Görkəmli alim, fəal ictimai xadim, qayğıkeş ana

 

Səbail rayonunda Zərifə xanım Əliyevanın 90 illiyi münasibətilə rəsm sərgisinin açılışı olub

 

 Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi paytaxtın Səbail rayonunda geniş şəkildə qeyd olunur. Əlamətdar yubileylə bağlı RİH-nin tədbirlər planı çərçivəsində rayonun elm, təhsil və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib, sərgi və müxtəlif aksiyalar təşkil olunub.

Yubiley tədbirləri çərçivəsində Səttar Bəhlulzadə adına sərgi salonunda Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə görkəmli elm xadiminin əziz xatirəsinə həsr olunmuş Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət sərginin açılış mərasimi keçirilib. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin və Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, tanınmış elm, mədəniyyət, incəsənət  xadimləri iştirak ediblər. 

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov görkəmli alim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana idi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görkəmli tibb mütəxəssisi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətindən, alimin 90 illik yubileyinə həsr olunan tədbirin əhəmiyyətindən, Zərifə xanımın əziz xatirəsinə həsr olunan sərginin təşkilində əməyi olanların işindən danışaraq nümayiş etdirilən rəsm əsərlərini yüksək qiymətləndirib.

Sərgidə nümayiş etdirilən əsərlərlə tanışlıq olub. Mərasim  iştirakçıları  Azərbaycanın görkəmli rəssamlarından olan Ömər Eldarovun müəllifi olduğu "Zərifə xanım Əliyevanın abidəsi"nin foto portreti, Oqtay Sadıxzadənin "Zərifə xanım Əliyevanın portreti", "Azərbaycanlı qadının portreti", Altay Sadıxzadənin "Mehriban xanımın portreti" və "Nərgiz xanımın portreti", həmçinin xalq rəssamları Toğrul Nərimanbəyovun, Mikayıl Abdullayevin, Tahir Salahovun, Maral Rəhmanzadənin, Böyükağa Mirzəzadənin, Sakit Məmmədovun, Xalidə Səfərovanın və ümumilikdə 19 rəssamın əsərlərinə tamaşa ediblər. Tanınmış rəssamlarla yanaşı gənc rəssam Nərgiz Quliyevanın əlamətdar yubileylə bağlı Zərifə xanım Əliyevanın muncuqdan hazırladığı portreti xüsusi maraqla qarşılanıb.

 

 

R.BAXŞƏLIYEV

 

Azərbaycan.-2013.- 1 may.- S.8.