Milli Aviasiya Akademiyasına və «Azərbaycan Hava Yolları» QSC-yə İATA-nın
sertifikatı təqdim olunmuşdur
Milli
Aviasiya Akademiyasına və "Azərbaycan Hava
Yolları" Qapalı Səhmdar Cəmiyyətinə
(QSC) Beynəlxalq Hava Nəqliyyatı
Assosiasiyasının (İATA) sertifikatı təqdim
olunmuşdur.
AzərTAc xəbər verir ki, aprelin 30-da Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbirdə İATA-nın baş direktoru və baş icraçı direktoru Toni Tayler, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov, eləcə də bir sıra dövlət və hökumət nümayəndələri iştirak etmişlər.
Cənubi Qafqaz ölkələri arasında ilk dəfə olaraq ölkəmizə təşrif buyuran İATA-nın baş direktoru və baş icraçı direktoru T.Taylerin bu səfərinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsinə təsadüf etdiyini deyən "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Arif Məmmədov, ulu öndərin milli aviasiyamızın inkişafındakı xidmətlərindən bəhs etmişdir.
İATA ilə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası arasında anlaşma memorandumunun imzalandığını vurğulayan A.Məmmədov bunun qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirmişdir.
İATA barədə məlumat verən vitse-prezident diqqətə çatdırmışdır ki, bu qurum 1945-ci ildən - Çikaqo Konvensiyası qəbul olunandan bir il sonra yaradılmışdır. Bu gün artıq 115 ölkədən 240 ən iri aviaşirkət İATA-nın üzvüdür. İATA-nın əsas fəaliyyət istiqamətlərini uçuşların təhlükəsizliyi, normativ tələblərin, beynəlxalq rüsumların təyin olunması və treninqlərin keçirilməsi təşkil edir. Assosiasiyanın dünya üzrə 10 institutu vardır və bu təhsil ocaqlarında hər il minlərlə aviasiya mütəxəssisi yetişir. Biz fəxr edirik ki, Azərbaycanın Milli Aviasiya Akademiyası da 1998-ci ildən bu institutların sırasına qoşulmuşdur. Ötən il isə Milli Aviasiya Akademiyasına "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması" üzrə İATA-nın regional tədris mərkəzi statusu verilmişdir. Bu status Milli Aviasiya Akademiyasına təhlükəli yüklərin daşınması üzrə kurslar keçirərək İATA adından sertifikat təqdim etmək hüququ verir. Bu gün yeni sertifikatların da verilməsinin şahidi olacağıq.
Sonra İATA-nın baş direktoru və
baş icraçı direktoru T.Tayler qurumun apardığı
tədqiqatlar əsasında hazırlanan "Azərbaycan
mülki aviasiyasının ölkə iqtisadiyyatının
inkişafında rolu" adlı məruzə ilə
çıxış etmişdir.
İATA-nın
fəaliyyət dairəsinin hazırda ümumi hava nəqliyyatının
84 faizini əhatə etdiyini deyən T.Tayler bu sənayenin
inkişaf edən iqtisadiyyat üçün olduqca önəmli
olduğunu demişdir. Natiq diqqətə
çatdırmışdır ki, Azərbaycan aviasiyası
ümumi daxili məhsulun 1,8 faizini əhatə edir. Eyni zamanda,
bu sahədə işçi qüvvəsinin göstəricisi
1,5 faizdir. Bu isə 28 min azərbaycanlının iş yeri ilə
təmin olunması deməkdir. Bu da özlüyündə əhəmiyyətli
göstəricidir. Azərbaycan aviasiyası, turizm də daxil
olmaqla, 395 milyon manat həcmində biznesə və 66 min
iş yerinə malikdir.
Bildirilmişdir
ki, bu tədbirin Azərbaycan mülki aviasiyasının 75
illiyində keçirilməsi xüsusi əhəmiyyətə
malikdir. Azərbaycan hökuməti aviasiyanın uğurlu
inkişaf etdirilməsinə mühüm əhəmiyyət
verir. Bunu xüsusilə nəzərəçarpan aeroport
infrastrukturunun olması ilə müşahidə etmək olar.
Son illərdə Bakı, Naxçıvan aeroportları tamamilə
yenidən qurulmuş və müasirləşdirilmişdir.
Bundan başqa, ölkə daxilində hava əlaqəsini təmin
etmək üçün Gəncə, Zaqatala, Lənkəran
və Qəbələdə yeni aeroportlar istifadəyə
verilmişdir.
Ölkəmizdə aviasiyanın normativ tələbləri üçün tövsiyələrini verən T.Tayler Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə anlaşma memorandumunun imzalanmasından məmnunluğunu bildirərək demişdir ki, bu səfərin ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsinə təsadüf etməsi və bu cür tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir.
Sonra T.Tayler həm Azərbaycan, həm də xarici aviasiya mütəxəssisləri üçün təhlükəli yüklərin daşınması üzrə kursların təşkili ilə əlaqədar sertifikatı Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə, hava nəqliyyatında ekipajların təhlükəsizliyi üzrə sertifikatı isə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərova təqdim etmişdir.
Sonda
İATA-nın baş direktoru və baş icraçı
direktoru T.Taylerə xatirə hədiyyələri
verilmişdir.
Azərbaycan.-2013.- 1 may.- S.7.