Moskvada Rusiya Azərbaycanlı
Gənclər Birliyinin I Tibb Forumu
keçirilmişdir
Aprelin
30-da Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin
(RAGB) təşkilatçılığı ilə bu ölkədə
fəaliyyət göstərən azərbaycanlı həkimlərin
I Tibb Forumu keçirilmişdir.
Azərbaycanın
Səhiyyə, Gənclər və İdman nazirlikləri,
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb
Universitetinin təşkilatçılığı ilə
keçirilən bu tədbirdən başlıca məqsəd
Azərbaycan və Rusiya səhiyyəsinin bir çox sahələrinin
nümayəndələri arasında sıx əməkdaşlığı
inkişaf etdirmək, habelə tibb sahəsində gənc
mütəxəssislərin Azərbaycanda işlə təmin
edilməsi proqramının gerçəkləşdirilməsinə
yardım göstərməkdir.
RAGB-ın
idarə heyətinin üzvü Emin Hacıyev tədbiri
açaraq Birliyin bu layihəsinin əhəmiyyətindən
danışmış, forumun keçirilməsinə dəstəyə
görə Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın
sədri Leyla xanım Əliyevaya təşəkkürünü
bildirmişdir.
Sonra
Azərbaycanda səhiyyə sahəsinin inkişaf mərhələlərini
əks etdirən film nümayiş etdirilmişdir.
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev forumda çıxış edərək bildirmişdir ki, ümummilli lider Heydər Əliyev ölkədə səhiyyənin inkişafına, tibb kadrlarının yetişdirilməsinə və səhiyyə sahəsində təhsilin keyfiyyətinə həmişə qayğı ilə yanaşmışdır. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev respublikada səhiyyənin inkişafı istiqamətində səmərəli siyasəti uğurla davam etdirir. Dövlət başçısının imzaladığı "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" sayəsində minlərlə gənc xaricdə, o cümlədən ən nüfuzlu ali tibb təhsili ocaqlarında elmin sirlərinə yiyələnir. Nazir demişdir: "Son 10 ildə Azərbaycanda səhiyyə sahəsinə ayrılan büdcə vəsaitinin həcmi 11 dəfə artmış, 500-dən çox tibb müəssisəsi tikilmiş və yenidən qurulmuşdur. Əksəriyyəti bölgələrdə yerləşən bu müəssisələrin hamısı ən müasir avadanlıqla təchiz edilmişdir. Azərbaycanda dövlət tibb müəssisələrində əhaliyə tibbi xidmətlər pulsuz həyata keçirilir. Səhiyyənin inkişafı sahəsində dövlət proqramları tibbin ən mürəkkəb sahələrini əhatə edir. Ölkəmizdə böyrək çatışmazlığı kimi ağır xəstəliyin, dünya səhiyyəsi üçün aktual problem olan diabet xəstəliyinin müalicəsini dövlət öz üzərinə götürmüşdür. Azərbaycanda 180 min diabet xəstəsi bütün zəruri preparatları pulsuz əldə edə bilir".
Oqtay Şirəliyev vurğulamışdır ki, bugünkü tədbirdən məqsəd Azərbaycan və Rusiya tibb müəssisələri arasında əlaqələri daha da möhkəmləndirmək və ən başlıcası yüksək ixtisaslı tibb kadrlarının hazırlanması işini inkişaf etdirməkdir.
Azərbaycan və Rusiya səhiyyələri arasında uzun illər davam edən sıx əməkdaşlıq münasibətlərindən danışan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirmişdir ki, bu günlərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində görkəmli oftalmoloq alim, Rusiyanın səhiyyə dairələrində böyük nüfuza malik bir şəxsiyyət - Zərifə xanım Əliyevanın yubileyi keçirilmiş, ötən il isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Moskvada İ.M.Seçenov adına Birinci Dövlət Tibb Universitetinin fəxri professoru adı verilmişdir. Bu, iki ölkənin səhiyyə dairələrinin qarşılıqlı ehtiramından və sıx əməkdaşlığından xəbər verir. Səfir vurğulamışdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə RAGB-ın belə bir əhəmiyyətli forum keçirməsi mühüm hadisədir. Polad Bülbüloğlu demişdir: "Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf yolu ilə irəliləyir. Son illər Azərbaycan çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu tədbirlərə dünyanın hər yerindən qonaqlar qatılır. Həmin tədbirlərin Rusiya təmsilçiləri ilə hər görüşlərimdə onlar öz təəssüratlarını bölüşür, Azərbaycanın inkişafını vurğulayırlar. Əlbəttə, bütün bu islahatlar səhiyyə sahəsində də əks olunur. Bakıda və bölgələrdə müasir tibb müəssisələri fəaliyyət göstərir. Ancaq ən başlıcası isə bu müəssisələrdə çalışan bilikli və istedadlı, bacarıqlı həkimlərdir".
Səfir forum iştirakçılarına uğurlar arzulamış və Rusiyanın tibbi təhsil ocaqlarında azərbaycanlı tələbələrin öz vətənləri ilə əlaqələrini itirməyəcəklərinə, bilik və bacarıqlarını Azərbaycan xalqına xidmətə yönəldəcəklərinə ümidvar olduğunu bildirmişdir.
N.N.Bloxin adına Uşaq Onkologiyası və Gemotologiya Mərkəzinin direktoru, Rusiya Tibb Elmləri Akademiyasının (RTEA) akademiki, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev, RTEA-nın müxbir üzvü, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru Pyotr Litvitski, RTEA-nın akademiki, Lomonosov adına Moskva Dövlət Universitetinin Tibbi-Elmi Təhsil Mərkəzinin direktoru Yuri Belenkov çıxışlarında Azərbaycanda səhiyyə sahəsində keçirilən islahatlardan danışmış, Rusiya və Azərbaycan səhiyyələri arasında qarşılıqlı əlaqələrin dərin köklərə malik olduğunu diqqətə çatdırmışlar.
Yüzdən
çox gənc həkimin və 50-dən çox
qonağın qatıldığı forum işini "Səhiyyə
sahəsində dövlət proqramları", "Cərrahiyyə
və stomatologiya", "Kadr siyasəti və müasir tibb
avadanlığı", "Ana və uşaqların
mühafizəsi" mövzularında bölmə
iclaslarında davam etdirmişdir.
Fəridə ABDULLAYEVA,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.-2013.- 1 may.- S.3.