Heydər Əliyevin dövlət
quruculuğu strategiyası və iqtisadi islahatlar
1993-cü ilin səksəkəli yayında ulu öndər Heydər Əliyevin Vətəni sevən hər bir azərbaycanlının ürəyində ümid çırağı yandıran "Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik" sözlərini bütün xalq bir çağırış kimi qəbul etdi.
Gücünü öz xalqından alan və eyni zamanda, həmvətənlərində ölkənin uğurlu gələcəyinə inam yaradan Heydər Əliyev bütün qüvvəsini Azərbaycanı ağır vəziyyətdən çıxarmağa və hərbi-siyasi sabitlik yaratmağa sərf edəcəyi barədə 1993-cü il avqustun 23-də Bakıda ümumrespublika müşavirəsində etdiyi çıxışın və onun real nəticələrinin müstəqil Azərbaycan Respublikası üçün əhəmiyyətini nəinki hər bir qeyrətli vətəndaşımız, dostlarımız qiymətləndirdi, hətta açıq və gizli düşmənlərimiz belə, bunu etiraf etməyə məcbur oldular.
Heydər Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini təşkil edən cəmiyyətin demokratikləşdirilməsi prinsipi artıq müstəqil Azərbaycan Respublikasını bütün dünyada tanıtmış və ölkəmizin dünya birliyində öz layiqli yerini tutması üçün möhkəm zəmin yaratmışdır.
Hələ 19 il öncə, 1994-cü il iyunun 21-də Prezident sarayında respublika iqtisadiyyatının və həyatının digər sahələrinin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində ulu öndər demişdi: "Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla, çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni, iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir".
Az bir müddət ərzində Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, qayda-qanunun daha etibarlı qorunması təmin edilməklə hərc-mərcliyə və özbaşınalığa son qoyuldu. Belə bir məqam xüsusi qeyd olunmalıdır ki, dövlət quruculuğu prosesində demokratik prinsiplərin yer alması nəinki ictimai-siyasi mühiti saflaşdırmış, eləcə də iqtisadi sabitliyi təmin edən köklü faktora çevrilmişdir.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının Heydər Əliyev tərəfindən düzgün seçildiyini artıq 1996-cı ildə müşahidə olunan iqtisadi sabitlik və 1997-ci ildən başlayan sosial-iqtisadi inkişaf xətti daha bariz şəkildə nümayiş etdirir.
Azərbaycanın sərbəst bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyat xəttini dəstəklədiyini dünyaya bəyan edən ulu öndərin böyüklüyü ondadır ki, o, həqiqi müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət və inkişafdan keçdiyini bilir və ölkənin məhz belə bir yolla irəliləməsini təqdir edirdi.
Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.
İqtisadi islahatların zəruriliyindən bəhs edən ulu öndər tarixi faktlara əsaslanmaqla qəti mövqeyini aşağıdakı fikri ilə əsaslandırırdı: "...sosializm quruluşunun ən yüksək bəhrələrini görmüşük. Onun verdiyi bəhrələri heç kəs, heç vaxt inkar edə bilməz. Xüsusən, bizim respublikamızda. Lakin o quruluş, iqtisadi sistem özünün son həddinə gəlib çatmışdı. Buna görə də onun sonrakı inkişafı mümkün olmadı, iqtisadiyyat, ümumiyyətlə, inkişaf dayandı və geriləmə prosesi başlandı. Təsadüfi deyildi ki, 1980-1985-ci illərdə yeni yollar axtarmağa başladılar. Bu da yeganə bir yola gətirib çıxardı: iqtisadi islahatlar aparmalı, bazar iqtisadiyyatı yolu ilə getməli, bazar iqtisadiyyatı prinsiplərini tətbiq etməli".
Heydər Əliyev idarəetmənin sosialist inzibati-amirlik sistemindən, sosialist iqtisadiyyatından bazar münasibətlərinə, inkişafın bazar qanunlarına, azad sahibkarlığa əsaslanan iqtisadiyyata keçirilməsinin nə demək olduğunu aydın dərk edirdi. Yəni, müstəqil dövlət kimi, Azərbaycan gələcəkdə də bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı iqtisadi və siyasi münasibətlər əsasında dünya birliyinin fəal iştirakçısına çevrilməyi nəzərdə tutaraq, öz müstəqilliyini daha da möhkəmləndirmək və inkişaf etdirmək yolu ilə getdi. Eyni zamanda, xarici investorların, dünya maliyyə institutlarının, transmilli korporasiyaların, xarici şirkətlərin imkanlarından istifadə edilməklə iqtisadiyyatı bazar prinsipləri zəminində yenidən quraraq, iqtisadi yüksəlişə böyük təkan vermək üçün məqsədyönlü tədbirlər həyata keçirildi.
Keçirdiyi
müşavirələrdən birində ulu öndər
bazar iqtisadiyyatının fəlsəfəsi barədə
demişdir: "Bazar iqtisadiyyatı nədir? Məsələn, indi deyirlər ki,
Azərbaycanda firmalar, assosiasiyalar, banklar, daha nə bilim nələr
var. Bəli, var. Amma bunların əksəriyyəti, təkrar
edirəm, əksəriyyəti Azərbaycanın
iqtisadiyyatına heç bir xeyir verməyibdir. Mən
bunu tam cəsarətlə deyirəm. Bunların
əksəriyyəti ayrı-ayrı adamların varlanmasına
gətirib çıxarmışdır. Əgər onların iqtisadiyyata xeyiri dəysəydi, bu müddətdə yeni-yeni
müəssisələr
tikilərdi. Bəlkə də bir neçəsi olub. Amma
bazar iqtisadiyyatı
yolu ilə son illərdə Azərbaycanda kapital qoyuluşu
olmayıb, olubsa da, təəssüf
ki, çox az miqdarda olub".
Heydər Əliyev hesab edirdi ki, müstəqil Azərbaycan
dövlətinin iqtisadiyyat sahəsində strateji xətti
bundan ibarətdir ki, bizdə mülkiyyət forması tədricən
dəyişdirilməli, iqtisadiyyatımız bazar
iqtisadiyyatı əsasında qurulmalı, təşəbbüs-karlığa
geniş meydan verilməlidir. Məhz bu,
iqtisadiyyatımızın strateji yoludur.
Ulu öndər həmişə nominal islahatların, yəni,
islahat xatirinə islahatların aparılmasının əleyhinə
olub. İslahatların keçirildiyi bir dövrdə
mövcud iqtisadi strukturların və inzibati-amirlik
metodlarının olduğu kimi saxlanması onun iqtisadi
baxışlar sistemində yolverilməz hesab edilirdi. Əksinə,
iqtisadi islahatlar həyata
keçirilərkən iqtisadi qanunların və dünya təcrübəsinin
əsas götürülməsini, islahatların sistemli,
kompleks aparılmasını və sosial yönümlü
olmasının zəruriliyini vurğulayırdı.
Məlumdur
ki, dünya iqtisadiyyatında bazar iqtisadiyyatına keçidin
2 əsas yolu mövcuddur: liberal-monetarist və sosial təmayüllü
modellər. Liberal-monetarist doktrinaya əsaslanan keçid
modelində xüsusi mülkiyyətin şəriksiz, mütləq
hökmranlığı, işgüzarlığın tam
azadlığı, keçid dövründə əhalinin minimal
sosial təminatı nəzərdə tutulur. İkinci
variant isə bazar mexanizmlərinə əsaslanan
qarışıq, səmərəli iqtisadiyyata keçilməsini
nəzərdə tutur. Dövlətin keçid
dövründə güclü tənzimləmə roluna
üstünlük verilir, mülkiyyət formaları -
xüsusi və dövlət mülkiyyəti formaları
bir-birini tamamlayır, onların hüquqlarının bərabərliyi qəbul
edilir. Dövlət əhalinin gəlirləri, məşğuliyyət,
səhiyyə, təhsil, mədəniyyət və
iqtisadiyyatın sosial müdafiəsi zəif olan digər sahələrində
güclü sosial təminat siyasətini yeridir.
Birinci
prezidentliyi dövründə Heydər Əliyevin konkret
situasiyaya və ölkənin iqtisadi
"landşaftına" hesablanmış iqtisadi
konsepsiyasına əsasən islahatların üç mərhələdə
həyata keçirilməsi daha məqsədəuyğun hesab
edilmişdi: birinci mərhələdə güclü dövlət
tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci
mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək,
üçüncü mərhələdə isə
iqtisadiyyatın dirçəlişinə və yüksək
xətlə inkişafına nail olmaq lazımdır.
Hər bir mərhələyə uyğun olaraq, həmin
illərdə məqsədli kompleks proqramlar işlənib
hazırlanmış, onların həyata keçirilmə
müddətləri müəyyən edilmişdi. Kompleks proqramların məqsədi
- minimum itkilərlə və sosial çaxnaşmalarsız
böhrandan çıxmaq, cari tədbirlərdən perspektiv
tədbirlərə adlamaq idi. Birinci mərhələni,
xalq üçün ağır olduğuna görə,
mümkün qədər sürətlə həyata
keçirmək nəzərdə tutulurdu. Bu dövrdə reallaşdırılan sosial təmayüllü
bazar iqtisadiyyatına keçid konsepsiyası dövlətin
optimal tənzimləmə roluna əsaslanırdı.
Avropa
dövlətlərinin iqtisadi tarixindən fərqli olaraq,
Şərqdə iqtisadi quruculuq siyasətində
dövlətin tənzimləyici roluna həmişə
üstünlük verilmişdir. Avropa dövlətlərindən
Fransa, İsveçrə və digər ölkələr
Şərq üsulunu mənimsəyərək qabaqcıl
iqtisadi sistem yarada bilmişlər. Heydər
Əliyev ərazi və sahələrarası baxımdan
balanslaşdırılmış iqtisadiyyatın
yaradılmasını hələ ötən əsrin 70-80-ci
illərində - milli iqtisadiyyatımızın əsaslarının
yaradılması dövründə olduğu kimi, ikinci hakimiyyəti
dövründə də mühüm saymışdır.
Onun fikrincə, vacib məsələlərdən biri nəyi prioritet
hesab etməyimizdən, nələrə üstünlük
verməyimizdən ibarət idi. Bu gün iqtisadiyyatın
bütün sahələrinə dövlət himayəsi əslində,
mümkün deyil və bu, heç məqsədəuyğun
da sayılmır. Dövlət müxtəlif mülkiyyət
və təsərrüfat formalarına bərabər rəqabət
mühiti
formalaşdırmaqla yanaşı, respublikanın cari vəziyyəti
və perspektivi üçün son dərəcə əhəmiyyətli
olan iqtisadiyyatın üstün sahələrini müəyyənləşdirməli və onları himayə etməlidir. O, haqlı
olaraq bu fikirdə idi ki, üstün sahələrin
düzgün müəyyən edilməsindən Azərbaycanın
dövlətçiliyi, iqtisadi müstəqilliyi, suverenliyi
çox asılıdır.
Ulu
öndərin iqtisadi siyasət proqramında neft amilinin
aparıcı rolu
təmin olunmaqla, digər təbii ehtiyatlardan
səmərəli istifadə edilməsi bir daha göstərdi ki, ölkənin inkişafı
üçün sistemli bir proqram
mövcuddur. Buna görə
ikinci sistemli addım - neftlə birlikdə ölkənin digər təbii ehtiyatlarının iqtisadi inkişafa xidməti
strategiyası həyata
keçirildi: ölkənin qızıl, mis və
gümüş ehtiyatlarının
xarici investorlarla birlikdə istismarı
haqqında qərar verildi. Beləliklə, makroiqtisadi sabitliyin
dayanıqlığı üçün neftdən
başqa, ölkənin digər
qiymətli təbii sərvətlərindən səmərəli istifadə olunması zərurəti
yarandı.
Qeyd edək
ki, iqtisadi
inkişafın bu amillərinin Azərbaycanda
çoxdan mövcud
olmasına baxmayaraq, bəzi obyektiv və subyektiv səbəblərə
görə onlardan iqtisadi
inkişaf üçün maksimum istifadə edilməsinə
müəyyən məhdudiyyətlər
qoyulurdu. Bu amillərdən düzgün bəhrələnib
ölkə iqtisadiyyatının inkişafına təkan verəcək
şəxsiyyət yox idi. Siyasi aləmə Heydər Əliyevin
gəlişi isə bu
problemin həlli üçün böyük imkanlar açdı.
Azərbaycanda
aparılan
investisiya siyasəti
spesifik xüsusiyyətlərə
malikdir. Bunun mahiyyəti ondan
ibarətdir ki, xarici
investisiyaların cəlb
olunmasında səmərəli
iqtisadi mühitin
yaradılmasından başqa,
həm də Heydər Əliyevin dünya
şöhrətinin
yüksək rolu
olmuşdur. Belə yanaşma investisiyaların təkanverici qüvvəsini artırmaqla onlardan iqtisadi səmərənin əldə olunması müddətini
yaxınlaşdırmışdır.
Beləliklə,
Heydər Əliyev
islahatları dünya təcrübəsində müşahidə etdiyimiz
bütün proqramlardan əsas
bir əlaməti ilə fərqlənir: onun islahatlar
keçirdiyi ölkə
dörd bir tərəfdən
blokada, müharibə və sosial sarsıntılar (qaçqınlar
problemi) içərisində
olmasına baxmayaraq, Azərbaycanı 1993-cü ildən
1997-ci ilin iqtisadi artımına ardıcıl siyasi və iqtisadi addımlar həyata keçirməklə
gətirmişdir.
Belə
ki, 1993-cü ildə ölkədə sosial-siyasi vəziyyətin
ağır olmasına baxmayaraq,
ölkə Prezidenti tərəfindən
nəticəsi sonralar bilinəcək
tədbirlər görülməyə başlandı. Həmin il iqtisadiyyata investisiya
qoyuluşunun azalma sürətində
dəyişikliklər yarandı.
Tənəzzülün
sürətini aşağı salmaq
üçün Heydər Əliyev böyük səy göstərmiş və nəticədə ölkə
iqtisadiyyatına 1994-cü ildə
əvvəlki ildəkinə nisbətən 1,89 dəfə
çox investisiya cəlb
edilmişdi ki, bunun da 48 faizi
xarici investisiyalar
olmuşdur.
İqtisadi
islahatların son nəticədə nəyə xidmət etməsi
məsələsi barədə Heydər Əliyevin
çoxsaylı dərin fikirlərini ümumiləşdirərkən belə bir qənaətə gəlmək olar ki, islahatların nəticələri özünü daha çox respublikanın mövcud iri istehsal müəssisələrində zəruri
struktur-profil dəyişiklikləri aparılmasında,
daxili bazarın ən zəruri məhsullarla doldurulmasında və ixracat potensialının artırılmasına xidmət edən
yeni istehsalatların yaradılmasında, müəssisələrin modernləşdirilməsində və
yenidən qurulmasında büruzə verməlidir.
Heydər
Əliyevin iqtisadi
baxışlarında
struktur siyasətinin aşağıdakı istiqamətlərdə həyata
keçirilməsi nəzərdə tutulurdu:
- maddi və
maliyyə ehtiyatlarının yığılması və
yenidən bölgüsü ilə "inzibati" və
"bazar" üsulları arasında dəqiq hədlərin,
şərtlərin qoyulması;
- ölkənin strateji mənafelərini nəzərə
almaqla ixrac-idxal əməliyyatlarının tənzimlənməsi;
- xarici investisiyaların struktur islahatlarında səmərəli fəaliyyətinin təmin
olunması.
Azərbaycan iqtisadiyyatının son 20 illik inkişaf
tarixi bariz şəkildə göstərir ki, Heydər Əliyev
məntiqindəki "müstəqillik - iqtisadiyyat"
dialektikası öz dərinliyi, yeniliyi və konkretliyi ilə
həmişə aktual olmuş və ölkənin müasir
inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli
kimi çıxış etmişdir.
Ümumiyyətlə,
Heydər Əliyevin iqtisadi
baxışlarında bir-birini tamamlayan iki məqam nəzərə
çarpır: 1) iqtisadiyyatın bütün sahələrində
islahatlar aparmaq və bu islahatlar vasitəsilə ölkə
iqtisadiyyatını inkişaf
etdirmək; 2) mövcud iqtisadi
potensialdan istifadənin səmərəsini təxirə salmadan yüksəltmək,
onun dağılmasına yol verməmək
və bu potensialın bütün Azərbaycan xalqının
sərvəti kimi respublikamızın vətəndaşlarının,
əhalinin bütün təbəqələrinin həyat tərzinin
yaxşılaşdırılmasına yönəltmək.
Belə
ki, müstəqillik
şəraitində, heç kimə ümid olmadan
iqtisadiyyatımızı düzgün inkişaf etdirməyi,
öz sərvətlərimizdən səmərəli istifadə
etməklə dövlətçiliyimizi möhkəmləndirməyi,
özü də təkcə siyasi-mənəvi deyil, həm də maddi nəticələr əldə
etməklə insanların həyat səviyyəsini
yaxşılaşdırmağı əsas şərt sayan
Heydər Əliyev deyirdi: "Müstəqillik ona görədir
ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizin
sahibi olaq və bu sərvətlərdən istifadə edərək
xalqımız daha yaxşı yaşasın".
Azərbaycanın
müstəqil dövlət kimi yaşaması və inkişaf
etməsi üçün respublikanın iqtisadi potensialı əsas
şərt sayılsa da (hətta Sovetlər
İttifaqının dağılması prosesi zamanı
dövrün böyük
iqtisadçıları dəfələrlə belə
fikir söyləyirdilər ki, Sovetlər İttifaqına mənsub
olan yalnız Rusiya və Azərbaycan iqtisadi cəhətdən
müstəqil yaşamaq imkanına malikdir), bu potensialdan səmərəli
istifadənin çox mühüm əhəmiyyət kəsb
etdiyi, bunun isə öz növbəsində, ancaq çox
düşünülmüş, cəsarətli islahatlar yolu
ilə reallaşdırılma
imkanı ölkə başçısı tərəfindən
dəfələrlə vurğulanmışdır.
Onu da
xüsusi olaraq qeyd etmək lazımdır ki, müasir şəraitdə
dövlət müstəqilliyimiz üçün həyati əhəmiyyət kəsb
edən mövcud iqtisadi potensialımızın böyük
hissəsi Heydər Əliyevin Azərbaycana birinci dəfə
rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində
yaradılmışdır.
Mövcud
iqtisadi potensialdan səmərəli istifadə etmək
üçün hər gün,
hər ay, hər rüb və hər il yorulmadan
çalışmağı tövsiyə edən Heydər Əliyev
bunu iqtisadiyyatın inkişafı, adamların işlə təmin
edilməsi və nəticədə maliyyə vəziyyətimizin
yaxşılaşdırılması, vətəndaşlarımızın
həyat səviyyəsinin yüksəldilməsi və
bütövlükdə, iqtisadi böhrandan
çıxış üçün əsas kimi qiymətləndirirdi.
İslahatlar
aparılarkən xarici ölkələrin
təcrübəsindən yaradıcılıqla bəhrələnməyi
daim tövsiyə etməklə yanaşı, həmin işdə
kor-koranə ehkamçılığa və tələskənliyə
qarşı çıxan Heydər Əliyev dəfələrlə
qeyd etmişdir ki, "bu iş Azərbaycan
Respublikasının iqtisadiyyatına, ənənələrinə
uyğun olaraq təşkil edilməlidir" və "yerli
şərait, milli xüsusiyyətlər, milli ənənələr
nəzərə alınmaqla" həyata keçirilməlidir.
Keçid
dövrünün Azərbaycan üçün xarakterik xüsusiyyətləri nəzərə alınmaqla iqtisadi
islahatların aparılması onun
müvəffəqiyyətini təmin etmişdir və
burada Heydər Əliyev
dühasının əvəzolunmaz rolu vardır. Belə
ki, ilk növbədə, onun fövqəladə zəhməti sayəsində
bağlanan neft sazişləri iqtisadiyyatın bütün sahələrinin dirçəlməsində
əhəmiyyətli rol
oynadı.
Respublikamızda
iqtisadi islahatlar ardıcıl surətdə həyata keçirilməklə
öz müsbət nəticələrini verdi. İslahatların
hüquqi bazasını təşkil edən "Müəssisələr
haqqında", "Səhmdar cəmiyyəti
haqqında", "Torpaq islahatı haqqında",
"Sovxoz və kolxozların islahatı haqqında",
"Banklar və bank fəaliyyəti haqqında",
"Müflisləşmə və iflas haqqında" və
bir sıra digər qanunlar qəbul edilmiş, vergi
qanunvericiliyinin beynəlxalq təcrübəyə
uyğunlaşdırılması istiqamətində
mühüm dəyişikliklər edilmiş, "Azərbaycan
Respublikasında 1995-1998-ci illərdə dövlət
mülkiyyətinin özəlləşdirilməsinin Dövlət
Proqramı" təsdiq olunmuşdu.
Heydər
Əliyevin birbaşa göstərişi ilə müvafiq
dövlət orqanları tərəfindən təcili olaraq
hökumətin iqtisadi proqramı işlənib
hazırlanmış və həyata keçirilməyə başlanmışdı.
1995-1996-cı illər
ərzində
makroiqtisadi sabitliyin təmin
olunması və iqtisadiyyatda struktur dəyişikliklərinin aparılması tədbirlərini nəzərdə
tutan iki hökumət
proqramı müvəffəqiyyətlə həyata keçirilmişdir.
Çox
böyük əhəmiyyəti olan beynəlxalq kontraktların bağlanması, dünya ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi, Azərbaycana
investisiya axınının güclənməsi, iqtisadi
inteqrasiyanın dərinləşməsi və s. məhz Heydər Əliyevin
müdrik daxili və xarici siyasətinin
məntiqi nəticəsi kimi mümkün olmuşdur.
Bütün bunlar Azərbaycanın sabahına inam
yaratmış, respublikamızın ümdə problemlərinin həllinə, əhalinin
rifahının yüksələcəyinə
böyük ümidlər doğurmuş, xalqın iqtisadi fəallığının
artmasına təsir etmişdir.
Dünya
təcrübəsi göstərir ki, islahatların müvəffəqiyyəti
düşünülmüş, əsaslandırılmış
strategiya və taktikadan başqa, bir çox sosial-siyasi və ideoloji amillərdən
də asılıdır. Azərbaycandakı iqtisadi və
siyasi durum, müxtəlif siyasi qüvvələr
arasındakı ziddiyyətlər nəzərə
alınmaqla islahatların müvəffəqiyyətlə həyata
keçirilməsini aşağıdakı şərtlər
mümkün etmişdir:
- sosial-iqtisadi proseslərin
dağılmış idarəolunma
mexanizmlərinin təkmilləşdirilmiş
formada bərpası;
- mərkəzi idarəetmə aparatı ilə ərazi
bölgələri arasındakı
fəaliyyət mexanizminin təkmilləşdirilməsi;
- islahatların sosial bazasının genişləndirilməsi və onun tərəfdarlarının kütləviliyinin
təmin olunması.
Qeyd edilənlərə yekun vuraraq belə bir nəticəyə
gəlmək olar ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi
ilə ümummilli liderin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra müstəqil Azərbaycanın
iqtisadi tərəqqisinin dayaq sütunlarını müəyyən
edən milli inkişaf doktrinası hazırlandı. Heydər Əliyev
ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini
dərinliklərinə qədər məharətlə tədqiq
edərək, fundamental iqtisadi model hazırladı. Bu model çoxistiqamətli və uzunmüddətli
dinamik inkişafın sütunlarını təşkil edən
zəngin bir konsepsiya idi. Bu mükəmməl inkişaf
konsepsiyasının həyata keçirilməsi dövlət
suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət
quruculuğu və azad bazar münasibətlərinə əsaslanan
milli iqtisadiyyatın formalaşdırılmasına, yeni
iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat
sisteminin yaradılmasına və
sıçrayışlı inkişafın təmin
olunmasına, kompleks islahatların reallaşmasına möhkəm əsas
yaratdı.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən
müəyyən edilmiş demokratik, dünyəvi
dövlət quruculuğu və sosial yönümlü bazar
prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasəti
artıq on ilə yaxındır ki,
möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi
altında uğurla davam
etdirilir. Bu siyasət Azərbaycanın
bölgədə iqtisadi cəhətdən lider dövlətə çevrilməsi və dünya iqtisadi sisteminə
uğurla inteqrasiya etməsi,
ölkədə sosial problemlərin
həlli və əhalinin
həyat səviyyəsinin
yaxşılaşdırılması, yoxsulluğun sürətlə
azaldılması, işsizlik
problemlərinin həlli və infrastrukturun yenidən
qurulması istiqamətində
mühüm dövlət proqramlarının
ardıcıl həyata keçirilməsi üçün
möhkəm təməl yaratmışdır. 2003-cü ildən
bəri ümumi daxili məhsul 3 dəfə, qeyri-neft sektorunda
ümumi daxili məhsul isə 2,4 dəfə
artmışdır. Son 9 ildə Azərbaycanın strateji
valyuta ehtiyatları 28,8 dəfə artaraq,
46 milyard dolları ötmüşdür. Yoxsulluğun səviyyəsi
44,7 faizdən 6 faizə, işsizlik isə
5,2 faizə qədər azalmışdır. 2003-2012-ci illərdə
Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard
dollarını daxili investisiyalar təşkil etmiş və
xarici ticarət dövriyyəsi 6,4 dəfə
artmışdır. "Qlobal Rəqabətlilik
Hesabatı"nda ölkəmiz 144 ölkə arasında
46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd
ildir ki, birinci yerdədir.
Ulu
öndərin əsasını qoyduğu inkişaf
strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin
səyi ilə
tarixən qısa müddət ərzində Azərbaycanın
keçid iqtisadiyyatını arxada qoymasına nail
olunmuşdur. Ölkədə həyata keçirilən
mükəmməl islahatlar konsepsiyasının müəllifi
kimi Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan
modelini yaratmışdır. Bu, ölkəmizin
ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın
iqtisadi tərəqqisinə, dünya birliyində köklü
mövqeyinin möhkəmlənməsinə, inkişaf
etmiş güclü dövlətlər sırasında yer
almasına xidmət edir.
Bu gün ölkəmizin tərəqqisinin əsasında
ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Azərbaycanın
indiki zənginliyi, intibahı Heydər Əliyev
ideyalarının öz real təsdiqini tapması sayəsində
mümkün olmuşdur. Bu gün ölkə əhalisinin
sosial rifahının yaxşılaşdırılması,
yeni iş yerlərinin getdikcə artması və
yoxsulluğun əhəmiyyətli dərəcədə
azaldılması dövlət başçısı İlham
Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir.
Yürüdülən uğurlu, qətiyyətli
siyasət, həyata keçirilən makroiqtisadi layihələr
Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən
xəbər verir. Ayrı-ayrı dövlət
proqramlarında nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsi Azərbaycanın sosial-iqtisadi
inkişafında vacib mərhələ olmaqla, ölkənin
iqtisadi inkişafında və əhalinin rifah halının
yaxşılaşdırılmasında getdikcə
mühüm rol oynayır.
Vahid NOVRUZOV,
Azərbaycan Respublikası Auditorlar
Palatasının sədri,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.-2013.-
1 may.- S.5.