ZAMANIN FÖVQÜNDƏ

 

Bütün dünyaya möhtəşəm yeniliklər vəd edən, bəşəri sivilizasiya nümunələri ilə cəmiyyət həyatının fərqli simasını meydana qoyan XXI əsr, xüsusən, onun ikinci dekadası hiss olunmayan bir sürətlə yaşanaraq tarixə çevrilməkdədir. İki əsrin qovşağı doğma Azərbaycanı üçün tarixin heç bir mərhələsində olmadığı dərəcədə əlamətdar və dəyərlidir. Məlumdur ki, zaman-zaman qüdrətli dövlətlər yaradan Azərbaycan XIX əsrin əvvəllərində qəsbkar əllərin hökmü ilə parçalanmış, müstəqilliyindən məhrum olmuş, ayrı-ayrı dövlətlərin tərkibinə qatılmışdır. Ən mürəkkəb ictimai, siyasi şəraitlərdə, hətta fərqli iqtisadi formasiyalarda məhz geniş zəkalı insanlarının parlaq fəaliyyətləri, öndərliyi sayəsində xalqımız milli-mənəvi varlığını qoruyub saxlaya bilmiş, ötən əsrin 90-cı illərində isə müstəqilliyini əldə etmişdir.

 

XX əsrin ortalarından içində yaşadığımız yüzilliyin ilk onilliyinə qədər, təqribən 50 il ərzində Azərbaycan xalqının yetişdirdiyi ən böyük tarixi şəxsiyyət olan ulu öndər Heydər Əliyev vətənimizin irili-xırdalı bəlalardan xilas olub əbədi azadlıq və inkişaf yollarına çıxmasında elə böyük xidmətlər göstərmişdir ki, onu digər şəxsiyyətlərin fəaliyyəti ilə müqayisə etmək olmaz. Heydər Əliyev tarixin qanunauyğunluğuna əsaslanaraq, mübarizələrinin bütün mərhələlərində xalq mənafeyini uca tutmaqla yüz illər boyunca natamam olan Azərbaycan həqiqətlərini, Azərbaycan amalını bütövləşdirmişdir. Belə bir bəxtəvərlik, belə parlaq tale qisməti yalnız öz dahi oğluna, onu candan sevən övladına inanan xalqlara, vətəni uğrunda hər cür zəhmətlərə qatlaşan övladlara nəsib olur.

Hələ sovet dövründə ulu öndər Heydər Əliyevin yaratdığı sağlam bünövrə imkan verdi ki, xalq müstəqillik platformalarına sahib olarkən taleyüklü vəzifələrin öhdəsindən layiqincə gələ bilsin, itkilər və fəsadlar maksimum az olsun. Heydər Əliyev Azərbaycanı böyük, işıqlı gələcəyə şərəflə aparan azadlıq yolunun memarıdır.

Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" 21 yanvar 2013-cü il tarixli sərəncam imzalamışdır. Azərbaycan xalqı böyük bir məhəbbət və ehtiramla ulu öndərin adını yad edir, onun yubileyini əlamətdar qələbələrlə qarşılayır.

Sərəncamda deyilir: "Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir...

Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi. Heydər Əliyevin qurduğu dövlətin iqtisadi siyasəti əhalinin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamaqla sosial yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu vətəndaş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, eləcə də çox sayda özəl telekanalların yayımlandığı və internet şəbəkəsi istifadəçilərinin sayının sürətlə artdığı bir ölkədir.

Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır..."

Hər dəfə ümummilli lider Heydər Əliyevdən söhbət açılanda gözümüzün önündə tarix vərəqlənir, onun əməlləri ilə əbədiləşən illər şərəf və ləyaqət rəmzi kimi gözümüzün önündə canlanır. Bəli, o, təxminən yarım əsr bundan əvvəl Azərbaycan xalqına rəhbər seçildikdən sonra ölkənin həyatında dönüş mərhələsi başlanmış, bütün sahələrin inkişafında, xüsusilə, elm, təhsil, mədəniyyət və incəsənətin tərəqqisində böyük nailiyyətlər əldə edilmişdir. Bu dövrdə xalqımızda milli qürur, milli mənlik şüuru oyanmış, xalq öz tarixini, milli-mənəvi dəyərlərini, soy-kökünü dərindən dərk etməyə başlamış, milli ideologiyanın formalaşması mümkün olmuşdur. Həmin dövrdə ulu öndər milli düşüncəli ziyalıları, elm, mədəniyyət, incəsənət, ədəbiyyat nümayəndələrini bir amal uğrunda səfərbər edə bilmişdir. Ulu öndərin qayğı və himayəsini daim hiss edən ziyalılar ona milli mədəniyyətimizin hamisi kimi baxırdılar.

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqının ümummilli lideri, ensiklopedik təfəkkürlü, dərin erudisiyalı müdrik şəxsiyyət olan Heydər Əliyevin milli-mənəvi və əxlaqi dəyərlərimizin ümumbəşəri ideyalarla zənginləşdirilməsində xüsusi xidmətləri vardır. Azərbaycan mədəniyyətinin böyük zaman aralığındakı tarixi inkişaf yolu bilavasitə onun adı və şəxsiyyəti ilə bağlıdır. O, xalqın qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşmışdır. Xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli mədəniyyətimizin hərtərəfli inkişafını, yüksəlişini daim diqqət mərkəzində saxlamış, ona ən ümdə vəzifəsi kimi baxmışdır.

Heydər Əliyevin zəngin və mənalı həyat yolu elə şərəfli bir tarixdir ki, gələcək nəsillər zaman-zaman bu tarixi öyrənəcək, ondan ibrət götürəcəklər. Böyük azərbaycanlı Heydər Əliyevin hələ sovet respublikamıza rəhbərlik etdiyi dövrdə  milli özünüdərk və milli-mədəni intibahın yüksəlişi başlamışdır. Sovetlər ölkəsinin bəlli siyasi-ideoloji, idarəçilik çərçivələri daxilində Azərbaycanı müttəfiq respublikalar içərisində ön sıralara çıxarmaq, Azərbaycan xalqının şan-şöhrətini - tarix və mədəniyyətini, elm, sənət və ədəbiyyatını tanıtmaq azərbaycanlı adını ən yüksək səviyyədə doğrultmaq demək idi. Bu illərdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmiş, bu proses Heydər Əliyev tərəfindən bilavasitə təşviq edilmiş, dəstəklənmişdir. Keçmiş SSRİ-nin böyük şəhərlərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, onlara abidələrin qoyulması, küçə və meydanlara adlarının verilməsi, Bakının dünyanın müxtəlif şəhərləri ilə qardaşlaşmasını təşviq etmək, bu zəmində xaricdə Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ edən tədbirlərin təşkili - bütün bunlar Heydər Əliyevin tarixi xidmətlərinin bir hissəsidir.

Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Buna görə də o, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün nəinki mümkün olanları, hətta mümkün olmayanları da edirdi. Tarixən zəngin olan Azərbaycan mədəniyyətinin bugünkü səviyyəsi ulu öndərimizin adı ilə birbaşa bağlıdır.

Böyük öndərin dediyi kimi, "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir". XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin vüsətli inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətləri bilavasitə Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi. Onun respublikaya rəhbərlik etdiyi 70-80-ci illərdə, xüsusən, sonrakı dövrdə mədəni və ədəbi irsimizə, təsviri sənətə, balet və teatra qayğı misilsiz dərəcədə artmışdı. Heydər Əliyevin bilavasitə himayədarlığı və gərgin səyləri nəticəsində Azərbaycan incəsənəti və təsviri sənəti bütün dünya miqyasında tanınmışdır.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə qədim yazılı abidəmiz "Kitabi-Dədə Qorqud" dastanının, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin, Nəsimi kimi korifey sənətkarların dünya miqyasında yubileylərinin keçirilməsi, Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələrinin inşa edilməsi, İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucaldılması, şəhidlərin xatirə kompleksinin və digər monumental sənət əsərlərinin yaradılması, ədəbiyyat və mədəniyyət xadimlərimizin ev muzeylərinin qurulması, "Gülüstan" sarayı, opera studiyası, xoreoqrafiya məktəbi kimi memarlıq abidələrinin inşası və sair əlamətdar hadisələr idi. Bütün bunlar Azərbaycan xalqının milli mədəniyyətinin misli görünməmiş yüksəlişinin təzahürü, eyni zamanda, milli-mənəvi dəyərlərin qorunması istiqamətində Heydər Əliyev faktorunun bariz nümunəsidir.

Böyük öndər sovet dövründə Azərbaycanın görkəmli mədəni irs nümunələrinə, mədəniyyət və incəsənət xadimlərinə və milli mədəniyyət müəssisələrinə xüsusi diqqət və qayğı göstərmiş, onların, kommunist ideologiyasının kosmopolit düşüncə təzyiqinə rəğmən, xalq arasında geniş təbliği və təşviqi üçün həyata keçirilən bir çox tədbirlərin təşəbbüskarı olmuşdur. Həmin illərdə Ü.Hacıbəylinin ev-muzeyinin, Nəriman Nərimanovun abidəsi və xatirə muzeyinin, Cəfər Cabbarlının abidəsi və ev-muzeyinin, Bülbülün xatirə muzeyinin, Natəvanın abidəsinin, Şuşada Vaqifin məqbərəsinin açılışı olmuş, Hüseyn Cavidin 100, Dövlət Dram Teatrının 100, S.Vurğun adına Rus Dram Teatrının 60, Dövlət Simfonik Orkestrinin 60 illik yubileyləri təntənəli şəkildə qeyd olunmuşdur.

Heydər Əliyevin xalqımızın böyük sənətkarlarına qayğısı və məhəbbəti, Azərbaycana, vətəninə nəhayətsiz sevgisindən qaynaqlanırdı. Məhz hakimiyyətinin birinci dövründə onun təqdimatı ilə Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza SSRİ-nin ən yüksək fəxri adına - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdülər. O, Azərbaycan musiqisinin dünya arenasına çıxması üçün əlindən gələni edirdi. Həmin dövrdə SSRİ-nin digər respublikaları ilə müqayisədə böyük teatrların səhnələrində, əzəmətli konsert salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının səhnə əsərlərinin tamaşaya qoyulması, simfonik və kamera musiqisinin uğurla səsləndirilməsi bilavasitə Heydər Əliyevin dəstəyi ilə həyata keçirilirdi. Bu, Azərbaycan incəsənətinə, milli mədəniyyətə xidmətin ən böyük nümunəsi idi.

Bütün həyatını Azərbaycanın yüksəlişinə və çiçəklənməsinə sərf etmiş ümummilli lider Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunub saxlanması və zənginləşdirilməsinə hər zaman diqqət və qayğı ilə yanaşmışdır. Görülən bütün bu işlər milli ruhun və milli mənlik şüurunun inkişafına əsaslı zəmin yaradırdı. Burada qeyd etmək istərdim ki, milli şüur və ruhun formalaşmasında ana dili xüsusi əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyev sovet hakimiyyəti dönəmində Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi üçün həqiqətən də, tarixi addımlar atmışdır. 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyası qəbul olunarkən, onun təşəbbüsü ilə orada Azərbaycan dilinin dövlət dili statusu öz təsbitini tapmışdır. O dövrdə müttəfiq respublikalarda əsas dövlət dili rus dili hesab olunurdu. Azərbaycanda yüksək vəzifələr tutan bir çox şəxslərin öz doğma ana dilinə xor baxdığı, onu hətta unutduğu bir zamanda, Heydər Əliyev yüksək kürsülərdən hər zaman məhz öz ana dilində mükəmməl çıxışlar edirdi. Bu, dahi rəhbər, fenomenal şəxsiyyət örnəyi idi.

Sovet İttifaqının dağılması nəticəsində 1990-1993-cü illər Azərbaycan tarixinə anarxiyanın, xaosun hökm sürdüyü bir dövr kimi daxil oldu. Xarici düşmən qüvvələr Azərbaycanı parçalamaq məqsədi ilə milli etnik münaqişələri qızışdırır və o dövrkü Azərbaycan hakimiyyətinin səriştəsizliyi, dövlət idarəçiliyində yol verilmiş  kobud səhvlər isə buna münbit şərait yaradırdı. Nəticədə ölkə ağır siyasi və sosial-iqtisadi burulğana düşmüş, mədəniyyət və incəsənət sahəsi də bundan öz nəsibini almışdı.

Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə - 1993-cü ildə hakimiyyətə gəldikdən sonra böyük cəsarətlə həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ölkəmizdə tam sabitlik yarandı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu xeyli artdı. Milli müstəqillik xəttini məqsədyönlü şəkildə həyata keçirən ölkəmiz vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu, Azərbaycanın milli ordusu yaradıldı, aparıcı dünya dövlətlərinin və beynəlxalq qurumların köməyi ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üçün atəşkəs elan edildi, səmərəli iqtisadi islahatlara başlanıldı, "Əsrin müqaviləsi" adlandırılan beynəlxalq neft müqaviləsi imzalandı. Bir sözlə, hüquqi və demokratik dövlət quruculuğunda böyük müvəffəqiyyətlər əldə olundu. 1995-ci ildə dövlətimizin başçısı Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk müstəqil Azərbaycan Konstitusiyası ümumxalq referendumu ilə qəbul edildi, demokratik prinsiplər əsasında müstəqil Azərbaycan Respublikasının parlamenti - Milli Məclisi seçildi. Milli dövlətçilik ideyaları real həyatda öz parlaq ifadəsini tapmağa başladı. Ağır vəziyyətdə olan Azərbaycan iqtisadiyyatının və xalqın rifah halının yenidən yüksəldilməsi istiqamətində uğurlu addımlar atıldı.

Ulu öndərin o dövrdəki xidmətlərini saymaqla bitməz. Lakin onu qeyd etmək istərdim ki, ölkənin bu cür ağır vəziyyətində belə ulu öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının və ümumən milli-mənəvi irsimizin inkişafını, turizm sahəsinin təşəkkül tapmasını da daim diqqətdə saxlamış, bu istiqamətdə mühüm tədbirlər görülməsinə nail olmuşdur. Onun rəhbərliyi altında dövlətin mədəniyyət və turizm siyasətinin hüquqi bazası - qanunvericilik təminatı yaradıldı. Qısa müddət ərzində mədəniyyət və turizm sahəsində 15 əsas qanun qəbul edildi. Onların sırasında "Mədəniyyət haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Kinematoqrafiya haqqında", "Memarlıq fəaliyyəti haqqında", "Kitabxana işi haqqında, "Turizm haqqında", "Milli Arxiv Fondu haqqında", "Muzeylər haqqında", "Nəşriyyat işi haqqında" və sair kimi çox vacib qanunları göstərmək olar. Eyni zamanda, mədəniyyət sahəsinin inkişafını gücləndirən dövlət proqramları qəbul edilmişdir.

Həmin dövrdə ölkəmizdə iqtisadi, siyasi və sosial sahədə olduğu kimi, mədəniyyət, təhsil və elm sahəsində də mühüm islahatlar aparılmağa, keçmiş totalitar rejimdən miras qalan neqativ hallardan yaxa qurtarılmağa başlandı. Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi dövlətçiliyimizlə yanaşı, Azərbaycan elmini, mədəniyyətini, təhsilini də dağılmaqdan və məhv olmaqdan xilas etdi.

Azərbaycan elminin, mədəniyyətinin və təhsilinin inkişafında böyük xidmətləri olan dahi rəhbər böyük islahatlar keçirdi, bu sahələrə ayrılan maliyyə vəsaitinin həcmini artırdı, onların inkişafı üçün geniş şərait yaratdı. Heydər Əliyev Azərbaycan dilinin dövlət dili statusunu öz fərmanı ilə daha da möhkəmləndirdi, onun hərtərəfli inkişafı, həyatın bütün sahələrində istifadəsi üçün geniş imkanlar açdı. Latın qrafikasına keçid kimi çox çətin və mürəkkəb proses Heydər Əliyevin böyük uzaqgörənliyi ilə çox böyük müvəffəqiyyətlə başa çatdırıldı.

Ümummilli liderin müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə (1993-2003) xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin dirçəldilməsi, xüsusən də, sovet dönəmində dağıdılan islam mədəniyyəti nümunələrinin - məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı həyata keçirilən tədbirlər onun milli-mənəvi dəyərlərin qorunmasına verdiyi dəyərin bariz sübutudur. Bu istiqamətdə atılan addımlardan biri də müstəqillik əldə edildikdən sonra dini bayramların, o cümlədən Qurban bayramının rəsmi şəkildə qeyd olunmasıdır. Heydər Əliyev bu bayramın bəşəri-mənəvi dəyərlərindən insanların faydalanmasının əhəmiyyətindən bəhs edərək deyirdi: "Müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaradır. İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixinin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir". Ulu öndər bununla da, dini adət və ənənələrimizi milli-mənəvi dəyərlərimizdən ayırmır, onlara xüsusi önəm verirdi.

Ədəbiyyata, incəsənətə, bütövlükdə mədəniyyətə sıx bağlılığı bu böyük şəxsiyyətin fitri istedadından, yaradıcı təbiətindən və milli irsə olan diqqətindən qaynaqlanırdı. Dahi şəxsiyyət Heydər Əliyev həm Allah vergisi, həm gözəllik duyumu, həm də fəhmi ilə əsl sənəti qiymətləndirməyi bacarır, hər hansı sənət əsərinə ilk növbədə bir sənət sərrafı kimi yanaşa bilirdi. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi cəhətdən çox ağır durumda olduğu zamanlarda belə, Heydər Əliyev mədəniyyət və incəsənətin xalqlar və millətlər arasında heç bir tərcüməyə ehtiyacı olmayan ən yaxşı ünsiyyət vasitəsi kimi rolunu nəzərə alaraq, Azərbaycanın zəngin mədəniyyətinin dünyaya inteqrasiyası və onun təbliği istiqamətində mühüm addımlar atırdı.

Ulu öndər xalqımızın həm mədəni-tarixi irsinin, çağdaş mədəniyyətinin bütün dünyaya tanıdılmasına, həm də mədəni sərvətin məhz Azərbaycana məxsusluğunun təsdiqinə nail olmağa çalışırdı. Bu addımlar həm də bədxah qonşularımız tərəfindən milli-mədəni irsimizin oğurlanmasına, mənimsənməsinə, özününküləşdirilməsinə göstərilən cəhdlərin qarşısının alınmasına yönəldilmişdi.

Ulu öndər Heydər Əliyev müstəqillik illərində də mədəniyyət və incəsənətimizin inkişafına böyük qayğı göstərmiş, görkəmli mədəniyyət xadimlərinin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, onların ev-muzeylərinin bərpası, yenilərinin açılması və s. kimi bir çox mədəni təşəbbüslərin gerçəkləşməsinə rəvac vermişdir. Şübhəsiz ki, onları bir-bir sadalamaq xeyli vaxt alardı. Lakin bəzilərinin adını çəkmək kifayət edər ki, ümumi mənzərə bütün dolğunluğu ilə gözlərimizin önündə canlansın: Niyazinin ev-muzeyinin açılışı, Səttar Bəhlulzadənin 85 illik yubileyi, Cəlil Məmmədquluzadənin 125 illik yubileyi və ev-muzeyinin açılışı, Hüseyn Cavidin ev-muzeyinin yaradılması və məqbərəsinin açılışı, Əliağa Vahidin 100 illik yubileyi, Müslüm Maqomayevin 110 illik yubileyi, Məhəmməd Füzulinin 500 illik yubileyi, Səməd Vurğunun 90 illiyi, Qabilin 70 illiyi, M.Rostropoviçin 70 illik yubileyi, Tofiq Quliyevin 80 illiyi, Süleyman Rüstəmin 90 illiyi, Məhəmmədhüseyn Şəhriyarın 90 illiyi, Mirvarid Dilbazinin 85 illiyi, Azərbaycanda dünyəvi peşəkar teatrın yaradılmasının 125 illiyi, Tofiq Bayramın büstünü və adını daşıyan istirahət parkının açılışı, Naxçıvanda Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışı, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi, Xan Şuşinskinin 100 illik yubileyi, Sankt-Peterburqda Nizami Gəncəvinin abidəsinin açılışı, Bəhruz Kəngərli muzeyinin açılışı və s. Şübhəsiz, bütün bunlar bu gün bizə çox sadə və adi bir iş kimi görünə bilər, lakin o dövrdə onlar gərgin əməyin nəticəsi olaraq reallaşmışdır.

Heydər Əliyev mədəniyyət və incəsənətimizin klassikləri ilə yanaşı, müasirlərimizin yubiley mərasimlərini, yaradıcılıq gecələrini keçirmək və belə tədbirlərdə bilavasitə, şəxsən iştirak etməklə, mədəniyyət xadimlərimizi Vətənin ən yüksək mükafatları ilə təltif etməklə, bir tərəfdən onların yaradıcılıqlarına, fəaliyyətlərinə yüksək qiymət verirdisə, digər tərəfdən mədəniyyətimizin təbliği üçün əvəzsiz xidmətlər göstərirdi. Zəngin mənəvi irsimizin qorunmasında, inkişafında, böyüməkdə olan nəsillərin milli-mədəni ənənələrimiz ruhunda tərbiyə olunmasında əvəzsiz rol oynayan əsaslı işlər bu gün mənəviyyat, mədəniyyət faktoru kimi xalqımızı öz soy-kökü ilə əbədi birləşdirib.

Heydər Əliyevi şəxsiyyət, dövlət xadimi və lider kimi dəyərləndirən aparıcı keyfiyyətlər sırasında millilik, milli köklərə bağlılıq daim öndə olub. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından kənarda qalsın. Musiqi, heykəltəraşlıq və rəssamlıq, teatr və kino, xalça sənətinin və digər sahələrin bugünkü inkişafında ulu öndərin dəyərli ideyalarının bəhrəsidir. Bununla, dahi rəhbər Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuşdur.

Ulu öndər sözün əsl mənasında, Azərbaycanın ən böyük sərvəti hesab olunan milli-mənəvi dəyərlərin və mədəniyyətimizin himayədarı idi. O, azərbaycançılığı milli ideya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın bir parçası hesab edirdi: "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Hər zaman vurğulayırdı ki, yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bitkin inkişaf konsepsiyası ola bilər. Heydər Əliyev nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbir və təmkinlə həyata keçirdi. "Mən fəxr edirəm ki, azərbaycanlıyam!", - deyən ümummilli lider bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu.

Beləliklə, xalqımızın öz milli dəyərlərinə getdikcə daha çox önəm verməsi, azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi, çoxmillətli ölkəmizin bütün sakinlərinin qarşılıqlı anlaşma, dialoq şəraitində birgəyaşayışı, dövlətimizin yüksək insani dəyərlərə, humanizm və tolerantlığa sadiqliyi qloballaşma prosesləri fonunda olduqca müsbət haldır. Heydər Əliyevin mədəniyyətimizin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunması yolunda gördüyü işlər bizlərə müasir qloballaşma prosesində milli-mənəvi dəyərlərimizi ön plana çəkməyi, öz milli kimliyimizi, dinimizi və adət-ənənələrimizi unutmamağı tövsiyə edir. Bu baxımdan Heydər Əliyevin Dünya azərbaycanlılarının I qurultayındakı nitqinin müstəsna əhəmiyyətini qeyd etməliyik. O, öz nitqində azərbaycançılıq ideyasının mahiyyətini, milli dövlətçilik ideyasının milli-mənəvi dəyərlərlə vəhdətini açıb göstərdi. O, böyük fəxr və iftixar hissi ilə bildirdi ki, bizim hamımızı birləşdirən məhz bu amildir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıqdır. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi dünya dəyərlərini (tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycan üçün bu ideologiya mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa mühüm bir körpüdür.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün "Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir". Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini qoruyub saxlamaq müstəsna əhəmiyyət kəsb edir ki, onu da azərbaycançılıq fəlsəfəsi təmin edir: "Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Biz müxtəlif dövrlərdə başqa-başqa dövlətlərin tərkibində yaşamışıq. Amma öz milli xüsusiyyətlərimizi itirməmişik. Nəyin hesabına? Onun hesabına ki, öz ana dilimizi, mədəniyyətimizi saxlaya bilmişik, ədəbiyyatımız inkişaf edib, milli ənənələrimiz qorunub saxlanılıbdır. Budur, hər bir xalqın milli identifikasiyasını şərtləndirən əsas məsələlər".

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin siyasi, sosial-mədəni və iqtisadi sahələrdə həyata keçirdiyi köklü islahatlar və əsaslı tədbirlər ölkəmizin bütün sahələrdə gündən-günə güclənməsinə, o cümlədən mədəniyyət və turizm sahələrində böyük uğurlar qazanılmasına münbit şərait yaratmışdır. Azərbaycan musiqisi dünyanı fəth edir, tamaşalarımız, filmlərimiz, kitablarımız, təsviri sənət nümunələrimiz nüfuzlu beynəlxalq festival və müsabiqələrdə uğurla nümayiş etdirilir, ölkənin turizm potensialı dünyaya tanıdılır, turizm sənayesinin infrastrukturu durmadan genişləndirilir, mədəniyyət müəssisələrinin maddi-texniki bazası gücləndirilir, müasir standartlara uyğun yeni-yeni mədəniyyət ocaqları tikilib istifadəyə verilir.

Bütün bunlar əsası ulu öndər tərəfindən qoyulmuş müasir Azərbaycan dövlətinin uğurlu inkişafının göstəricisidir. Bu nailiyyətlərə görə dahi rəhbəri hər zaman fəxarət hissi ilə anırıq. Millətimizin fəxri, ən böyük azərbaycanlı Heydər Əliyevin 90 illik yubileyinin təntənə ilə qeyd olunması xalq və rəhbər birliyinə, dahi vətən oğlunun həmişəyaşar əməllərinə, Azərbaycanın şərəfli dünəninə, bugünkü qaynar, işgüzar həyatına və daha parlaq gələcəyinə dərin ehtiram nümunəsidir.

 

 

Əbülfəs QARAYEV,

mədəniyyət və turizm naziri

 

Azərbaycan.-2013.- 1 may.- S.4.