Azərbaycanın birinci
xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva amnistiya aktının qəbul olunması ilə
bağlı Milli Məclisə müraciət etmişdir
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban Əliyeva yeni amnistiya aktının qəbul
olunması ilə bağlı Milli Məclisə müraciət
etmişdir.
Bu
barədə Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin aprelin 30-da keçirilmiş
iclasında məlumat verilmişdir.
Komitənin
sədri Ə. Hüseynli demişdir ki, Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik
yubileyi münasibətilə hazırlanan amnistiya aktı ulu
öndərin humanist siyasətinə sədaqətin
nümayişidir.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Milli
Məclisə göndərdiyi müraciətdə deyilir ki,
dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətləri
nəticəsində tarixin çox çətin və
taleyüklü sınaqlarından çıxaraq
dünyanın ən dinamik inkişaf edən ölkələrindən
birinə çevrilmiş Azərbaycan Respublikasında
qanunçuluğa və hüququn aliliyinə əsaslanan
cinayət hüquq siyasəti həyata keçirilir.
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin əsasını
qoyduğu dövlətçilik strategiyası hələ uzun
illər müstəqil Azərbaycan dövlətinin daha da
güclənməsinə, iqtisadi qüdrətinin və
xalqımızın rifahının artırılmasına xidmət
edəcəkdir.
Ulu
öndərin siyasətinin insanpərvərlik ənənələrini
daim təşviq edən Heydər Əliyev Fondu amnistiya
aktlarının ardıcıl təşəbbüskarı
olmuşdur. Fondun təşəbbüsü ilə Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən 2007-ci
il mayın 8-də qəbul olunmuş qərarla 9877 məhkum
barəsində, 2009-cu il 17 mart tarixli qərarla 9564 məhkum
barəsində amnistiya tətbiq edilmişdir. Qeyd olunan
amnistiya aktları cinayət törətmiş şəxslərin
cəmiyyətə yenidən inteqrasiya olunaraq islah edilməsini
stimullaşdırmış, əhali arasında böyük
minnətdarlıq hissi ilə qarşılanmışdır.
Yeni
amnistiya aktının layihəsinə əsasən
böyük ictimai təhlükə törətməyən və
az ağır cinayətlərə görə məhkum
edilmiş qadınlar, cinayət törədərkən 18
yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər,
60 yaşına çatmış kişilər, öhdəsində
yetkinlik yaşına çatmayan, yaxud 1-ci və 2-ci qrup əlil
övladı olanlar, Azərbaycan Respublikasının
suverenliyinin və ərazi bütövlüyünün
qorunmasında iştirak etmiş, Azərbaycan ərazisinin bir
hissəsinin işğalı nəticəsində öz
doğma torpaqlarından məcburi
köçürülmüş və bəzi digər
kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə
cəzasından azad ediləcəklər. Həmçinin cəzasının
çəkilməmiş hissəsi bir ildən artıq
olmayan, məntəqə tipli cəzaçəkmə məntəqələrində
cəza çəkən, islah işləri, ictimai işlərlə
cəzalandırılmış bütün şəxslərə,
habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının
çəkilməsi təxirə salınmış, şərti
məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara
amnistiya tətbiq edilməklə onların cəzadan azad
olunmaları təklif edilir.
Aparılan
təhlillərə əsasən amnistiya aktının təxminən
9000 şəxsə şamil ediləcəyi gözlənilir.
O cümlədən 2 mindən artıq məhkumun
azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi nəzərdə
tutulur.
Amnistiya
aktı haqqında müraciətə Milli Məclisin mayın
7-də keçiriləcək iclasında baxılacaqdır.
Həmçinin
iclasda Miqrasiya Məcəlləsinə
baxılmışdır.
Dövlət
Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev
demişdir ki, Azərbaycan dövlətinin iqtisadi
inkişafı, ölkəmizdəki davamlı ictimai-siyasi
sabitlik xarici ölkə vətəndaşlarının Azərbaycana
marağının artmasına səbəb olmuşdur. Bu da
öz növbəsində miqrantların Azərbaycana
axınını gücləndirmişdir. Azərbaycan
Prezidenti bütün bunları və digər amilləri nəzərə
alaraq Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılması
barədə qərar qəbul etmişdir. Hazırda DMX-nin fəaliyyəti
müvafiq əsasnamə və normativ hüquqi aktlarla tənzimlənir.
Yeni hazırlanmış məcəllə isə bu sahədəki
bütün münasibətləri tənzimləyəcəkdir.
Daha
sonra məcəllə geniş müzakirə olunmuş, bir
sıra rəy və təkliflər irəli
sürülmüşdür.
İclasda
"Məhkəmələr və hakimlər haqqında",
"İcra haqqında", "Daşınmaz əmlakın
dövlət reyestri haqqında", "Avtomobil yolları
haqqında", eləcə də Cinayət, Cinayət-Prosessual,
İnzibati Xətalar məcəllələrinə təklif
olunan əlavələr və dəyişikliklər
müzakirə olunmuşdur.
Sonda
qanun layihələri təsdiqlənmək üçün
Milli Məclisə tövsiyə edilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 1 may.- S.3.