mövqeləri
beynəlxalq hüquq prinsipləri ilə ziddir". Bu
fikirləri isə Milli Məclisin Sədr müavini, Avropa
İttifaqı - Azərbaycan parlament əməkdaşlığı
komitəsinin rəhbəri Valeh Ələsgərov dedi. Bildirdi ki, AP-nin Cənubi Kiprdən olan
deputatının Dağlıq Qarabağda xalqların öz
müqəddəratı ilə bağlı dedikləri
savadsızlıqdan, ya da siyasi,
fırıldaqçılıqdan irəli gəlir. Beynəlxalq hüquqda millətlərin öz müqəddəratını
təyin etməsi məsələsi dəqiq göstərilib.
Bu məsələ dövlətlərin ərazi
bütövlüyündən heç bir halda üstün ola bilməz. Valeh Ələsgərov
Cənubi Kiprdən olan deputatları ilk növbədə
adadakı türklərin hüquqlarını tanımağa
çağırdı. Milli Məclis Sədrinin
müavini Türkiyənin Avropa İttifaqına qəbul edilməməsi
barədə danışaraq bunun ikili standartların nəticəsi
olduğunu bildirdi.
"Üzümü həmin deputatlara tutub deyirəm ki,
siz kimsiniz?!
Sizin hədəfiniz, məqsədiniz, məramınız nədir?"
Bunu Milli Məclis Sədrinin müavini Bahar Muradova dedi. Onun
sözlərinə görə, belə çıxır ki,
beynəlxalq hüquq erməni maraqlarının müdafiəçiləri
üçün heç bir məna kəsb etmir: "Həmin
şəxslərə üz tuturam, sizin səfərinizdə
məqsəd nədir? Siz Avropa İttifaqına
daxil olan ölkələrdə sosial hüquqları pozulan
insanların səslərini eşitməlisiniz. Miqrantların maraqlarını qorumalı
olduğunuz halda, niyə bir qrup erməninin maraqlarının
müdafiəçisinə çevrilmisiniz? Bəlkə doğrudan da, sizlər ermənilər tərəfindən
ələ alınmısınız, sizə ödənişlər
verilib? Bu barədə də müzakirələr
açılmalıdır".
"Diplomatik
çərçivələrdən
çıxmamışıq, ancaq çərçivələri
gözlədikcə üzərimizə gəlirlər" deyən
Bahar Muradova qeyd edib ki, hansı tondan, ifadədən istifadə
edirlərsə, biz də buna o tonda və o ifadə ilə
cavab verməliyik: "Yüz minlərlə azərbaycanlı
öz evlərinə dönə bilmirlər. Qarşıdan
prezident seçkiləri gəlir. Bəzi
avropalı deputatlara söyləyirəm ki, Azərbaycana
qarşı fəaliyyətdə əlinizi, dilinizi
saxlayın. Bu, onların bioqrafiyası
üçün qara ləkədir. Bütün
vətəndaşlar, siyasi partiyalar, gənclər buna
münasibət bildirməlidirlər".
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi
Rəcəblinin sözlərinə görə, ATƏT-in 10 əsas
prinsipindən 7-si Azərbaycanın ədalətli mövqeyinə
uyğundur. Avropalı deputatların bunları görməməsi
isə təəssüf doğurur.
Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki,
Azərbaycan parlamentinin nümayəndə heyətlərinin
bu illər ərzində fəaliyyəti çoxlu
uğurlarla yadda qalıb və bu uğurlar Avropa təşkilatlarının
qərarlarında öz əksini tapıb. "Təhlillər
göstərir ki, Avropa Parlamentinin qəbul etdiyi qərarların
icra mexanizmi yoxdur. Yeganə Avropa Məhkəməsinin qərarlarının
icra mexanizmi var. Avropa Məhkəməsində Dağlıq Qarabağ problemi,
işğal olunmuş ərazilərlə bağlı bizim
qaçqın və məcburi köçkünlərin
şikayətləri var. Çox çalışırıq
ki, həmin işlərə baxılsın və biz bu işləri
uda bilək. Amma eyni zamanda, Avropa
strukturlarının öz qərarlarını izləmək
üçün real mexanizmi yoxdur" - deyən Əli
Hüseynli onu da əlavə etdi ki, əslində, Avropa
strukturlarında iki narahatedici məqam güclənməyə
başlayıb. Onlardan biri siyasi korrupsiya,
ikincisi isə qanunsuz lobbiçilikdir. Burada
məqsəd Azərbaycana təzyiq etməkdir ki, ölkəmiz
bir sıra məsələlərdə güzəştə
getsin. Əli Hüseynli daha sonra qeyd etdi
ki, bu məsələ ilə əlaqədar Avropa Parlamentinin
üzvlərinin təmsil olunduqları siyasi partiyalarla işi
gücləndirmək lazımdır.
Müzakirələr zamanı çıxış edən
digər deputatlar AP deputatlarının işğal olunmuş
Azərbaycan ərazilərinə səfərlərinin
yolverilməz olduğunu bildirdilər, bununla bağlı təkliflər
irəli sürdülər.
Müzakirələri yekunlaşdıran Milli Məclisin
Sədri Oqtay Əsədov bildirdi ki, Avropada mövcud olan
islamofobiyanın bir istiqamətini də Azərbaycana doğru
yönəldirlər. Biz özümüz özümüzü
qorumalı, hücuma keçməli, həqiqətləri
açıqlamalıyıq.
Sonra gündəlikdəki
məsələlərin müzakirəsi başladı.
Deputatlar ilk olaraq "Azərbaycan Respublikası Milli Məclisinin
parlamentlərarası əlaqələr üzrə
işçi qruplarının rəhbərlərinin
seçilməsi haqqında" Azərbaycan Respublikası
Milli Məclisinin Qərarında dəyişiklik edilməsi
barədə" Milli Məclisin qərar layihəsinə və "Azərbaycan Respublikası
Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi
(1993-2013)" yubiley medalının təsis edilməsi ilə
əlaqədar "Azərbaycan Respublikasının orden və
medallarının təsis edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununda dəyişiklik edilməsi barədə"
qanun layihəsinə müsbət münasibət bildirdilər.
Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan
Respublikasının Seçki Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" qanun layihəsini müzakirəyə
təqdim etdi.
Bildirdi ki, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə
əsasən səsvermə günü seçki (referendum)
keçirilən ərazidə iş günü hesab olunmur.
Layihəyə əsasən, bu maddəyə təklif olunan
ikinci cümlədə deyilir ki, "Səsvermə
günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə
görə iş günü hesab edilməyən bayram
gününə düşərsə, səsvermə Mərkəzi
Seçki Komissiyası tərəfindən səsvermənin
keçirilməli olduğu ayın başqa iş
gününə təyin edilir".
Seçki Məcəlləsinə təklif edilən
yeni 211.5 maddəsində deyilir ki, "Bu Məcəllənin
211.4-cü maddəsinin tələbləri nəzərə
alınmaqla keçirilən seçkilərdə
seçilmiş bələdiyyələrin səlahiyyət
müddəti ölkə üzrə yeni seçilən bələdiyyələrin
birinci iclas günü başa çatır". Məcəllənin
243-cü maddəsinə edilən dəyişiklikdə isə
bələdiyyələrə təkrar seçkilərin
keçirilməsi üçün şərtlər
açıqlanıb. Dəyişiklikdə
göstərilir ki, "Bələdiyyələrin əraziləri
və torpaqları haqqında" qanunla bələdiyyə ərazilərinin
dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyələrin
ərazisində yaşayan və səsvermə hüququna
malik olan vətəndaşların sayı 25 faizdən
artıq azaldıqda və ya çoxaldıqda təkrar
seçkilər keçirilir.Müzakirələr zamanı
deputatlardan Əli Əhmədov, Siyavuş Novruzov, Zahid Oruc, Bəxtiyar
Əliyev layihə ilə bağlı fikirlərini bildirdilər.
Deputat Bəxtiyar
Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin işğal olunmuş
Azərbaycan ərazilərinə səfərləri ilə
bağlı fikirlərini də bildirdi. Onun
sözlərinə görə, ATƏT-in Minsk qrupunun
missiyası xalqlar arasında etimadı, barışı, birgə
yaşayışı təbliğ və təmin etməkdir.
Minsk qrupu həmsədrləri öz fəaliyyətləri ilə
hamıya göstərməlidirlər ki, Dağlıq
Qarabağ münaqişəsi nəticəsində əziyyət
çəkən insanlar bu regionda bir yerdə yaşaya bilərlər,
onlar arasında etimad var: "Həmsədrlər bunu necə
edə bilərlər? Bir necə il əvvəl
təklif edilmişdi ki, Minsk qrupunun həmsədrləri Azərbaycanın
tərkib hissəsi olan Dağlıq Qarabağa və
işğal olunan digər rayonlara səfər edəndə Azərbaycan
ərazisindən gedib-qayıtsınlar. Bu,
barışa, etimada, birgə yaşayışa aparan yoldur.
Ona görə də Minsk qrupunun həmsədrləri
Azərbaycana gəlməlidirlər, buradan Dağlıq
Qarabağa getməlidirlər. İşğal
olunmuş ərazilərdə yaşayan, hələ də Azərbaycan
vətəndaşı olan ermənilərlə azərbaycanlılar
arasında etimad körpüsü yaratmalıdırlar, yolu
açmalıdırlar. Lakin Minsk qrupunun həmsədrləri
Azərbaycan ərazisinə işğalçı dövlət
olan Ermənistandan gəlirlər. Buna əsas
səbəb kimi qoşunların təmas xəttini keçərkən
Ermənistanın onların təhlükəsizliyinə təminat
verməməsini göstərirlər. Əgər
işğalçı dövlət Minsk qrupu həmsədrlərinin
təhlükəsizliyinə təminat vermirsə, azərbaycanlılara
necə təminat veriləcək? Sülh
necə əldə olunacaq. Ermənistan
Dağlıq Qarabağ ərazisində, işğal olunan digər
yeddi rayonda etnik təmizləmə həyata keçirib, ermənilər
azərbaycanlılara işgəncə veriblər,
öldürüblər. Amma bütün bunlara
göz yumulur. Bunlar insanların
hüquqlarının pozulmasına nə qədər göz
yumacaqlar".
Deputat Bəxtiyar Əliyevin sözlərinə görə,
bununla bağlı Minsk qrupu qarşısında tələb
qoyulmalıdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə
hər səfəri zamanı onların Dağlıq
Qarabağa Azərbaycan ərazisindən keçib getmələri,
bu yolun açılması insanların tədricən öz
doğma yerlərinə qayıtmasına ümid verərdi,
bölgədə yaşayan xalqlar arasında dostluq və
etimad yaradardı. Təəssüflər olsun
ki, belə olmur.
İclasda
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində
dəyişiklik edilməsi haqqında", "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında", "Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər
edilməsi haqqında", "Müəlliflik hüququ və
əlaqəli hüquqlar haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə", "Nəşriyyat işi
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə", "Azərbaycan folkloru nümunələrinin
hüquqi qorunması haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə",
"Məlumat toplularının hüquqi qorunması
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə", "Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər
edilməsi haqqında", "Korrupsiyaya qarşı
mübarizə haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
və "Dövlət sirri haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
qanun layihələri təsdiq olundu.
Deputatlar
"Əmək pensiyaları haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
və "Bələdiyyələrin əraziləri və
torpaqları haqqında" Azərbaycan Respublikasının
Qanununa əlavə edilmiş "Azərbaycan
Respublikasında bələdiyyələrin
siyahısı"nda dəyişikliklər edilməsi barədə"
qanun layihələrinə də müsbət münasibət
bildirdilər. İclasda "Azərbaycan Respublikası
Hökuməti və Asiya İnkişaf Bankı arasında
Asiya İnkişaf Bankının Rəhbərlər
Şurasının 48-ci illik toplantısı ilə
bağlı" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Qanununun layihəsi də təsdiq
olundu.
İclasda
son olaraq "Gömrük tarifi haqqında" Azərbaycan
Respublikası Qanununun layihəsi müzakirə edildi. Qanun
layihəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət
komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi.
Belə bir qanunun qəbulunda məqsəd Azərbaycanda
gömrük tarifinin formalaşdırılması və tətbiqi,
həmçinin respublikamızın gömrük sərhədindən
keçirilən mallardan gömrük rüsumlarının
tutulması qaydalarını müəyyən etməkdir.
Qanun layihəsi beş fəsil, 23 maddədən ibarətdir.
Müzakirələr zamanı layihəyə konseptual
münasibət bildirən deputatlar belə bir qanunun vacibliyini
diqqətə çatdırdılar. Yekunda qanun layihəsi
birinci oxunuşda qəbul edildi.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2013.- 1 may.- S. 2.