Ulu öndərin xatirəsi NDU-da qeyd olundu

 

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Heydər Əliyevin dövlətçilik idealları və müasir dövr" mövzusunda elmi konfrans keçirildi. Konfransı giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurucusu kimi xalqın qarşısındakı əvəzsiz xidmətlərindən danışdı.

O qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncamına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən 2013-cü ilin Naxçıvanda "Heydər Əliyev ili" elan olunması ilə bağlı universitetdə də müxtəlif tədbirlər keçirilməkdədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən sabit ölkəsinə çevrilmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmış, iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olmuşdur.

Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru Zəhmət Şahverdiyev "Heydər Əliyevin inkişaf strategiyası və müasir dövr", Azərbaycan Dövlət Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Adil Babayev "Heydər Əliyevin dövlətçilik təlimində Azərbaycan dili siyasəti", AMEA Folklor İnstitutu Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyev "Heydər Əliyev dilinin poetikası", AMEA Naxçıvan Bölməsi, Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərov "Heydər Əliyevin elmi-nəzəri irsi əbədiyaşar təlimdir", Naxçıvan Dövlət Universitetinin memarlıq ixtisası üzrə IV kurs tələbəsi, əslən Nigeriyadan olan tələbə Antoni Mokvunye "Heydər Əliyev böyük tarixi şəxsiyyətdir" mövzularında məruzələr etdilər.

Sonra ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş konsert proqramı başlandı. Universitetin incəsənət fakültəsinin xalq çalğı alətləri orkestrinin müşayiəti ilə incəsənət fakültəsinin III kurs tələbəsi Hüseyn Hüseynov "Əziz ata", Azərbaycan Respublikasının əməkdar artisti, universitetin müəllimi Gülyanaq Fərzəliyeva "Ana", incəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Mübariz Əsgərov "Məşəl kimi yanan ürək", xor isə E.Mansurovun "Sabaha İlhamla" mahnılarını ifa etdilər.

Elmi konfrans "Heydər Əliyev və milli ideologiyanın formalaşması", "Heydər Əliyev və Azərbaycan tarixi problemləri", "Heydər Əliyev və Azərbaycanın sosial- iqtisadi inkişafı", "Ümummilli liderin irsində milli dil və ədəbiyyat məsələləri" mövzularında bölmə iclasları ilə öz işini davam etdirəcək.

 

 

Mina QASIMOVA

 

Azərbaycan.-2013.- 1 may.- S.6.